Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:37

Putin Trump-a Donbasda referendum keçirməyi ‘təklif edib’


Donetsk, arxiv fotosu
Donetsk, arxiv fotosu

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova da Putin-in referendum təklifini şərh etməyib, deyib ki, Trump-Putin danışıqlarını şərh etmək onun səlahiyyətlərinə daxil deyil. Ancaq o, sözlərinə əlavə edib ki, “qlobal ictimaiyyət, ilk növbədə Birləşmiş Ştatlar Kiyevi Minsk razılaşmalarını yerinə yetirməyə məcbur edə bilməyibsə, onda münaqişəni həll etməyin digər yolları müzakirə oluna bilər”.

***

Donald Trump ilə Vladimir Putin Helsinki sammitində Ukraynanın şərqindəki münaqişənin həlli üçün “konkret təkliflər”i müzakirə ediblər. Bunu Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoly Antonov iyulun 20-də deyib.

“Məsələ müzakirə olunub”, – deyən Antonov, görünür, referendum təklifini deyil, münaqişənin özünü nəzərdə tutub.

Onun deməsinə görə, “məsələnin həllindən ötrü konkret təkliflər irəli sürülüb”, amma detalları açıqlamayıb.

Antonov Helsinki sammitini “vacib tədbir” adlandırıb, deyib ki, Putin-lə Trump sammitdən sonra da kontaktı davam etdirməlidirlər.

Anatoly Antonov
Anatoly Antonov

O, Trump-ın Putin-i bu ilin sonunda Vaşinqtona dəvət etməsindən xəbəri olmadığını söyləyib, ancaq Moskvanın belə bir səfərin müzakirəsinə hazır olduğunu vurğulayıb.

Ağ evin sözçüsü Sarah Sanders iyulun 19-da tvitində yazıb ki, Trump “milli təhlükəsizlik müşaviri John Bolton-dan Putin-i payızda Vaşinqtona dəvət etməyi xahiş edib və artıq müzakirələr aparılır”.

***

Rusiya prezidenti Vladimir Putin bu həftə Helsinkidə ABŞ-dan olan həmkarı Donald Trump-a təklif edib ki, Ukraynanın şərqindəki münaqişəni həll etmək üçün referendum keçirilsin. Prezidentin rusiyalı diplomatlara deməsinə görə, ABŞ prezidentinin planı nəzərdən keçirməsindən ötrü onu ictimaiyyətə açıqlamamağı razılaşıb. Xəbəri “Bloomberg” agentliyi iyulun 19-da Putin-lə qapalı görüşdə iştirak etmiş iki nəfərə istinadla yayıb.

İndiyədək Helsinki sammitində hansı məsələlərin müzakirə olunması barədə təkəm-seyrək informasiya gəlir, daha çox da Rusiya tərəfdən.

“YENİ İDEYALAR MÜZAKİRƏ OLUNDU”

Putin referendum təklifini Ukraynada dördillik müharibəyə son qoymaq istəyi ilə izah edib. Di gəl, bu məsələyə Ukrayna və onun Avropadakı dəstəkçiləri çətin razılaşa. Onlar Donbas regionu ilə bağlı Avropanın vasitəçilik etdiyi sülh sazişinə sadiqdirlər. Donbasın bəzi hissələri rusiyapərəst separatçıların nəzarətindədir.

Vladimir Putin Helsinkidə mətbuat konfransında
Vladimir Putin Helsinkidə mətbuat konfransında

“Bloomberg” Ağ ev rəsmilərindən münasibət ala bilməyib.

Adlarının çəkilməsini istəməyən həmin iki şəxs agentliyə deyib ki, Putin Moskvada Xarici İşlər Nazirliyində Rusiya səfirləri və rəsmilərlə konfrans keçirib. Onlardan birinin deməsinə görə, Trump Putin-dən xahiş edib ki, sammitdən sonrakı mətbuat konfransında referendum ideyasını müzakirə etməsin, ABŞ lideri bu ideyanı götür-qoy edə bilsin.

Putin təklif edib ki, beynəlxalq nəzarət altında separatçı ərazilərin sakinlərinin iştirakıyla referendum keçirilsin. Kremlin sözçüsü Dmitry Peskov isə Putin-in sammitdə Ukraynayla bağlı nə deməsindən danışmaq istəməyib, deyib ki, “bəzi yeni ideyalar müzakirə olundu. Onların üzərində işlənəcək”.

Trump iyulun 19-da Twitter-də sammiti “böyük uğur” adlandırıb. O, müzakirə olunan mövzular arasında Ukraynanın da olduğunu vurğulayıb, amma detalları açıqlamayıb.

ABŞ prezidenti ötən həftə Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın tanınmasıyla bağlı sualı birmənalı cavablandırmayıb. Məhz Krımın ilhaqından sonra Ukraynanın şərqindəki Donetsk və Luqanks regionlarında münaqişə başlanıb. Ukrayna bu ərazilərə öz idarəçiliyi altında muxtariyyət təklif edir, regionda beynəlxalq sülhməramlıların yerləşdirilməsini dəstəkləyir.

“NƏTİCƏ KRIMDAKI KİMİ OLACAQ”

ABŞ və Avropa Birliyi Rusiyanı Ukraynanın şərqinə hərbçi və silah göndərməkdə ittiham edir. Rusiya isə ittihamları rədd edir. Ancaq Ukrayna indiyədək öz ərazisində bir neçə rusiyalı əsgəri saxlayıb, silah ələ keçirib.

Siyasi karikatura
Siyasi karikatura

Putin bazar ertəsi Helsinki sammitində Krımın ilhaqını 2014-cü ildə keçirilmiş referendumla əsaslandırmışdı. Həmin referendumun nəticəsi beynəlxalq səviyyədə tanınmayıb.

“İnanırıq ki, beynəlxalq hüquqa uyğun referendum keçirdik. Bu məsələ Rusiya üçün qapanıb”, – o deyib.

Donetsk və Luqansk liderləri də 2014-cü ildə referendum keçirərək müstəqillik elan ediblər. Amma ABŞ və Avropa Birliyi bu səsverməni tanımayıb, Ukrayna onu “saxta” adlandırıb.

Putin ötən il fərman imzalayaraq Luqansk və Donetsk separatçı hökumətlərinin buraxdığı pasportları və digər sənədləri tanıyıb. Bu regionlar artıq rublu da rəsmi valyutaları elan ediblər.

Ukraynanın şərqində referendum keçirilərsə, “nəticə Krımdakı kimi olacaq”, yəni Rusiyaya birləşməyə səs veriləcək. Bunu özünü Luqansk Xalq Respublikası adlandıran qurumun keçmiş rəhbəri Igor Plotnitsky ötən ilin martında Rusiyanın RIA Novosti dövlət xəbər agentliyinə demişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG