Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:12

Konqresdəki yaşlılar ‘nə danışdıqlarını bilmirlər’


Mark Zuckerberg Senatda dinləmədə, 10 aprel, 2018-ci il
Mark Zuckerberg Senatda dinləmədə, 10 aprel, 2018-ci il

15-34 yaşlı amerikalıların çoxu düşünür ki, Konqresə seçkilər onların nəslinə hökumət idarəçiliyində söz sahibi olmaq imkanı verir. Bu yaş qrupunda olanların 79 faizinin fikrincə, onların liderləri ölkəni daha yaxşı idarə edərdi. Bunu Associated Press – NORC İctimai İşlər üzrə Araşdırmalar Mərkəzi və MTV-nin birgə keçirdiyi sorğu üzə çıxarıb.

Sorğuya görə, gənclər səhiyyə və immiqrasiya siyasəti kimi məsələlərdə onların siyasi baxışlarını bölüşənlərə səs verməyə meyllidirlər. Gənclər uzun müddətdir siyasətdə olan namizədə səs verməyə elə də həvəsli görünməyiblər.

“SARSAQ SUALLAR VERİRDİLƏR”

“Bu Konqresdə əyləşən yaşlılar internet nədir, bilmirlər, nə danışdıqlarını bilmirlər”, – Ohayo ştatından olan 29 yaşlı Greg Davis deyib. O, bu yaz Facebook-un qurucusu Mark Zuckerberg-in Senatda gizlilik məsələləri üzrə dindirilməsini qeyzlə izlədiyini söyləyib.

“Ona təhlükəsizlik və gizlilik barədə verilən suallar sarsaq idi. Bizə texnologiyadan başı çıxan liderlər lazımdır”, – o, sözlərinə əlavə edib.

Prezident Donald Trump media təmsilçiləri ilə söhbət edir, 17 iyul, 2018-ci il
Prezident Donald Trump media təmsilçiləri ilə söhbət edir, 17 iyul, 2018-ci il

İndiki Konqres ABŞ tarixində ən qocaman sayılır. 2017-ci ilin yanvarında 115-ci Konqres işinə başlayanda Nümayəndələr Palatası üzvlərinin orta yaşı 58-ə yaxın idi. Senatorların orta yaşı isə 62-dir, bunu Konqresin Araşdırma Xidməti bildirir.

Bu il siyasi dəyişiklik havasıdır. Konqresə rekord sayda qadın namizəd seçilmək istəyir. İnternetin olmadığı dövrü xatırlamayan gənc amerikalılar səsverməyə gedir. Onların bəziləri 2016-cı ildən siyasəti izləyir, məhz onda Donald Trump demokratların namizədi Hillary Clinton-u məyus edərək prezident seçildi, ABŞ-da siyasi gərginlik artdı.

Sorğuya qatılmış gənclərin üçdə ikisi deyib ki, onlara, onların nəslinə təsirini göstərən məsələlərlə maraqlanan namizədə səs verməyə can atırlar. Bunlar iqtisadiyyat, silah siyasəti, bərabər hüquqlar, immiqrasiya və səhiyyədir.

Çoxu daha gənc, ağdərili olmayan, qadın namizədə səs vermək istədiyini dilə gətirsə də, bu xüsusiyyətlər heç də siyasi baxışlarını bölüşən namizədi dəstəkləmək istəyini üstələmir. Rəyi soruşulanların yarıdan azı çoxdan siyasətdə olan namizədə dəstəyini bildirib.

Hillary Clinton
Hillary Clinton

QAZANAN DEMOKRATLAR OLACAQ

Sorğunu keçirənlər qeyd edirlər ki, daha çox gənc seçkiyə gedərsə, bundan faydalanan demokratlar olacaqlar. Gənclərin çoxunun demokratlar olduğu üzə çıxıb, üstəlik, gənc demokratlar (40 faiz) gənc respublikaçılardan daha çox (27 faiz) səsverməyə gedəcəyini bildirib.

Demokratların təxminən üçdə ikisi seçki xəbərləri ilə tez-tez, yaxud hərdənbir maraqlandığını bildirib. Respublikaçılardan daha artıq demokrat Konqres seçkisinin onu maraqlandırdığını söyləyib. Demokratların çoxu bu marağın 2016-cı il prezident seçkisindən sonra yarandığını qeyd edib: 54 faizin deməsinə görə, seçkinin nəticəsi onların 2018-ci ildə Konqres seçkisinə marağını gücləndirib.

Keçmişdə elə də çox səsverməyə getməmişəm, ancaq bu il fikir verirəm”, – Hyustondan 26 yaşlı sürücü Tyler Seulean deyib. O, sola meylləndiyini, 2016-cı ildə səs vermədiyini, ancaq Trump administrasiyasına bağlı immiqrasiya və digər məsələləri izlədiyini söyləyib.

“Yaşlanıram, indi bu, məndən ötrü daha vacibdir”, – sürücü bildirib.

Di gəl, bu qrup siyasi mühit sarıdan elə də nikbin deyil. Hər 10 gənc amerikalıdan 7-si düşünür ki, son bir ayda ölkədə siyasət yaxşı işləməyib, çoxunun fikrincə, növbəti bir neçə ildə ölkə siyasi baxımdan daha da parçalanacaq.

Amma böyük əksəriyyət seçkinin dəyişikliyə səbəb olacağına ümidlidir, çoxu deyib ki, onların nəsli buna təkan verəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG