Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:03

'Tam üzən məzənnə təlatümə, çalxalanmalara yol açacaq' – Media icmalı


Dollar
Dollar

İyulun 18-də Azərbaycan mediası manatın tam üzən məzənnə rejiminə keçidin ehtimal edilən nəticələrindən, toyuq əti və yumurtanın bahalaşmasından, ölkə iqtisadiyyatına xarici sərmayə qoyuluşunun artmasından yazır.

Üzən məzənnə müəmması

«Mərkəzi Bank (MB) yenə də «üzən məzənnə» ilə qorxudur», - «Novoye Vremya» qəzetinin məqaləsi belə adlanır.

Qəzet rəsmi qurumlara istinadla Azərbaycan manatının 2020-ci ildə tam üzən məzənnə rejiminə keçəcəyi halda ölkənin buna hazır olmadığını iddia edir.

Deyilir ki, İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi 2017-ci ildə «Azərbaycan Respublikası Strateji Yol xəritəsi»nin yerinə yetirilməsi ilə bağlı monitorinq və dəyərləndirmə keçirib. Bu monitorinqə görə, Mərkəzi Bank strateji yol xəritəsində nəzərdə tutulan tədbirlərin 69%-ni icra edib: «2020-ci ildən Azərbaycan tam üzən məzənnə rejiminə keçəcək».

«Novoye Vremya» yazır ki, iki il öncə MB manatın üzən məzənnəyə keçdiyini elan etdi, amma bir sıra ekspertlər Azərbaycanın buna hazır olmadığı iddiasını ortaya qoydular.

Qəzet üzən məzənnənin ancaq sənaye inkişafına malik ölkələrdə səmərəli olduğunu qeyd edir: «Bütün dünya ölkələrinin ancaq 34%-i üzən valyuta məzənnə rejimi müəyyən edib. Bu da 65 ölkə deməkdir ki, onun da ancaq 29-u tam üzən məzənnə rejimindədir və buraya müdaxilə ancaq xüsusi hallarda ola bilər. 36 ölkə isə üzən məzənnə rejimindədir və pulun dəyəri bazarın tələb təklifinə əsaslanır. Avrozonada ancaq 17 ölkə sərbəst üzən məzənnə rejiminə keçib».

Qəzet Azərbaycanın fəxr edəcəyi inkişaf etmiş istehsalı olmadığını bildirir və əlavə edir ki, bu gün ölkədə sərbəst üzən məzənnə mövcud deyil, sadəcə, manatı üzdə saxlaya bilmək üçün Neft Fondu hərraclarda 300-350 milyon dollar satmaqla il ərzində buna 4 milyard dollar xərcləyir.

Məqalədə bu da vurğulanır ki, Azərbaycanda valyuta bazarı olmadığı kimi, qiymətli kağızlar bazarı da yoxdur, valyuta hərraclarında iştirakçı olan 20-25 bankı valyuta bazarının tamhüquqlu oyunçuları saymaq çətindir və odur ki, ölkədə məzənnə üzən yox, inzibatidir.

Qəzetin iddiasına görə, tam üzən məzənnə rejimi bu sahədə təlatümə, çalxalanmalara, valyuta bazarında məzənnə sıçrayışına, möhtəkirliyə yol açacaq.

Yumurta
Yumurta

Toyuq əti və yumurta niyə bahalaşır

«Bizim Yol» qəzeti bahalanma mövzusuna toxunur: «Yumurta və toyuq əti kəskin bahalaşıb».

«Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib», - qəzet yazır.

«Bizim Yol» Dövlət Statistika Komitəsinin də iyunda toyuq ətinin, yumurtanın qiymətinin qalxdığını açıqladığını qeyd edir. Qəzetə danışan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkədə yumurtanın və toyuq ətinin qiymətinin artmasını quş yeminin bahalaşması ilə əsaslandırıb. O, bununla əlaqədar olaraq istehsalçıların da məhsullarının qiymətini qaldırmağa məcbur qaldıqlarını söyləyib: «İyun biçin ayı olduğu üçün bazarda yem azalır. Köhnə yemin qiyməti qalxır, yəni istehsalçılar bu müddətdən istifadə edirlər. Yem komponentlərinin dəyərindəki artım yumurtanın maya dəyərinə təsir edir».

Quşçular Cəmiyyətinin sədri ölkənin broyler təsərrüfatının 60 faizinin xaricdən asılı olduğunu bildirib və ölkəyə idxal edilən yemin 80 faizinin xaricdən gətirildiyini açıqlayıb.

A.Vəliyevin sözlərinə görə, yüksəkkalorili yem sayılan soyanın bir tonunun qiyməti 900 manatdan 1400 manata, qarğıdalının bir tonunun qiyməti 350 manatdan 450 manata qalxıb.

Bununla belə, cəmiyyət sədri yumurtanın qiymətində artımın müvəqqəti xarakterli olduğunu vurğulayıb.

Qəzet isə yazır ki, normal halda yayda yumurta və toyuq ətinə tələbat azaldığından qiymətlər nəinki bahalaşmalı, əksinə, aşağı düşməli idi.

Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi
Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi

Neft-qaza maraq hələ böyükdür

«Azərbaycan» qəzeti yazır: «Xarici investorların Azərbaycan iqtisadiyyatına marağı artır».

Qəzet deyir ki, bu marağın əsasını ölkə iqtisadiyyatının inkişafını təmin edən düşünülmüş siyasət təşkil edir: «Son 15 ildə iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ikinci bir ölkə yoxdur və buna görə də böhranlı illərdə vəziyyətdən az itkilərlə çıxıb».

Məqalədə deyilir ki, daha bir səbəb əvvəlki illərdə aparılan islahatların müsbət nəticə verməsidir: «Nəticədə, ölkədə ərzaq təhlükəsizliyi yaranmaqla bərabər, ixrac potensialı da artıb. Hazırda Azərbaycanın xarici ticarətinin müsbət saldosu 4 milyard dollardan çoxdur. İxrac 34 faiz artıb. Bu artımda qeyri-neft məhsullarının ixracının payı getdikcə daha da çoxalır».

Qəzet bunu da qeyd edir ki, Azərbaycanın neft-qaz sektoruna dünyanın marağı azalmır, əksinə, getdikcə artır və bu sahədə yeni müqavilələrin imzalanmasını bunun əyani göstəricisi adlandırır.

Bu yerdə mayın sonunda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin keçirildiyi yada salınır, Cənub Qaz Dəhlizinin mühüm seqmentlərindən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinin uğurla başa çatması vurğulanır.

Yazıda «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində artıq Türkiyəyə qaz nəqlinə başlandığı da deyilir: «Ümumiyyətlə isə, «Şahdəniz»in hasilatı, birinci mərhələ də daxil olmaqla, ildə 26 milyard kubmetr qaz və gündəlik 120 min barrel kondensat həcminə çatdırılacaq. İyun ayında isə TANAP-ın (Trans Anadolu Qaz Boru Kəməri) açılışı olub».

Qəzet yaxın vaxtlarda yeni müqavilələr imzalanacağını, neft-qaz sektoruna xarici investorların maraqla sərmayə yönlədirdiklərini deyərək, bunu Azərbaycanın sabit və güclü ölkə olması ilə izah edir.

XS
SM
MD
LG