Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

'Yol çökmələrində batan milyonlar' - Media icmalı


Bakının Cəlil Məmmədquluzadə küçəsində yol çöküb
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Bakının Cəlil Məmmədquluzadə küçəsində yol çöküb

«Novoye Vremya» qəzetində belə bir sula cavab axtarır: «Tikinti sahəsindəki qanunsuzluqlara qarşı nə edək?».

Qəzet iyulun 16-da paytaxtın Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsindən sonra ölkədə bu sahədəki problemlərə diqqət çəkir.

Məqalədə deyilir ki, yol tikintisi Bakıda ən bahalı sahədir, baxmayaraq ki, əksər hallarda burada bahalılığın «iyi» belə olmur: «Səbəb nədir? Nəyə görə yol tikintisində belə faciələr baş verir? Bunun cavabını isə vaxtilə Karamzin verib: oğurlayırlar».

Qəzet C.Məmmədquluzadə küçəsində yolun həmin hissəsinin bu yaxınlarda çökdüyünü, təmir edilməsinə baxmayaraq hadisənin təkrarlandığını yazır.

«Novoye Vremya» bunun yeganə hadisə olmadığını, təmir edilmiş dövlət əhəmiyyətli Salyan-Neftçala yolunun Banka qəsəbəsi yaxınlığındakı hissəsində heç bir ay keçməmiş çökmə baş verdiyini, yolda iri çatların qeydə alındığını bildirir: «Hələ yol açılmamış sürücülər oradakı çatların şəkillərini çəkib göndərirdilər, Avtomobil Yolları Agentliyi isə yolun köhnə asfalt örtüyünün, qruntun dəyişdirildiyini, əsaslarının möhkəmləndirildiyini deyirdi. Amma bu qədər «gərgin iş» 3-4 həftəlik istismara davam gətirmədi».

Qəzet hesab edir ki, bu məsələdə ən anlaşılmaz olan Agentliyin bu qədər çəkilmiş xərcin havaya sovrulmasına hər hansı izah verməməsi, aydınlıq gətirməməsidir.

Məqalədə deyilir ki, yolların belə keyfiyyətsiz salınmasının səbəbi keyfiyyətsiz materiallardan istifadə olunması, yol çəkilişindəki fəhlələr üçün lazımlı iş şəraitinin yaradılmamasıdır: «Üstəlik, Avropada yol tikintisi sifarişində işçinin 15 il xidmət göstərəcəyi də daxil edilir, bizdə belə bir hal yoxdur, odur ki, yol çəkənlərin yaxşı yol çəkməyə stimulu olmur».

Quba. Hacıhüseynli bələdiyyəsi
Quba. Hacıhüseynli bələdiyyəsi

Bütün səlahiyyətlər bələdiyyələrə

«Bizim Yol» qəzeti yazır: «İcra hakimiyyətləri ləğv edilməli, səlahiyyətləri isə…».

Qəzet ölkənin gələcək idarəçilik sisteminin necəliyini Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edir.

«Bizim Yol» yazır ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsddən sonra sosial mediada müzakirə mövzularından biri də icra hakimiyyəti sisteminin xalq tərəfindən seçkilər vasitəsilə formalaşması və ya yeni idarəçilik qurumunun yaradılması ilə bağlıdır.

M.Əsədullazadənin sözlərinə görə, icra hakimiyyətlərinin hakim olduğu dövrdə regionlarda iqtisadi və sosial problemlərin həlli istiqamətində çətinliklər yenə də qalacaq. Onun dediyinə görə, mərkəzdən təyin edilən başçılar əhalinin problemləri ilə maraqlanmır, rayonların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına çalışmır və onun fikrincə, icra sisteminin ləğvini labüd edən səbəblərdən biri də budur.

Mütəxəssisin qənaətincə, artıq bu sistemin ləğv edilərək səlahiyyətlərin Türkiyədəki kimi bələdiyyələrə verilməsi vaxtıdır. M.Əsədullazadə hesab edir ki, sovet idarəetmə sistemindən qalan bu icra strukturu həm köhnədir, həm də müasir tələblərə cavab vermir. O, Azərbaycanda seçkili bələdiyyə sistemi yaradıldığı halda bu qurumun rayon icra başçılarından asılı olduğunu vurğulayır.

«Ümumiyyətlə, icra hakimiyyəti ləğv edilməli, bütün səlahiyyətlər bələdiyyələrə verilməlidir», - mütəxəssis deyir.

M.Əsədullazadə bunu qeyd edir ki, icra hakimiyyətlərinin seçki yolu ilə formalaşması xüsusən də böyük şəhərlərdə reallaşmalıdır, Bakı, Gəncə və Sumqayıt kimi şəhərlərdə mer seçkiləri keçirilməlidir.

Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

«Təcrübəsiz gəncləri hədəf seçirlər, onları qorumaq lazımdır»

«Azərbaycan» qəzeti son günlərin ən çox müzakirə edilən mövzusuna – Gəncə hadisələrinə toxunur. Bu barədə məqalə belə adlanır: «Müstəqil siyasət kursu heç bir təhdidi qəbul etməyəcək».

Qəzet iyulun 3-də və 10-da Gəncədə baş verən hadisələri xatırladaraq yazır ki, bu hadisələr birbaşa dövlət orqanlarının fəaliyyətini pozmaq və eyni zamanda, dini radikalizmi, xurafatı Azərbaycan cəmiyyətinə sırımaq cəhdi idi və xaricdən yönləndirilirdi.

«Azərbaycan» hesab edir ki, zorakılığı, terroru «ölkəyə düşmən kəsilənlər, Azərbaycana nifrətlə yaşayanlar» törədib.

Bununla belə qeyd olunur ki, xalq Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsinə cəhd göstərənlərin «məkrli arzularının qarşısında həmişə sipər olacaq».

«Dünya bizə baxır - bu baxış birmənalı deyil. Onların içərisində dost baxışı da var, düşmən nəzəri də. Bu gün kimin hansı tərəfdə durmasından asılı olmayaraq, bizim dövlət, vətən və xalq ünvanımız dəyişməzdir: bu, Azərbaycandır!», - qəzet yazır.

Məqalədə deyilir ki, belə qüvvələr daim təcrübəsiz gəncləri hədəf seçirlər və gəncləri onlardan qorumaq lazımdır.

Sonda «Azərbaycan» yazır ki, «dövlətçiliyi zəiflətmək, sabitliyi pozmaq və milli-mənəvi dəyərlərə ləkə vurmaq istəyənlər heç vaxt niyyətlərinə nail ola bilməyəcəklər».

XS
SM
MD
LG