Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Təkcə iyulun istisi 300 nəfərin ölümünə səbəb olub


Cənubi Koreya, 24 iyul, 2018-ci il
Cənubi Koreya, 24 iyul, 2018-ci il

İyulda Yaponiyada isti havanın doğurduğu faciələrdə 300-dən çox adam həlak olub. “The Associated Press” agentliyi yazır ki, bu, ölkə üçün son illərin ən ölümcül aylarından biri sayılır.

Ayın əvvəlində leysan yağışların Yaponiyanın qərbində səbəb olduğu daşqın və torpaq sürüşmələrində azı 220 nəfər dünyasını dəyişib, doqquz nəfər itkin düşüb, öldükləri güman edilir. Bundan sonra müsbət 40 dərəcə temperaturdan 116 nəfər vəfat edib.

LEYSAN YAĞIŞLAR

Hətta seysmik zonada yerləşən bir ölkə üçün bu rəqəmlər yüksək hesab olunur. Dünyanın ən varlı ölkələrindən olan Yaponiya texnoloji imkanları hesabına təbii fəlakətlərə qarşı müdafiə sədləri qura bilib. Çayların kənarında uca hasarlar ucaldılıb, bəzi göydələnlər elə qurulub ki, zəlzələ zamanı dağılmasınlar, yırğalansınlar.

Ancaq görünür, bütün bunlar ana təbiətin gətirdiyi fəlakətlərin qarşısında tab gətirməyə qadir deyil.

Arxiv fotosu
Arxiv fotosu

İyulun birinci həftəsində Yaponiyanın qərbinə rekord səviyyədə yağışlar yağıb. Sakit Okeandan gələn isti və rütubətli hava mövsüm yağışlarına öz töhfəsini verib, leysana səbəb olub, sonucda çaylarda suyun səviyyəsi qalxıb.

Faciədə ölənlərin sayı 1982-ci ilin tufanından bəri rekord sayıla bilər.

Ölənlərin yarıya qədəri Hiroşima prefekturasının payına düşüb. 2014-cü ildə burada torpaq sürüşmələrində 100-dən çox ölən olmuşdu.

İtkin düşənlərin axtarışına 70 mindən çox hərbçi və fövqəladə xidmət əməkdaşı qoşulub. Agentlik yazır ki, bazar günü 10 mindən çox adam hələ də evakuasiya mərkəzlərində qalırdı, evinə qayıda bilmirdi. Fəlakət zonasını təmizləyənlər isə daha bir risk – günvurmayla üzbəüzdürlər.

GÜNVURMA

İyulun ikinci həftəsində günvurmadan xəstəxanalara 10 minədək müraciət olub, üçüncü həftə isə 22 mini keçib. Ötən həftə bu rəqəm 13 min 700 səviyyəsində qərarlaşıb.

İyulun 23-də Tokiodan 65 km şimal-qərbdə yerləşən Kumaqaya şəhərində temperatur 41,1 dərəcəyə çatıb. Həmin gün Tokionun mərkəzində 39 dərəcə istilik qeydə alınıb.

Qonşu Cənubi Koreyada iyulda istilikdən dolayı səbəblərdən 26 nəfər dünyasını dəyişib.

Yaponiyada qızmar hava qurbanlarının çoxunun hava kondisionerlərindən istifadə etmədiyi bildirilir. Rəsmi orqanlar, media adamları evdən çıxmamağa, kondisionerlərdən istifadə etməyə çağırıblar. Parkda gəzinti zamanı bir birinci sinif şagirdinin öldüyü xəbər verilir.

“The Associated Press” yazır ki, qızmar hava 2020-ci ildə Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiadasıyla bağlı narahatlıq yaradıb. Təşkilatçılar bəzi tədbirlər söz verirlər, məsələn, yarışların səhər tezdən başlanması təklif olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG