Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Ağ ev Putin-in təklifini götür-qoy edir


William (Bill) Browder Nümayəndələr Palatasında, 23 may, 2018-ci il
William (Bill) Browder Nümayəndələr Palatasında, 23 may, 2018-ci il

Rusiya prezidenti Vladimir Putin-in təklifi Ağ evlə Dövlət Departamenti arasında ziddiyyət yaradıb. Putin təklif edib ki, Kremlin tənqidçisi William Browder-i təqib edən rusiyalı prokurorların bir neçə amerikalını dindirməsinə icazə verilərsə, ABŞ prokurorlarının 2016-cı il seçkisinə haker hücumunda suçlanan 12 rusiyalını dindirməsinə şərait yaradılsın.

Ağ ev iyulun 18-də axşam bildirib ki, Putin-in iyulun 16-da Helsinki sammitində ABŞ prezidenti Donald Trump-a verdiyi təklifi nəzərdən keçirir. Ancaq Dövlət Departamenti və Federal Təhqiqatlar Bürosu (FTB) təklifi rədd edib, departament bunu “tamamilə absurd” adlandırıb.

“ABSURD” TƏKLİFLƏR

Rusiya Browder-i vergidən yayınmada və dələduzluqda ittiham edir, üstəlik, sammitdə iddia edib ki, britaniyalı maliyyəçi Rusiyadan qanunsuz yolla, vergi ödəmədən 1,5 milyard dollar çıxarıb.

Heritage Capital-ın rəhbəri olan Browder vaxtilə Rusiyada ən böyük qərb investoru idi. Onu “Putin-in qənimi” adlandırırlar, bir sıra ölkələrdə Magnitsky qanunlarının qəbulunda böyük rol oynayıb. Bu qanunlar Rusiyada və digər ölkələrdə insan haqlarını pozanların cəzalandırılmasını nəzərdə tutur.

Donald Trump və Vladimir Putin
Donald Trump və Vladimir Putin

Rusiyalı müstəntiqlərin Browder işində dindirmək istədiyi amerikalılar içində Birləşmiş Ştatların Rusiyadakı səfiri Michael McFaul da var. O, iyulun 17-də Dövlət Departamentini Rusiyanın dindirmə xahişlərini “rədd etməyə” çağırıb.

Dövlət Departamentinin sözçüsü Heather Nauert iyulun 18-də deyib ki, “Rusiya hökumətindən gələn təkliflər, onların 11 amerikalı vətəndaşı dindirmək istəməsi tamamilə absurdur”.

Nauert ABŞ məhkəməsinin Rusiyanın Browder-ə qarşı iddialarını rədd etdiyini, Rusiya hakimiyyətinin Vaşinqtonun bu məsələdə hansı mövqe tutmasından xəbərdar olduğunu söyləyib.

“MARAQLI İDEYA”

FTB-nin direktoru Christopher Wray isə iyulun 18-də Koloradoda Aspen Təhlükəsizlik Forumundakı çıxışında deyib ki, Putin-in təklifi “bizim təhqiqat texnikaları siyahımızda prioritet deyil”.

Michael McFaul
Michael McFaul

Bu reaksiyalar Ağ evin mətbuat katibi Sarah Huckabee Sanders-in dedikləri ilə ziddiyyət təşkil edib. Onun deməsinə görə, prezidentin “komandası” Rusiyanın təklifini nəzərdən keçirir. Trump sammitdə həmin təklifi “inanılmaz” adlandırıb.

Sanders deyib ki, Trump Putin-in təklifini “maraqlı ideya” adlandırıb. “Prezident komandasıyla görüşməyə hazırlaşır, bu haqda açıqlama vermək istəyəndə biləcəksiniz”, – o deyib.

Browder isə “Fox Business Network”ə bildirib ki, Ağ evin Putin-in təklifini nəzərdən keçirməsi “sadəcə şokedici”dir.

Trump-ın sələfi Barack Obama-nın vaxtında ABŞ-ın Rusiyada səfiri olmuş, vaxtında Stenford Universitetində çalışan McFaul-un “Reuters”ə deməsinə görə, o, Ağ evin onu Rusiyanın “dəli” ittihamlarına qarşı müdafiə etməməsindən “dərindən narahat olub”.

McFaul Ağ evi “Putin-in bu gülünc xahişini qətiyyətlə pisləməyə” çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG