Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 22:35

Turistlərə hücuma görə islamçı partiya günahlandırılır


Turistlərə hücum anı

Tacikistan hökuməti ötən həftə dörd turistin öldürülməsinə görə qadağan olunmuş Tacikistan İslam İntibahı Partiyasını (TİİP) günahlandırır.

Daxili İşlər Nazirliyi iyulun 31-də yaydığı bəyanatda bildirir ki, hücum edənlərə partiyanın “fəal üzvü” rəhbərlik edib. Qurum saxlanmış şübhəlinin bunu etiraf etdiyini deyir.

Məlumata görə, qrup rəhbəri İranda təlim keçib, hücum edənlər iyulun 29-da törədilmiş insidentdən sonra Əfqanıstana qaçmağı planlaşdırıblar.

İyulun 30-da İslam Dövləti (İŞİD) silahlı qruplaşması velosipedçilərin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb. Qruplaşmanın Amaq xəbər agentliyi iddianı yaysa da, onu əsaslandıracaq hər hansı ayrıntılar, dəlil təqdim etməyib.

Tacikistan TİİP-i 2015-ci ildə “terrorçu təşkilat” hesab edərək yasaqlayıb, onlarla rəsmisini və üzvünü həbs edib. O vaxtadək TİİP Orta Asiyada yeganə leqal islamçı partiya idi.

TİİP 1993-cü ildə qadağan olunmuşdu, tacik vətəndaş müharibəsi bitincə, 1998-ci ildə yenidən qanuniləşdirilib.

***

Tacikistan rəsmiləri dörd əcnəbi velosipedçinin öldürülməsində terrorçuluğun da bir motiv kimi nəzərdən keçirildiyini bildirib. Velosipedçilər ölkənin cənubunda əvvəl maşınla vurulub, daha sonra azı bir nəfər onlara silah odlu silah və bıçaqla hücum edib.

Daxili işlər naziri Ramazon Rakhimov iyulun 30-da Düşənbədə deyib ki, iki amerikalı, bir holland və bir isveçrəlinin öldürüldüyü insidentin araşdırılması üçün hökumət rəsmilərindən ibarət xüsusi qrup yaradılıb.

İyulun 29-da paytaxtdan 150 kilometr cənubda baş vermiş insidentdə azı 3 əcnəbi yaralanıb. Hadisə Xatlon regiounun Danghara ərazisində törədilib.

“... Onlara odlu silah və bıçaqla hücum olunub”, – deyən Rakhimov velosipedçiləri vurmuş maşının hücumdan sonra hadisə yerini tərk etdiyini bildirib.

3 NƏFƏR AXTARILIR

Öldürülənlərin bədənlərində bıçaq yaraları aşkarlanıb. Velosipedçilərin üçü hadisə yerində, biri xəstəxanada dünyasını dəyişib.

Turistlərin velosipedləri
Turistlərin velosipedləri

Rakhimov-un deməsinə görə, prezident Emomali Rahmon istintaqı şəxsi nəzarətinə götürüb.

İnsidentlə bağlı azı bir nəfərin saxlandığı, bir nəfərin isə saxlanarkən müqavimət göstərdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilir. Daha öncə yayılmış məlumatlarda iki şübhəlinin öldürüldüyü, bir neçəsinin saxlandığı bildirilirdi.

Polis üç gəncin hücumla əlaqədar axtarışa verildiyini deyir.

Rakhimov “terror aktı daxil olmaqla” “bütün mümkün” motivlərin araşdırıldığını vurğulayıb.

Polis inanır ki, yaxınlıqdakı Torbulok kəndində tapılmış avtomobildən velosipedçilərin vurulmasında istifadə olunub. Şahidlərin AzadlıqRadiosu-nin tacik xidmətinə bildirməsinə görə, hadisə qəzaya bənzəməyib. Bir yerli sakin yaralı velosipedçiyə istinadla deyib ki, maşın onları vurandan sonra içindən adamlar çıxıb və onları bıçaqlamağa başlayıblar.

“Hücum edənlərin qəddarlığını kəskinliklə pisləyir, bunun tacik xalqının mehribanlıq və qonaqpərvərliyini təmsil etmədiyini bilirik”, – Tacikistandakı ABŞ səfirliyi bəyanatında vurğulayıb.

Düşənbədə xarici turistlər
Düşənbədə xarici turistlər

Səfirliyin sözçüsü Jeff Ridenour AzadlıqRadiosu-na deyib ki, “ilkin məlumatlar bunun hücum olduğunu göstərir”.

Velosipedçilər xeyli yol qət etdiklərindən onların təqib olunması ehtimalı da var.

FÖVQƏLADƏ TOPLANTI KEÇİRİLƏCƏK

Tacikistan prezidenti Emomali Rahmon ABŞ prezidenti Donald Trump-a başsağlığında insidenti “qəddar hərəkət” adlandırıb.

Orta Asiyadakı digər qonşuları kimi Tacikistan da ekstremizmlə mübarizə aparır. Yüzlərlə tacikin İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qoşulmaq üçün ölkədən getdiyi bildirilir.

Hələlik, faciəyə görə məsuliyyəti götürən olmayıb.

Avropa İttifaqının Tacikistandakı səfiri Hidajet Biscevic AzadlıqRadiosu-na insidentdən “həqiqətən sarsıldığını” deyib.

Biscevic iyulun 30-da deyib ki, bu gün axşam Düşənbədə Aİ üzvü səfirlərinin ABŞ rəsmiləri ilə birgə fövqəladə görüşü keçiriləcək.

İndiyədək Tacikistanda əcnəbilərə qarşı hansısa terror hücumunun törədildiyi barədə informasiya yoxdur.

Haaqada mənzillənən Beynəlxalq Antiterror Mərkəzinin (ICCT) hesabatına görə, 2016-cı ildə İraqda və Suriyada xaricilərin gerçəkləşdirdiyi intiharçı əməliyyatlarının çoxunu taciklər törədib.

XS
SM
MD
LG