Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Azərbaycanda bazar münasibətləri 'bazar'a dönüb - Media icmalı


Bazar
Bazar

İyulun 19-da Azərbaycan mediası Rəqabət Agentliyinin yaradılması ilə bağlı gözləntilərdən, ərzağın bahalanmasından, ölkə iqtisadiyyatında neft-qaz sektorunun aparıcı rolundan yazır.

Real bazar qiymətlərində artım daha yüksəkdir

«Yeni Müsavat» qəzeti ərzaq və istehlak mallarının bahalaşmasından yazır: «Ərzaq sürətlə bahalanır - rəsmi xəbərə ekspert rəyi».

Qəzet öncə rəsmi statistikanı təqdim edir: «Bu ilin ilk yarısında ərzaq məhsulları 3%, qeyri-ərzaq məhsulları 3.8%, əhaliyə ödənişli xidmətlər 2.4% bahalaşıb».

Yazıda deyilir ki, kərə yağının qiymətinin enməsi üçün keçən il gömrük rüsumları 15%-dən 5%-ə qədər azaldılsa da, qiymət elə 17 manat 90 qəpik həddində qaldı.

Qəzetə danışan iqtisadçı-ekspert Rəşad Həsənov bahalaşmanın səbəblərini belə şərh edir: «Burada gözlənilməyən nəsə yoxdur. Ümumiyyətlə, inflyasiya proqnozlaşdırılırdı, xüsusən də ərzaq məhsullarında. Müşahidələr onu göstərir ki, real bazar qiymətlərində artımlar daha yüksəkdir».

Ekspert hesab edir ki, ölkədə ərzaq məhsullarında inflyasiya meylləri 2015-ci ildən bəri daha da sürətlənib, bunun səbəbləri sırasında isə devalvasiyalar, ölkədə istehsalın xammal baxımından idxaldan asılı olması kimi amillər var: «2017-ci ilin birinci rübündə yığımların xərclənməsi prosesi başladı, bununla da sahibkarlar üçün qiymət artımı imkanları formalaşdı. Bu bahalaşma özünü ötən il ərzaq məhsullarının qiymətinin kəskin bahalaşmasında göstərdi, bu, təqribən 16% ətrafında idi».

R.Həsənovun sözlərinə görə, proses 2018-ci ildə də davam edir, çünki elə məhsullar var ki, onların qiymətləri dünya bazarında da qalxır, bu da ərzaqların maya dəyərinə, qiymətinə təsir edir.

Kərə yağının ucuzlaşmaması barədəsə ekspert deyir ki, burada həm daxili istehsalın tələbatı ödəməməsi, həm yerli məhsulun keyfiyyətsizliyi, həm də inhisarçılıq kimi amillər iştirak edir.

R.Həsənov bahalaşmanın bundan sonra da davam edə biləcəyini deyir.

Monopoliya
Monopoliya

«Rəqabət irəliləyişi», yoxsa...

«Novoye Vremya» qəzeti Dövlət Rəqabət Agentliyinin yaradılmasını müzakirəyə çıxarır: «Rəqabət – tərəqqinin mühərriki».

Qəzet yazır ki, biznesdə rəqabət barədə əvvəllər də çox deyilib, amma Azərbaycan reallığında sağlam biznes rəqabəti və ya rəqabətli biznes yoxdur: «Ümumiyyətlə, təsirli bazar qaydaları və bazar münasibətləri olmayan yerdə rəqabət gözləməyə dəyməz. Azərbaycanda bazar münasibətləri «bazar»a dönüb, buranı inhisarçılar idarə edir. Biznesin öz arasında rəqabət aparması üçün normal şəraitin yaradılması zəruridir, indiki halda isə bu yoxdur».

Qəzet vurğulayır ki, rəqabət istər istehlak bazarında, istərsə də xidmət sahəsində qiymətlərin enməsi üçün əsaslar yaradır, odur ki, əlverişli rəqabət mühiti təkcə iş adamları üçün yox, həm də sadə vətəndaşlar üçün vacibdir.

«Novoye Vremya» sağlam rəqabət mühitinin olmamasının səbəbkarı kimi inhisarçı oliqarxları göstərir və deyir ki, qanunvericilik müstəvisində inhisara qarşı mübarizə sərtləşdirilsə də, vəziyyət dəyişməyib: «İstər oliqarxlar və inhisarçılar, istərsə də dövlət məmurları bilməlidirlər ki, rəqabət tərəqqinin mühərrikidir».

Məqalədə qeyd olunur ki, problem Azərbaycanda bəzi yüksəkrütbəli məmurların inhisarçı olmasındadır, onlar rəqabət sahəsində bütün başlanğıclara müqavimət göstərirlər. Yeni yaradılacaq Dövlət Rəqabət Agentliyinə də ilk müqaviməti həmin məmurların göstərəcəyi istisna edilmir.

Qəzet hesab edir ki, rəqabət yerli məhsulların təkcə ölkə bazarlarında yox, dünya bazarında da rəqabətlilik qabiliyyətini artıracaq, ixrac potensialı yüksələcək, yerli iqtisadiyyatın neft asılılığı azalacaq. Amma «Novoye Vremya»nın yazdığına görə, bu məsələdə bir incə nüans var: «Yeni Agentlik rəhbərliyi Azərbaycanda əlverişli biznes mühiti yarada biləcək, ya yox».

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Dəbdən düşməyən neft-qaz sektoru

«Azərbaycan» qəzeti neft-qaz sektorundakı durumdan bəhs edir: «Hasilatın ahəngdarlığı «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının potensialını əks etdirir».

Qəzet rəsmi statistikaya istinadla adıçəkilən yataqlardan bu ilin beş ayında Azərbaycanın 3 milyard 785 milyon dollar gəlir əldə etdiyini bildirir.

Məqalədə deyilir ki, bu ilin ilk rübündə bu yataqlarda ümumi hasilat gündəlik 597 min barrel təşkil edib, 2017-ci ilin sonunda AÇG-də 118 neft hasilat quyusu, 52 qaz və su injektor quyusu istismarda olub.

«İstər hasilatın davamlı olması, istərsə də yeni quyuların qazılması göstərir ki, AÇG-nin potensialı böyükdür. Məhz ehtiyatlarının bol olduğuna görə keçən il sentyabrın 14-də AÇG yataqlarının beynəlxalq tərəfdaş şirkətlərlə birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalandı. Oktyabrın 31-də saziş Milli Məclis tərəfindən ratifikasiya olundu. Bu, 2049-cu ilin sonunadək davam edəcək müqavilədir», - qəzet yazır.

Məqalədə qeyd olunur ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkənin neft-qaz sektoruna marağın azalmadığı, xarici şirkətlərin bu sahəyə daha böyük maraqla vəsait qoyduqları xüsusi vurğulanıb.

«Azərbaycan» yazır ki, keçən il imzalanan yeni saziş AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, texnologiyalar, birgə səylərlə həm də blokun neftvermə əmsalını ən yüksək həddə çatdırmaq imkanı yaradır.

Qəzet hesab edir ki, bu sazişin həyata keçirilməsi AÇG-nin Azərbaycana gətirdiyi iqtisadi mənfəətləri də maksimuma çatdıracaq.

XS
SM
MD
LG