Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:31

Qarpızın qiyməti 'dağ başında' - Media icmalı


Qarpız
Qarpız

Strateq.az «Bostan məhsulları niyə bahadır?» sualına mütəxəssislər və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə cavab axtarıb.

Sayt yazır ki, iyul ayının ikinci yarısı olmasına baxmayaraq, bazarlarda qarpızın qiyməti 50-60 qəpikdən aşağı düşmür. Halbuki ötən ilin eyni dövründə qarpızın bir kiloqramı 20-25 qəpiyə satılırdı, topdansatışda isə daha aşağı qiymətə təklif olunurdu.

Yazıda deyilir ki, bu il bostan məhsullarının bahalığı sosial mediada əsas müzakirələrdən biridir, qiymət yüksək olduğundan qarpız, yemiş ala bilmədiklərini deyirlər.

«Bu il qarpızın qiymətinin baha olmasının bir neçə səbəbi var. Birincisi, əvvəlki ilə nisbətən bostan bitkilərinin əkin sahəsi 10.6 faiz azalıb. İkincisi, havaların isti keçməsi suvarma suyuna ehtiyacı artırdığı halda əksər bostan sahələrinə su verilməyib, nəticədə qarpız tağları susuzluqdan məhv olub», - kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli sayta söyləyib. O, bahalaşmaya daha bir səbəb də gətirir, deyir ki, keçən illə müqayisədə bu il bostançıların istehsal xərcləri artıb, toxum 25% bahalaşıb.

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərli Anar Hüseynov isə məhsulların qiymətinin müəyyən olunmasında nazirliyin iştirak etmədiyini söyləyib: «Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır».

A.Hüseynov deyir ki, bu səbəblərdən biri də fermerlərin tələb-təklif qanunlarına uyğunlaşa bilməmələridir. Onun sözlərinə görə, fermerlər «sözləşmiş kimi» ötən il baha satılan məhsulları əkdiklərindən nəticədə başqa meyvə-tərəvəzin qiymətinin yüksəlməsinə imkan yaradıblar.

Nazirliyin sözçüsü bahalığı texniki bitkilərə marağın artması, yayın quraq keçməsi ilə də bağlayır.

G.Bayramlı
G.Bayramlı

Siyasətçi xanımla etibarnamə davası

Azadliq.info yazır: «Gözəl Bayramlının ailəsinə etibarnamə verilmir».

Sayt deyir ki, hazırda həbsxanada olan AXCP sədrinin müavini G.Bayramlının ailə üzvlərinə etibarnamə verilməsinə maneələr yaradılır. Buna görə də G.Bayramlının hüquqlarının pozulmasına səbəb olan qurumlardan şikayət verəcəyi qeyd olunur: «Bacısı Şirin xanımın sözlərinə görə, bu məsələ qəsdən uzadılır. Gözəl xanım bu cəzaçəkmə müəssisəsinə köçürülənə qədər qanunla onlara etibarnamə verilə bilməyəcəyini bildiriblər. Bura köçürüldükdən sonra isə yol çantasından götürülən əşyaların geri alınması üçün bir, Avropa Məhkəməsinin qərarı ilə pozulmuş hüquqlarına görə siyasətçi xanıma ödənilməli təzminatı almaq üçün başqa etibarnamə tələb olunduğu bildirilib».

Sayt yazır ki, birinci etibarnamə iki aya yaxındır verilsə də, G.Bayramlı keçən ilin mayında saxlanıldığı zaman çantasından çıxan əşyaları hələ də geri ala bilməyib.

Azadliq.info qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında G.Bayramlıya ödənilməli təzminatı çıxarmaq üçünsə ümumiyyətlə, etibarnamə verilmir.

Onun bacısı Ş.Bayramlının sözlərinə görə, etibarnamə verilməsi üçün 600 manatlıq sənəd tərcümə etdiriblər, indi isə min bir bəhanə ilə sənədi vermirlər.

Sayt yazır ki, G.Bayramlı sənədin verilməməsini birbaşa «yuxarılar»ın göstərişi hesab edir.

İndiyə kimi AİHM G.Bayramlının iki şikayətinə baxıb və hər iki iş üçün də Azərbaycan hökumətini cərimələyib. Həmin təzminatın yalnız müəyyən hissəsi hesabına köçürülüb.

İ.Əliyev Cənub Qaz Dəhlizinin açılışında
İ.Əliyev Cənub Qaz Dəhlizinin açılışında

İnkişaf barometri - Strateji Yol Xəritəsi

«Tənəzzülə tamam, inkişafa davam». «Azərbaycan» qəzetinin məqaləsi belə adlanır.

Məqalədə deyilir ki, Strateji Yol Xəritəsi qısa-, orta- və uzunmüddətli dövrləri əhatə edir: «Sənəd təkcə iqtisadi islahatların məqsəd və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meylləri, onun tam və hərtərəfli diaqnostikasını, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir».

Qəzet yazır ki, qısamüddətli dövrdə seçilmiş prioritetlərə fokuslanaraq orta- və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın bünövrəsi qoyulacaq, bu sahədə dövlət investisiyaları katalizator, özəl sektor isə iqtisadi inkişafın lokomotivi olacaq.

Yazıda deyilir ki, Azərbaycan iqtisadiyyatı son illər ərzində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi yeni mərhələyə qədəm qoyub.

Sözügedən müddətdə ÜDM-in həcmində adambaşına 6.5 dəfə artım olduğu, bunun da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə qaldırdığı qeyd edilir.

«Azərbaycan» yazır ki, 2004-2015-ci illərdə neft gəlirləri hesabına reallaşan iqtisadi artım həmin dövr üçün qarşıya qoyulmuş hədəfləri gerçəkləşdirməyə əsas yaradıb: «2004-cü ildə Azərbaycan adambaşına düşən milli gəlirin həcminə görə yoxsul ölkələr qrupuna aid edilirdisə, 2005-ci ildə aşağı-orta gəlirli, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olub».

Qəzet bunu da qeyd edir ki, son illər reallaşdırılan iqtisadi artım modeli iri həcmdə strateji valyuta ehtiyatları yaratmağa imkan verib, indi onun həcmi 42 milyard dollardan çoxdur.

XS
SM
MD
LG