Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

İşgəncə videosunu ötürmüş vəkil dövlət qoruması istəyir


Yaroslavl həbsxanasında işgəncə
Yaroslavl həbsxanasında işgəncə

Həbsxanada məhbusun döyülməsini göstərən videonu Rusiya qəzetinə ötürəndən sonra ölkədən qaçmış vəkil hüquq-mühafizə orqanlarının onu qorumasını istəyir.

“İctimai Hökm Fondu” iyulun 23-də bildirib ki, təşkilatın hüquqşünası Irina Biryukova video ötən həftə “Novaya Gazeta” müstəqil qəzeti tərəfindən dərc edilən gün ölkədən çıxıb.

ALTI NƏFƏR SAXLANIB

Biryukova federal İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrykin-ə məktub göndərərək Rusiya hakimiyyətini onun və ailəsinin təhlükəsizliyini təmin etməyə çağırıb. Bu haqda QHT Facebook səhifəsində məlumat yayıb.

İstintaq Komitəsi iyulun 20-də bildirib ki, “Novaya Gazeta”nın yaydığı 10 dəqiqəlik videoyla bağlı istintaq başlanıb.

Irina Biryukova
Irina Biryukova

Videonun Yaroslavldakı 1 saylı həbsxanada çəkildiyi bildirilirdi. Yevgeny Makarov adlı məhbus şalvarsız vəziyyətdə masada uzanıb və uniformalı iki nəfər zorla onun əllərini arxaya burub. Azı 10 nəfər uniformalının məhbusun ayaqlarına və dabanına rezin dəyənəklə və yumruqla vurduğu, onun isə qışqıraraq onlara yalvardığı görünür.

Video yayılandan sonra Yaroslavl regionundakı Federal Penitensiar Xidmətinin 17 əməkdaşı işdən çıxarılıb. Region ombudsmanı Sergei Baburkin iyulun 22-də deyib ki, işdən çıxarılanların penitensiar sistemdə gələcək karyerası və mümkün təqibiylə bağlı qərar veriləcək.

İstintaq Komitəsinin iyulun 23-də bildirməsinə görəsə, döyülmədə iştirak etmiş bütün əməkdaşlar müəyyənləşdirilib və onlardan altısı saxlanıb.

ÖTƏN İL DƏ İŞGƏNCƏ İDDİALARI YAYILMIŞDI

“Novaya Gazeta” videonun 2017-ci ilin iyununda çəkildiyini bildirib.

Rusiya həbsxanalarında işgəncə barədə informasiyalar bir müddətdir dolaşır.

“İctimai Hökm” ötən ilin aprelində bildirirdi ki, Makarov, Ruslan Vakhapov və Ivan Nepomnyashchikh adlı daha iki məhbusla birlikdə elə həmin həbsxanada nəzarətçilər tərəfindən işgəncəyə məruz qalıb.

Nepomnyashchikh 2012-ci ildə prezident Vladimir Putin-in andiçmə mərasimindən öncə keçirilmiş etiraz aksiyasındakı toqquşmalardan sonra saxlanıb. O, Yaroslavl həbsxanasında 30 aylıq həbs cəzası çəkib.

O zaman Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanı iddiaları hərtərəfli araşdırmağa çağırıb. Yaroslavl məhkəməsi isə yetərincə dəlil olmadığı əsas gətirərək istintaqa gərək olmadığını bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG