Afina yaxınlığındakı meşə yanğınlarının qəsdən törədilmə ehtimalı var. Bunu iyulun 26-da Yunanıstanın müdafiə nazirinin müavini Nikos Toskas deyib.
Yanğınlarda ölənlərin sayı artıq 82 nəfərə çatıb.
Toskas-ın deməsinə görə, peyk təsvirləri yanğınların paytaxtın qərbində eyni vaxtda başladığını göstərir. Güclü külək və yüksək temperatur alov dalğalarının sürətlə yayılmasına səbəb olub.
“Yanğının qəsdən törədilməsinin əlamətləri var”, – deyən Toskas detalları açıqlamayıb.
Hazırda 30 nəfər itkin düşüb, axtarışlar gedir. İtkin düşənlərin qohumları Afina morquna özlərinin DNT nümunələrini təqdim ediblər. Yanğından tapılan insan qalıqlarının kimliyi burada müəyyənləşdirilir.
Yaşayış məskənlərinə yanğın təhlükəsi artıq aradan qaldırılıb. Hakimiyyət iyulun 26-da bildirib ki, artıq təhlükə sovuşmaq üzrədir.
Yanğının söndürülməsinə İtaliya, İspaniya, Kipr və Rumıniyadan təyyarələr qoşulub.
Rəsmilər hələlik, iyulun 23-də başlanmış yanğının səbəbini açıqlamayıblar.
Yanğının təsirinə məruz almış liman şəhərləri yaxınlığında yerləşən Penteli kəndinin başçısı deyib ki, qırılmış elektrik xəttindən qığılcımların yanğını gücləndirdiyini düşünür.