Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Moskva: Butinanın həbsi Trump-Putin sammitini gözdən salmaq üçündür


Maria Butina (sağda) Rusiya hökumətinə bağlı ekspertlərlə görüşdə
Maria Butina (sağda) Rusiya hökumətinə bağlı ekspertlərlə görüşdə

Moskva ABŞ-da Rusiya vətəndaşının xarici agentlər haqqında qanunu pozması ittihamı ilə həbs olunmasını pisləyib və bildirib ki, bu hərəkətdən məqsəd Donald Trump və Vladimir Putinin Helsinki sammitinin gözdən salınması olub.

İyulun 18-də Rusiya XİN-in bu barədə bəyanatı yayılanda Maria Butina Vaşinqton sahə məhkəməsi qarşısına gətirilməli idi.

Bu dinləmədən bir gün əvvəl ABŞ prokurorları Butinaya qarşı yeni ittihamlar irəli sürmüşdülər.

Hakimiyyət orqanları onu ABŞ hökumətinə Rusiya hökuməti üçün işlədiyi barədə bildiriş verməməkdə ittiham edir.

Moskvada keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova ittihamların əsassız olduğunu və Vaşinqtondakı “rusofob qaraqışqırıqdan” qaynaqlandığını deyib.

"Belə bir təsəvvür yaranır ki, kimsə saat və kalkulyator götürərək Butinanın həbsinin sammitin nəticələrini nə vaxt daha yaxşı gözdən sala biləcəyini hesablayıb. Bu həbsin vaxtı bilərəkdən seçilib”.

***

ABŞ-da böyük jüri Rusiyanın gizli agenti olmaqda suçlanan qadına ittihamları artırıb. Rusiya rəsmiləri isə bu cinayət işini pisləyib.

Vaşinqtondakı Amerika Universitetinin tələbəsi, Rusiyada silah hüquqları təşkilatının təsisçisi olan 29 yaşlı Maria Butina əlbirlikdə, Rusiya hökumətinin agenti kimi fəaliyyət göstərməkdə ittiham olunur.

Butina-ya ittihamlar üzrə maksimum 10 il həbs cəzası kəsilə bilər. Ancaq ona casusluq, Rusiya kəşfiyyat xidmətinin üzvü olmaq kimi ittihamlar irəli sürülməyib.

Qadın iyulun 15-də saxlanıb, iyulun 18-də Vaşinqtonda məhkəməyə çıxarılacağı gözlənir.

Prokurorların Butina-nı ABŞ siyasətçiləri və siyasi təşkilatları ilə münasibətlər yaratmaqda, bunu Rusiya Mərkəzi Bankının yüksək rütbəli rəsmisinin göstərişi ilə etməkdə suçlayıblar. Həmin şəxs Rusiya prezidenti Vladimir Putin-lə münasibətlərə görə bu yaxınlarda ABŞ Xəzinədarlığının sanksiyalarına məruz qalıb.

Butina-nın saxlanması xəbəri
Butina-nın saxlanması xəbəri

Məhkəmə sənədlərində rəsminin adı çəkilməsə də, Butina Facebook səhifəsində Rusiya Mərkəzi Bankı rəhbərinin müavini Aleksandr Torshin-lə xeyli foto paylaşıb. Torshin apreldə Xəzinədarlığın sanksiyalarına məruz qalıb.

Media Butina-nın Torshin üçün işlədiyini yazsa da, o, məsələni şərh etməyib.

NAHARLAR, GÖRÜŞLƏR TƏŞKİL EDİRMİŞ

Rusiyanın siyasi “eksperti” Andrei Kolyadin-in deməsinə görə, o, ötən il Vaşinqtonda prezident Donald Trump-ın da qatıldığı səhər yeməyində iştirak edərkən Butina onun üçün tərcüməçilik edib. Hər il keçirilən səhər yeməklərində ABŞ-ın mühafizəkar siyasətçiləri iştirak edir.

Kolyadin Interfax agentliyinə müsahibəsində Butina-ya qarşı ittihamlardan birini təsdiqləmiş kimi görünür – o, Rusiyanın maraqlarının müzakirəsindən ötrü ABŞ konqresmenləri və administrasiya rəsmiləri ilə naharlar, görüşlər təşkil edirmiş.

“O, xeyli ideyaları olan, aşırı dərəcədə enerjili biridir. Bütün görüşlərdə bir ideyanı dəstəkləyirdi ki, pis sülh müharibələrin ən yaxşısından yaxşıdır”, – Kolyadin deyib.

Ədliyyə Departamenti iddiasında bildirir ki, Butina Birləşmiş Ştatların iki vətəndaşı və Moskvadakı bossu ilə işləyib, Amerika siyasətinə, Milli Silah Assosiasiyasına nüfuz etməyə çalışıb, ABŞ siyasətçiləri ilə gizli kommunikasiya xətləri qurmaq istəyib.

Dövlət Dumasının deputatı, daha öncə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri olmuş Nikolai Kovalyov-un iddiasına görə, Butina-ya ittihamları iyulun 16-da, Helsinkidə Trump-Putin sammitindən sonra açıqlamaqda məqsəd liderlərin münasibətləri yaxşılaşdırmaq cəhdlərinə zərbə vurmaq olub.

“Bu gün ABŞ təhlükəsizlik agentlikləri siyasətə müdaxilə etməklə öz prezidentlərinin əleyhinə işləyirlər”, –Kovalyov Rusiya xəbər agentliklərinə deyib.

Rusiya prezidenti yanında İnsan Haqları Şurasının sədri Mikhail Fedotov da Interfax-a deyib ki, Butina-nın həbsi Putin-Trump sammitinə zərbə vurmağı hədəfləyir və “pis bir örnək”dir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG