Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:06

T.Klaar Azərbaycanla sazişin yaxında imzalanacağına ümid edir


T.Klaar

Azərbaycan prezidenti İlham Əliyev iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı deyib ki, bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı arasında «Tərəfdaşlıq prioritetləri» sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafından ötrü önəmlidir. O qeyd edib ki, Azərbaycan eyni zamanda NATO-nun etibarlı tərəfdaşıdır.

T.Klaar isə öz növbəsində Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsindən ötrü yaxşı imkanların mövcud olduğunu deyib. Bu baxımdan qonaq Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu bildirib

Söhbət zamanı əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, nəqliyyat, ticarət, turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

T.Klaarın başçılıq etdiyi nümayəndə heyəti bu gün, iyulun 30-da Azərbaycana gəlib. Onun başqa rəsmilərlə də görüşü gözlənir.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Ötən il noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənəd imzalayıb.

Azərbaycan isə bu qurumla oxşar danışıqlara ötən ilin fevralından başlayıb. Əvvəlcə Brüssel sammitində Azərbaycanla da Avropa Birliyi arasında oxşar sazişin imzalanacağına ümidlər bəslənirdi. Ancaq bu baş tutmadı. Nəhayət, bu il iyulun 11-də Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib.

Multimedia

XS
SM
MD
LG