Britaniyalı təhqiqatçılar rusiyalı keçmiş ikili agent Sergei Skripal və qızına Novichok sinir qazıyla hücumda şübhəliləri müəyyənləşdirdiyini bildirir. Məlumatı Press Association (PA) iyulun 19-da yayıb.
İstintaqa bələd, adı çəkilməyən mənbə bildirir ki, bu ölüm qəsdində bir neçə rusiyalının əli olub. Mənbə şübhəlilərin kimliyinin ölkəyə daxil olanlar barədə bilgilərin təhlükəsizlik məlumatlarıylatutuşdurulması nəticəsində təsdiqləndiyini söyləyib.
Təhqiqatçıların bildirməsinə görə, Skripal-lara sui-qəsddə bir neçə rusiyalının əli olmasından şübhələnirlər və azı bir şübhəli hələ də axtarılır.
Skripal və qızı Yulia martın əvvəlində İngiltərənin cənubundakı Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapılıblar. Onların Novichok-la zəhərləndiyini aşkarlanıb. Hər ikisi müalicədən sonra xəstəxanadan buraxılıb.
London bu hücuma görə Moskvanın məsuliyyət daşıdığını dəfələrlə bildirib. Rusiya isə insidentdə heç bir əli olmadığını deyir.
Bu hesabatın açıqlandığı bir vaxtda 44 yaşlı britaniyalı Dawn Sturgess-in ayın əvvəlində dünyasını dəyişməsi də araşdırılır. O, iyunun 29-da Novichok tipli sinir qazıyla zəhərlənəndən sonra vəfat edib.
Sturgess-in partnyoru, 45 yaşlı Charlie Rowley-nin evindən bir butulkada sinir qazı aşkarlanıb. Rowley hazırda ağır vəziyyətdə xəstəxanadadır.
Polisin bəyanatında deyilir ki, həmin butulkadakı Novichok-un Skripal-ların zəhərləndiyi sinir qazıyla “eyni partiya”dan olub-olmadığını müəyyənləşdirmək üçün əlavə testlər aparılır.