Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

Şübhəli ‘Rusiya casusu’ kimlərlə görüşübmüş


Maria Butina
Maria Butina

Rusiya üçün casusluqda ittiham olunan Maria Butina-nın düşünüldüyündən daha yüksək səviyyəli kontaktları varmış. O, 2015-ci ildə Vaşinqtonda səfərdə olan rusiyalı məmurla Birləşmiş Ştatların iki yüksəkçinli rəsmisinin görüşə qatılıbmış. Görüş ABŞ Federal Ehtiyatlar Sistemi və Xəzinədarlıq Departamentində keçirilib. Xəbəri “Reuters” agentliyi yayıb.

Həmin görüşlər barədə onlardan xəbərdar bir neçə nəfər və Vaşinqtondan bir beyin mərkəzi açıqlama verib. Rəsmilərin isə FED-in ozamankı vitse-sədri Stanley Fischer və xəzinədarlıq rəhbərinin beynəlxalq məsələlər üzrə keçmiş köməkçisi Nathan Sheets olduqları bildirilir.

BUTİNA GÖRÜŞƏ TORSHİN-LƏ BİRLİKDƏ QATILIB

Butina 2015-ci ilin aprelində Rusiya Mərkəzi Bank sədrinin müavini Alexander Torshin-lə birlikdə Birləşmiş Ştatlara səfər edib. Onlar Fischer və Sheets ilə ayrı-ayrı görüşlər keçirərək keçmiş prezident Barack Obama administrasiyası dövründəki ABŞ-Rusiya iqtisadi münasibətlərini müzakirə ediblər.

Alexander Torshin, ortada
Alexander Torshin, ortada

“Reuters” yazır ki, bu iki görüş barədə əvvəllər məlumat yox idi və onlar Butina-nın Amerikanın siyasi liderləri və xüsusi maraq qrupları ilə yüksək səviyyədə kontaktlar yaratdığını ortaya qoyur.

Ötən cümə günü Butina-nın vəkili Robert Driscoll-dan bu görüşlər haqda souruşublar, o, ayrıntılara malik olmadığını deyib.

Fischer və Sheets ilə görüşü Vaşinqtondakı Milli Maraq Mərkəzi (Center for the National Interest) təşkil edib. Bu mərkəz ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılmasını dəstəklədiyini bildirib. Qurumun rəhbəri Paul Saunders 2016-cı ilin dekabrında yenicə prezident seçilmiş Donald Trump-ı Rusiyayla gərginliyi azaltmağa çağırmışdı. Qurumun eyniadlı dərgisində üzvləri Birləşmiş Ştatların Rusiyayla qarşıdurmasının, yaxud Avrasiyada münaqişələrdə iştirakının bədəli barədə xəbərdarlıq edirlər.

“Reuters” mərkəzin hesabatında sözügedən görüşlər haqda məlumat gördüyünü qeyd edir.

FİSCHER GÖRÜŞÜ XATIRLAYIR

29 yaşlı Butina ötən həftə həbs olunub. ABŞ prokurorları onun Rusiya kəşfiyyatı ilə əlaqələri olduğunu bildirir. Butina isə Rusiya üçün casusluq etmədiyini deyir. Onun bu çərşənbə günü məhkəmə qarşısına çıxarılacağı gözlənir.

Maria Butina, arxiv fotosu
Maria Butina, arxiv fotosu

Rusiyanın xarici işlər naziri ötən şənbə ABŞ dövlət katibinə deyib ki, Burina “saxta ittihamlar”la saxlanıb və buraxılmalıdır.

Butina-nın çalışdığı bildirilən Torshin-in isə Rusiya prezidenti Vladimir Putin-lə sıx münasibətləri olduğu vurğulanır. Butina Vaşinqtonda müxtəlif tədbirlərdə onun üçün tərcüməçilik edib.

Fischer “Reuters”ə emailində Torshin və tərcüməçisi ilə görüşdüyünü təsdiqləyib. O, detalları, yaxud tərcüməçinin Butina olub-olmamasını xatırlamayıb, amma söhbətin “Rusiya iqtisadiyyatının durumu”nu əhatələdiyini, Torshin-in də mərkəzi bank sədrinin müavini olduğunu qeyd edib.

ABŞ prokurorları Butina-nı iki amerikalı və bir Rusiya rəsmisi ilə əlbir olaraq Birləşmiş Ştatların Rusiya siyasətinə təsir göstərməyə çalışmaqda, Milli Silah Assosiasiyasına (NRA) nüfuz etmək cəhdində suçlayır. NRA prezident Donald Trump da daxil olmaqla respublikaçı siyasətçilərlə sıx əlaqələri olan nüfuzlu silah təşkilatıdır.

Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Trump-ın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyini araşdırır. Trump və Putin ittihamları rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG