Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

'Ömrünü ehtiyaclar içərisində keçirən istiqlalçı xanım'-Media icmalı


M.Həsənova Azərbaycan parlamentində
M.Həsənova Azərbaycan parlamentində

Qeyri-neft sənayesinin inkişafı, turistlərə taksi xidmətində gözlənilən yeniliklər, istiqlalçı-deputat Məryəm Həsənovanın ölümü və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İstiqlalçı xanım...

Musavat.com saytında «Qara yaylıqlı istiqlalçı xanım» sərlövhəli yazı oxumaq olar.

Yazı dünən, iyulun 29-da vəfat edən, XX əsrin sonlarında Azərbaycan milli-azadlıq mübarizəsinin tanınmış isimlərindən, keçmiş deputat Məryəm Həsənovanın həyat və fəaliyyətindən bəhs edir.

Müəllif onu xalq hərəkatının başqa bir tanınmış siması, mərhum deputat Dilarə Əliyeva ilə birgə yad edərək «iki xanım deputatdan biri», geyim üslubuna görə «qara yaylıqlı xanım», 1991-ci ilin martında Azərbaycanda SSRİ-nin saxlanması referendumunun keçirilməsinə «yox» cavabı verən «43 nəfər deputatdan biri» adlandırır: «Təəssüf ki, bir insan, simvol sayılacaq adam ömrünü ehtiyaclar içərisində keçirdi. Əslində 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunmalıydı. Sağlığında abidə qoyulası ANA idi. Heç olmasa, dünyadan köç edəndən sonra onun qiymətini bilək, haqqını verək».

Müəllif vurğulayıb ki, gəncliyə və gələcəyə nümunə adına belə bir şəxsin adı mütləq əbədiləşdirilməlidir: «Əslində Məryəm Həsənova Fəxri Xiyabanda dəfn olunmağı haqq etmiş bir dəyərlimizdir. O məkanda «müsavat cəlladları» tərəfindən öldürülənlərə yer tapıldığı halda, niyə istiqlalımız uğrunda döyüşən Azərbaycan qadınına yer olmasın?...».

Yazıda bildirilir ki, bir vaxtlar cəmi 162 manat pensiya alan M.Həsənova pensiya təminatının yaxşılaşdırılmasından ötrü məhkəməyə də müraciət edib, amma nəticə müsbət olmayıb.

Yazıda qeyd edildiyinə görə, M.Həsənova bu məsələdə də tək özünü düşünməyib, bütün istiqlalçı-deputatların pensiya təminatını gündəmə gətirib. «Qoy alınmasın. Maddi təminat mənim üçün... demirəm sıfırdır, alınsa, çox gözəl olardı. Ancaq bu, hər şey demək deyil. Qoy, heç olmasa, istiqlalçılığın mahiyyəti açıqlansın...», - deyə yazıda ondan sitat gətirilir.

Taksi sürücülərinə yeni tələblər
Gözlə

No media source currently available

0:00 0:04:53 0:00

Turistlərə müasir taksi xidməti...

Modern.az saytında «Sürücülər turistlərə qiymət oxuya bilməyəcək» sərlövhəli yazı yer alır.

Müəllif ölkədə taksi xidmətinin keyfiyyətini Bakı Nəqliyyat Agentliyi (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə müzakirə edib.

Yazıda qeyd edilir ki, ölkədə qeyri-neft sektorunun mühüm sahəsi kimi turizmin inkişafından ötrü işlər görülür. Müəllifin fikrincə, ölkəyə daha çox turist cəlb etməklə bu sektor genişləndirilir və bu sahədə müəyyən uğurlar əldə edilir: «Amma hava limanından ölkəyə ilk addımını qoyan andaca aldadılan, ağac kölgəsini 5 manata satın alan turistlərlə bağlı da məlumatlar yayılır. Bu gün hava limanında düşüb, 5 manatlıq məsafəni 25 manata gedən turistlər taksi biabırçılığı ilə qarşılaşırlar».

M.Ağayev də taksi xidmətinin indiki səviyyəsindən narazılıq edib: «BNA bu narahatedici məqamın aradan qaldırılması üçün hələ bir müddət əvvəl məsələ qaldırıb. Bununla bağlı xüsusi konsepsiya da hazırlanıb. Konsepsiyaya əsasən, hava limanında müasir və komfortlu nəqliyyat vasitələri ilə taksi xidməti göstəriləcək».

Mətbuat xidmətinin rəhbəri deyib ki, Agentlik hava limanında taksi xidmətindən istifadəni asanlaşdırmaq məqsədilə müasir innovasiyalara əsaslanan alətlərin hazırlanması istiqamətində də iş aparır. Onun deməsinə görə, yeni konsepsiyanın üstünlüyü taksi sürücülərinin turistlərə qiymət oxuya bilməmələri olacaq: «Hava yolu ilə Bakıya gələn şəxs artıq əvvəlcədən müəyyən proqram təminatı vasitəsilə taksi sifarişi edə biləcək ki, hazırda bunun üzərində iş gedir. Hava limanı taksi konsepsiyasında digər bir vacib məqam müştəri ilə sürücü arasında qiymət sövdələşməsinin aradan qaldırılmasıdır».

M.Ağayevin deməsinə görə, hava limanından paytaxtın müxtəlif istiqamətlərinə əvvəlcədən taariflər müəyyən ediləcək.

Sumqayıtda karbamid zavodunun inşası
Sumqayıtda karbamid zavodunun inşası

Qeyri-neft sənayesinin inkişafı

«Azərbaycan» qəzetində «Qeyri-neft sənayesinin inkişafı iqtisadi sabitliyin qarantıdır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, sənayenin inkişafının əsas məqsədi bir tərəfdən ölkənin neft asılılığını minimuma endirmək, digər tərəfdən isə ixrac imkanlarını artırmaqdır.

Yazıda vurğulanır ki, bu istiqamətdə ölkədə sənaye parkları və məhəllələri yaradılır, dövlət başçısı İlham Əliyev də buna xüsusi önəm verir.

«Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxındır, sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərib. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3.6 milyard dollardır», - deyə yazıda prezidentdən sitat gətirilir.

Müəllif vurğulayıb ki, indiyə kimi sənaye parklarına 2.6 milyard dollar investisiya yatırılıb. Növbəti mərhələdə 1.1 milyard dollardan çox investisiya qoyuluşu və 7 min 500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Yazıda qeyd edilir ki, artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, bu ilin sonuna kimi daha 7 müəssisə istifadəyə veriləcək. Yazının sonunda da oxuyuruq: «Son vaxtlar görülən işlər nəticəsində ixracda qeyri-neft məhsullarının çəkisinin artması müsbət haldır. Lakin bu sahədə görüləcək işlər də çoxdur. İnkişaf etmiş ölkələrin keçdikləri yola diqqət yetirdikdə görürük ki, bu prosesin başa çatmasına uzun illər lazımdır...».

XS
SM
MD
LG