Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:02

Karxanaları kim himayə edir – Media icmalı


Bakıda karxana
Bakıda karxana

İyulun 27-də yerli mətbuat Azərbaycana turizm məkanı kimi marağın artmasından, karxanaların fəaliyyətindən, adsız qalan kənddən yazır.

Növbəti fövqəladə hadisəyə qədər...

«Novoye Vremya» qəzeti belə bir suala cavab axtarır: «Niyə «karxana biznesi» ekologiyaya və dövlətə ziyana çevrilir?».

Rəsmi məlumata görə, son aylarda 250 karxanadan 81-də keçirilən monitorinqdə qanunvericiliyin, lisenziyalaşdırma ilə bağlı qayda və şərtlərın pozulduğu, bunun da nəticəsində su təchizat şəbəkələrinin, hidrotexniki tikintilərin, çay yataqlarının aşınmaya məruz qaldığı üzə çıxıb: «Aydın görünür ki, iyunun 2-də Göyçay çayı üzərində körpünün çökməsinin də əsas səbəbi bu karxanaların fəaliyyəti olub və körpü çökməsəydi, onların fəaliyyəti, demək olar ki, heç kəsi maraqlandırmayacaqdı. Buna görə 7 karxana sahibi həbsə alınıb, cinayət işi gedir».

Qəzet karxanaların qanunsuz fəaliyyəti nəticəsində dövlətə 16 milyon manatdan çox ziyan vurulduğunu qeyd edir, konkret Göyçay rayonunda bu karxanaların vurduqları ziyan 4 milyon manatdan çoxdur.

«Novoye Vremya» hesab edir ki, Dövlət Əmlak Məsələləri Komitəsinə də iradlar var, qurum bu ilin mayında monitorinqləri sona çatdırmayıb və iyunda Göyçay çayı üzərindəki körpü dağılıb. Bundan başqa, 250 halda karxanaların ölkənin torpaq qanunvericiliyini pozduqları aşkarlansa da, tədbir görülməyib.

Qəzet yazır ki, komitənin monitorinqlərində bu karxanaların fəaliyyət göstərdikləri rayonların rəhbərlərinə, hüquq-mühafizə orqanlarına hər hansı müraciət ünvanlanmayıb: «Necə deyərlər, əgər onların gözləri önündə qanunlar pozulursa, körpünün çökməsi kimi hadisə baş verirsə, dövlətə ziyan dəyirsə, onlar hara baxıblar? Yoxsa onlar da bu karxanaları himayə ediblər?».

«Novoye Vremya» bu yoxlamalarla vəziyyətin düzələcəyinə inanmır, növbəti fövqəladə hadisəyə qədər karxanalarda qanun pozulmalarının davam edəcəyini bildirir.

Adsız kənd və ya bu kənddə neçənci əsrdir

Azadliq.info ötən əsrin 40-cı illərindən qalma problemi gündəmə gətirir: «Stalinin sürgün etdiyi adamlar hazırda da seçki hüququndan mərhumdur».

Sayt 1940-cı illərin sonlarında sovet hökumətinin Lerik, Yardımlı və Cəlilabad rayonlarının İranla bəzi həmsərhəd kəndlərini Mil-Muğan bölgəsinə köçürməsi nəticəsində yaranan problemlərin hələ də həll edilməməsindən yazır: «Hazırda Cəlilabad rayonunun inzibati ərazisində, Muğan-Xol adlanan yerdə məskunlaşan, Lerikdən olan «köçkünlər» sosial-hüquqi məhrumiyyətlərlə baş-başa qalıblar. Bu kəndin adı yoxdur, yaşayış məkanı olaraq qeydə alınmayıb, heç bir hüquqları təmin edilmir. Özləri Lerik rayonunda qeydiyyatdadırlar, yaşadıqları ərazi Cəlilabad rayonuna aiddir, faktiki əlaqələri Neftçala rayonunun Qırmızıkəndiylə bağlıdır».

Adsız kəndin sakinləri danışırlar: «Hazırda hər evdə 2-3 ailə yaşayır. Yeni evlər tikmək üçün torpaq sahələri ayrılmır. Kəndin qazı, yolu, məktəbi yoxdur. Biz bu ölkənin vətəndaşıyıq, biz də ölkənin sərvətlərindən yararlanmalıyıq».

Sakinlər dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, nəticə olmadığını deyirlər: «Bizim bütün hüquqlarımız pozulur. İndiyə kimi biz heç bir seçkidə iştirak etməmişik. Bilmirik bizim deputat kimdir, hüquqlarımızı müdafiə edən kimdir? Deyilənlərə görə, Dünya İnkişaf Bankı Azərbaycana sosial məsələlər üçün 600 milyon vəsait ayırıb. Bizə ölkənin vəsaitlərindən çatmırsa, heç olmasa, o puldan şəraitimizə xərclənsin».

Sakinlər danışırlar ki, hər hansı sənəd almaq üçün Lerikə gediş-gəliş onlara 100 manata başa gəlir, ən yaxın əlaqələri Neftçala rayonunun Qırmızıkəndiylədir, ölənlərini orda dəfn edir, uşaqlar oxumaq üçün 6 km qət edib bu kəndin məktəbinə gedirlər.

Sayt yazır ki, əhali, su, işıq, problemi yaşayır, kənd statusu verilməsi üçün 2004-çü ildə prezidentə müraciətləri də olub, amma indiyə kimi məsələ həllini tapmayıb.

Bakı
Bakı

Ölkə turizminin əsasları – sabitlik, tarixilik, zəngin mətbəx

«Azərbaycan» qəzeti turizm mövzusunda yazır: «Azərbaycana maraq artıb».

Qəzet Dövlət Statistika Komitəsinə istinadən son 6 ayda Azərbaycana dünyanın 189 ölkəsindən 1.3 milyondan çox turist gəldiyini və Rusiyadan olan turistlərin yay səyahətlərini Bakıda keçirməyə üstünlük verdiklərini bildirir.

Məqalədə deyilir ki, turistlər səfər üçün Azərbaycanı seçmələrini ölkədəki sabitlik, millətlərarası xoş ünsiyyət, yerli mətbəxin çeşid bolluğu, mədəni münasibətin yüksəkliyi, dəniz sahilində dincələ bilmək imkanı ilə izah edirlər.

Qəzet hesab edir ki, turistlərin Azərbaycana gəlməyə üstünlük verməsində paytaxt Bakının «xüsusi» arxitekturaya malik olmasının, tarixiliklə müasirliyi birləşdirməsinin xüsusi rolu var.

«Bir tərəfdə tarixi İçərişəhər, bir tərəfdə Alov Qüllələri, bir tərəfdə Qız Qalası, digər tərəfdə fontanlar kimi «keçmiş-indi tandemi» var», - turistlərdən biri bildirir.

Başqa bir turist deyir: «Etiraf edim ki, yeni, möhtəşəm göydələnlər, əzəmətli tarixi memarlıq abidələri, səliqəli küçələr, yaşıllıqlar ilk andan məndə Qərblə Şərqin qovuşduğu bir məkanı xatırlatdı. Bir sözlə, Bakını sevdik, ölkənizə ürəkdən bağlandıq».

Qəzetə danışan turistlər təkcə paytaxt Bakıyla kifayətlənmədiklərini, Qəbələyə, Lənkərana və Qubaya da getmək istədiklərini bildirirlər.

«Azərbaycan turizmin indiki səviyyəsində dayanmaq istəmir, Bakının yeni kommunikasiya və marketinq planı hazırlanır və turizm brendi formalaşdırılır, paytaxtın marketinq strategiyası üzrə də işlər görülür», -dövlət qəzeti yazır.

XS
SM
MD
LG