Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Pentaqon Rusiya ordusu ilə işləməyə meylli deyil


Livanda suriyalı qaçqınların qaldığı düşərgə
Livanda suriyalı qaçqınların qaldığı düşərgə

Birləşmiş Ştatların hərbi liderləri Rusiya ordusu ilə əməkdaşlığa meylli deyil. Söhbət suriyalı qaçqınların evlərinə qayıtmasına yardımdan ötrü Ağ evlə Kremlin əldə etdiyi razılaşmadan gedir. Pentaqonun imtinası Moskvanı qəzəbləndirib.

ABŞ-ın müdafiə naziri Jim Mattis iyulun 24-d deyib ki, planla bağlı Rusiyayla heç bir əməkdaşlığa gedilməyəcək. Planın ötən həftə Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trump-ın görüşündə əldə edildiyi bildirilir.

“ƏLAVƏ HEÇ NƏ ETMƏYƏCƏYİK”

“Bu, hələ baş verməyib. Dövlət katibi Mike Pompeo və prezident bizim müttəfiqlərimizlə birlikdə gələcəkdə hansı məqamda Rusiyayla işə başlayacağımızı müəyyənləşdirənədək əlavə heç nə etməyəcəyik”, – Mattis Kaliforniyada mətbuat konfransında deyib.

Dövlət katibi Mike Pompeo, James Mattis (ortada) və milli təhlükəsizlik müşaviri John Bolton (sağda)
Dövlət katibi Mike Pompeo, James Mattis (ortada) və milli təhlükəsizlik müşaviri John Bolton (sağda)

Pentaqonun bəzi yüksəkçinli rəsmiləri Rusiya ordusu ilə işləmək perspektivindən narazılıq bildirmişdi. Axı, Rusiya Suriya vətəndaş müharibəsində qarşı tərəfdə durur, dinc sakinlərin bombalanması taktikasında da prezident Bashr al-Assad rejimiylə əlbir olduğu iddia edilir. Qaçqın probleminin yaranma səbəbləri sırasında birinci yerdə məhz dinc sakinlərin bombalanması dayanır.

Suriyada yeddi ildir davam edən müharibədə 400 mindən çox adam həlak olub.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Joseph Votel deyib ki, Pentaqon suriyalı qaçqınların yerləşdirilməsində əməkdaşlıqdan öncə Rusiya tərəfdən “inamyaratma tədbirləri” görmək istəyir.

“Bunu tövsiyə etmirəm. Bu məqamda böyük səhv olardı”, – Votel iyulun 22-də ABC News və Wall Street Journal-a deyib.

General Joseph Votel
General Joseph Votel

QANUNVERİCİLİK DƏ İMKAN VERMİR

Votel-in deməsinə görə, 6 milyon suriyalı qaçqının evinə qayıtması üzrə iki ordunun əməkdaşlığı ABŞ qanunvericiliyi çərçivəsində mümkün deyil.

2014-cü ildən bəri Pentaqon Rusiya ordusuyla əməkdaşlıq edə bilməz. Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Konqres belə bir qanunvericilik qəbul edib.

Hazırda iki ordu yalnız Suriyada yaradılmış qaynar xətt vasitəsilə təmasa girir və məqsəd ölkənin hava məkanında ABŞ və Rusiya qüvvələrinin təsadüfi toqquşmasını önləməkdir.

Votel deyir ki, Suriya qüvvələrinin kimyəvi silahlardan istifadəsini, nəticədə onlarla dinc sakinin ölməsini BMT-nin sənədləşdirməsinə baxmayaraq, Rusiya Assadı dəstəkləyib.

“Rusiyanın etdiyi bəzi şeyləri görmüşəm. Buna görə burada fasilə verməyə məcburam”, – o vurğulayıb.

Votelin açıqlamaları iyulun 24-də Rusiya Xarici İşlər Nazirliyinin qəzəbli reaksiyasına səbəb olub. Qurum sosial mediada yaydığı bəyanatda bildirib ki, general “rəsmi baş komandan vəzifəsini gözdən salıb”.

Nazirlik ABŞ-ın Suriyada hərbi iştirakını “qanunsuz” adlandırıb, bildirib ki, Birləşmiş Ştatlar ya Suriyadan qüvvələrini geri çəkməli, ya da “qaçqınların qayıtmasına yardım üçün Rusiyayla və ölkənin qanuni rəhbərliyi ilə əməkdaşlığa getməlidir”.

XS
SM
MD
LG