Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Danimarkada niqab qadağası qüvvəyə minir


Danimarka parlamentində niqablı qadınların etirazı, 31 may, 2018-ci il
Danimarka parlamentində niqablı qadınların etirazı, 31 may, 2018-ci il

Bu gündən - avqustun 1-dən Danimarkada üz örtüklərinə – niqab və burqaya qadağa qüvvəyə minir. Qadağanın tərəfdarları və opponentləri etiraz aksiyaları planlaşdırırlar.

Hakim Venstre liberal partiyasından Marcus Knuth deyib ki, bəzi mühafizəkar müsəlman qadınların geyimi “çox sıxıcıdır”.

“NİQAB İNTEQRASİYAYA MANE OLMUR”

“Üsyançılar Partiyası” adlı qrupdan Sasha Andersen isə bu gün – avqustun 1-də azlıqda olan bir qrupa münasibətdə “ayrıseçkilik yaradan” addıma qarşı nümayiş planlaşdırır.

“The Associated Press” agentliyi yazır ki, qadağanı dəstəkləyənlər də ayrıca yürüş keçirəcəklər.

Burqa qadağası, infoqrafika
Burqa qadağası, infoqrafika

“Reuters” agentliyinin müsahibə aldığı niqablı qadınlar hüquqlarını müdafiə edəcəklərini deyiblər.

“Hamı Danimarkanın dəyərlərinin müəyyənləşdirilməsində iştirak etmək istəyir… Məncə, niqab bu dəyərlərə inteqrasiyaya mane olmur”, – 20 yaşlı Məryəm söyləyib. O, Danimarkada türk ailəsində doğulub.

Məryəm niqabını geyinəcəyini, qadağaya etiraz edəcəyini vurğulayıb.

Deputatlar qanunu mayda təsdiqləyiblər. Layihəni sağ mərkəzçi hakim koalisiya təqdim etmişdi. Koalisiya son illər sığınacaq və immiqrasiya qanunlarının sərtləşdirilməsi ilə ad çıxarıb.

ÜZÜ NƏ VAXT ÖRTMƏK OLAR

Danimarkanın 2016-cı ildə qəbul etdiyi qanun isə ölkəyə sığınacaq dalınca gələnlərdən dəyərli bər-bəzək əşyalarını təhvil verməyi tələb edirdi. Bu əşyaların onların ölkədə qalmasına xərclənəcəyi bildirilirdi.

Qətərdə niqablı qadın
Qətərdə niqablı qadın

Avropanın digər ölkələrində də oxşar qadağalar var. Ancaq bu qadağaların konkret dinə yönəlmədiyi bildirilir. Yəni, hicab, turban, ənənəvi yəhudi araqçını yasaqlanmır.

“Burqa qadağası” isə məhz niqab və burqaya qarşı yönəlib. Danimarkada bəzi müsəlman qadınlar üzlərini tamamilə bağlayırlar.

Qanuna görə, adamlar “anlaşılan səbəblər”dən üzlərini örtə bilərlər, məsələn, soyuq havaya görə. Yaxud Danimarkanın nəqliyyat qaydaları motosiklet sürənlərin dəbilqə taxmasını tələb edir.

Burqa qadağasını ilk dəfə pozanlar 157 dollar cərimə ödəməlidirlər. Dəfələrlə pozuntu cərimənin 10 dəfə artması, yaxud altı aylıq həbslə sonuclana bilər.

Güc, yaxud təhdidlə kimisə üzünə örtməyə məcbur etməyə görə də cərimə, yaxud iki ilədək həbs nəzərdə tutulub.

Avstriya, Fransa və Belçikada oxşar qanunlar var.

XS
SM
MD
LG