İki gündür ki, Şəkinin mərkəzi bazarında qəssabların tətil etdiyi bildirilir.
«Turan»ın məlumatına görə, buna səbəb bazar rəhbərliyinin mal-qaranın mütləq xüsusi olaraq ayrılmış yerdə kəsilməsi ilə bağlı yeni qayda tətbiq etməsidir. Bu zaman hər kəsilən heyvan üçün sahibindən 4 manat tələb edirlər.
Qəssablar deyirlər ki, bu tələb ətin bahalaşması ilə nəticələnə bilər: «Ətin bahalaşması isə tələbatın azalmasına gətirər və onlar ziyana düşə bilərlər».
İndiyədək bazarda qoyun ətinin bir kiloqramını 7-10 manata, mal ətini 10 manata almaq olurdu.
Yerli sakinlər isə tətilin ət çatışmazlığına və ətin bahalaşmasına səbəb olacağından ehtiyatlanırlar. Şəhər əhalisi əti, əsasən, bazardan alır, Şəkidə hər gün təxminən 30-40 satış nöqtəsi fəaliyyət göstərir.
Heyvan kəsimi qaydaları Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi tələblərinə və sanitariya-gigiyena normalarına cavab verməyən, qanunsuz kəsim məntəqələrinin fəaliyyətinin qarşısını almaq məqsədilə keçirdiyi reydlərdən sonra sərtləşib.
Agentlikdən verilən məlumata görə, Bakıda da qanunsuz kəsim məntəqələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə reydlərə başlanıb və bəzi şəxslərə xəbərdarlıq edilib.
Reydlər dövlət başçısının küçələrdə, yol kənarlarında və sanitariya-gigiyena normalarına cavab verməyən digər yerlərdə heyvan kəsimini qadağan edən müvafiq sərəncamı əsasında aparılır.
Agentlik bildirir ki, tələbə əməl etməyənlərə qarşı sanksiyalar tətbiq olunacaq.