Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:04

Pakistanda seçki günü azı 31 nəfər öldürülüb


Səsverməyə gələn qadınlar

Pakistanın Kvetta şəhərində seçki məntəqəsində partlayışda azı 31 nəfər öldürülüb, 35 nəfər yaralanıb. Təhlükəsizlik və səhiyyə rəsmiləri yeddi nəfərin ağır vəziyyətdə olduğunu bildirir.

Hadisə yerində olan yerli jurnalistlərdən biri ölü və yaralıların çoxunun seçicilər olduğunu xəbər verib.

Hücuma görə məsuliyyəti İslam Dövləti ekstremist qrupu götürüb. Qruplaşma hücumu intiharçının törətdiyini bildirsə də, iddiasını əsaslandıracaq dəlil açıqlamayıb.

***

Pakistan mediasının məlumatına görə, ölkənin cənub-qərbindəki Kvetta şəhərində polis konvoyu hədəfə alınaraq partlayış törədilib, azı 18 nəfər həlak olub. Partlayışın səsvermə məntəqəsi yaxınlığında baş verdiyi bildirilir.

Bundan öncə isə Svabi bölgəsində səsvermə məntəqəsində atışma olub, PTI partiyasının bir fəalı öldürülüb, dörd nəfər yaralanıb.

***

İyulun 25-də Pakistanda seçki məntəqələri açılıb. Parlament seçkiləri səsvermə öncəsi saxtakarlıq iddiaları və yaraqlı hücumlarının yer aldığı bir mühitdə baş tutur.

Əsas rəqiblər müxalifət lideri Imran Khan-ın Tehreek-e-Insaf (PTI) partiyası və həbsdə olan keçmiş baş nazir Nawaz Sharif-in Pakistan Müsəlman Liqası- Nawaz (PML-N) partiyasıdır.

Rəy sorğularında Khan-ın partiyası 30, hakimiyyətdən getməkdə olan PML-N isə 27 faiz səs toplayıb.

Digər bir sorğuda Sharif-in partiyası 26, PTI 25 faiz səs yığıb.

Üçüncü yerdə Pakistanın Xalq Partiyası (PPP) gəlir. Onun lideri keçmiş baş nazir, 2007-ci ildə öldürülmüş Benazir Bhutto-nun 29 yaşlı oğlu Bilawal Bhutto Zardari-dir.

Bir çox ekspertlərin gözləntisinə görə, heç bir partiya çoxluğu qazana bilməsə, PPP koalisiya başçısı ola bilər.

342 yerlik Milli Assambleya parlamentin aşağı palatasıdır. Bundan başqa Xiber Paxtunxva, Puncab, Sind və Baluçistan vilayət məclislərinə də səsvermə keçirilir.

Ölkədə 106 seçici var.

İlkin nəticələrin bu gün axşam açıqlanacağı gözlənir.

Pakistanın 70 illik tarixində artıq ikinci dəfədir ki, mülki hökumət səlahiyyət müddəti bitənədək hakimiyyətdə qalıb, mülki administrasiya səsvermə yoluyla dəyişir.

XS
SM
MD
LG