Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:30

Obama ‘qəribə zəmanə’dən danışır


Barack Obama
Barack Obama

İyulun 17-də ABŞ-ın keçmiş prezidenti Barack Obama Yohannesburqda Nelson Mandela-nı anım mərasimində çıxış edib. Obama dünyanın “qəribə, qeyri-müəyyən dönəm”ə girməsi barədə xəbərdarlıq edib. “Frans Pres” agentliyi bunun ABŞ-ın hazırkı prezidenti Donald Trump-a örtülü hücum olduğunu yazır.

Obama Trump-ın adını çəkməyib, amma xəbərdarlıq edib ki, “qorxu və acıq siyasəti” yayılır, bunun arxasında da faktlara nifrət edən, “qətiyyən utanc hissi keçirmədən” yalanlar danışan liderlər dayanır.

“BİR NƏFƏR DANIRSA...”

O, iqlim dəyişikliyinin danılmasını, irqçiliyə əsaslanan miqrasiya siyasətini, yüyənsiz kapitalizmi, “qoluzorlu siyasəti”ni kəskin tənqid edib. Bütün bunlar Trump-ın ziddiyyətli prezidentliyinin elementləri hesab olunur.

Hal-hazırda yaşadığımız qəribə və qeyri-müəyyən zəmanədə hər gün xəbərlərdə başgicəlləndirici, narahatlıq yaradan başlıqlar oxuyuruq. Məncə, bəlkə də bir anlıq geri çəkilərək gələcəyi düşünmək faydalı olar”, – Obama çıxışının əvvəlində deyib.

O, Yohannesburqdakı kriket stadionunda 10 mindən çox adam qarşısında çıxış edib. Burada Nelson Mandela-nn 100 illiyi münasibətilə böyük tədbir keçirilib.

“Bunun bir səbəbi hökumətlərin, güclü elitaların uğursuzluğudur… amma indi görürük ki, dünyada iş görməyin köhnə, daha təhlükəli, daha qəddar yoluna qayıdırlar”, – Obama söyləyib.

O, miqrasiya, iqlim dəyişikliyinə toxunub, deyib ki, “faktlara inanmalısınız, faktlarsız əməkdaşlığın əsası yoxdur”.

“Dünyanın demək olar, bütün alimləri iqlim dəyişikliyinin baş verdiyini deyirsə, bir nəfər inkar edirsə, bunda ortaq məxrəci görmürəm”, – keçmiş prezident vurğulayıb.

“HƏR ŞEYİ UYDURURLAR”

Onun bu sözləri isə gülüşə səbəb olub: “Bu gün siyasətdə obyektiv həqiqət məfhumu rədd edilmiş kimi görünür, adamlar sadəcə, hər şeyi uydururlar”.

“Siyasi liderlər arasında utanc hissinin tamamilə itdiyini görürük, onlar yalanın içindədir, bunu artırır, daha çox yalan danışıqlar”, – Obama deyib.

Obama 2017-ci ildə Ağ evi tərk edəndən ictimaiyyət arasında nisbətən az görünüb.

Dünyada “Mandela günü” hər il onun ad günündə – iyulun 18-də qeyd olunur.

2013-cü ildə dünyasını dəyişmiş Mandela ağların irqçi siyasətinə qarşı uzunmüddətli mübarizənin simvolu sayılır. O, ömrünün 27 ilini həbsxanada keçirib.

Obama Mandela ilə 2005-ci ildə görüşüb, dəfnindəki çıxışında onu “20-ci əsrin sonuncu böyük xilaskarı” adlandırıb.

Onların hər ikisi öz ölkələrinin ilk qaradərili prezidentləri olublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG