Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:49

Trump Rusiyayla “qeyri-adi” münasibətə ümid edir


Vladimir Putin (sağda) və Donald Trump
Vladimir Putin (sağda) və Donald Trump

ABŞ prezidenti Donald Trump deyir ki, Birləşmiş Ştatlarla Rusiyanın “sonucda qeyri-adi münasibət” quracağına inanır. Onun sözlərinə görə, “Rusiyayla yola getmək pis deyil, yaxşı şeydir”.

Trump bunları Putin-lə görüşü başlanınca söyləyib.

“Həqiqətən də düşünürəm ki, dünya bizim yola getməyimizi istəyir”, – deyən Trump əlavə edib ki, Rusiya və Birləşmiş Ştatların əməkdaşlıqdan ötrü “böyük imkanları” olmasına inanır.

Görüş başlayınca ilk danışan Putin olub. O deyib ki, Tump-la bir neçə dəfə telefonla, eləcə də beynəlxalq toplantılar çərçivəsində söhbətləri olub.

“Əlbəttə, ikitərəfli münasibətlər və dünyadakı bir sıra ağrılı nöqtələr barədə ətraflı danışmağın vaxtı çatıb”, – o deyib.

Trump açılış nitqində Suriya münaqişəsi, Rusiyanın Krımı Ukraynadan ilhaq etməsi, Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi barədə bir söz deməyib.

O, ümidvar olduğunu bildirib ki, bu iki supergücün nüvə arsenalının azaldılması barədə razılaşma əldə olunacaq. Rusiyayla Birləşmiş Ştatların dünyada nüvə silahlarının 90 faizinə malik olduğunu vurğulayan Trump “ümid edirəm, bununla bağlı bir iş görə bilərik”, – söyləyib.

***

Helsinkidə ABŞ prezidenti Donald Trump-ın rusiyalı həmkarı Vladimir Putin-lə görüşü artıq başlanıb.

***

Finlandiya prezidenti Sauli Niinisto ilə səhər yeməyi zamanı Trump nikbin görünüb. Ondan soruşublar ki, Putin-ə nə deyəcək. “Sadəcə, hər şey qaydasında olacaq, çox sağ olun”, – o deyib.

Trump onu da əlavə edib ki, “NATO heç vaxt indiki kimi güclü və birlikdə olmayıb”. İyulun 11-12-də Brüsseldə keçirilən NATO sammitində Trump demişdi ki, alyans üzvləri onun tənqidlərindən sonra müdafiə xərclərini artırmağı sürətləndirməyə razılaşıblar.

Kremlin sözçüsü Dmitry Peskov-un Rusiyanın RT televiziyasına deməsinə görə, Moskva görüşün asan keçəcəyini gözləmir.

“Əlbəttə ki, prezidentlər Suriyanı müzakirə edəcəklər. Vaşinqtonun İran barədə nə düşündüyünü hamımız bilirik. Ancaq İran eyni zamanda ticarətdə, iqtisadi əməkdaşlıq və siyasi dialoqda yaxşı tərəfdaşımızdır. Bu səbəbdən, heç də asan fikir mübadiləsi olmayacaq”, – o deyib.

Donald Trump Finlandiya prezidenti ilə səhər yeməyində
Donald Trump Finlandiya prezidenti ilə səhər yeməyində

Sözçünün deməsinə görə, Rusiya sammitin münasibətlərdəki böhranı üstələməkdən ötrü “ilk addım” olacağını düşünür.

“Prezidentlər Trump və Putin bir-birinə sayqıyla yanaşır və yaxşı yola gedirlər. Görüşün aydın gündəliyi yoxdur. Bunu dövlət başçıları özləri müəyyənləşdirəcəklər”, – Peskov vurğulayıb.

***

ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-lə görüşdən öncə qarşılıqlı münasibətlərin indiki durumuna görə Birləşmiş Ştatlardakı “Rusiya istintaqı”nı ittiham edib.

“Rusiyayla münasibətimiz HEÇ VAXT bundan pis olmayıb, səbəb ABŞ-ın illər boyu davam etmiş səfehliyi və hazırkı saxta əcinnə ovudur”, – Trump iyulun 16-da tvitində yazıb.

Hal-hazırda xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır.

***

ABŞ prezidenti Donald Trump-ın rusiyalı həmkarı Vladimir Putin-lə görüşünə bir neçə saat qalır. Bu həm də iki ölkə liderinin 2010-cu ilim aprelindən bəri ilk ikitərəfli sammiti olacaq.

Trump Putin-lə Finlandiyanın paytaxtı Helsinkidəki Prezident Sarayında görüşəcək.

ABŞ dövlət katibi Mike Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov arasında da danışıqlar keçiriləcək.

ZİDDİYYƏTLƏR

İyulun 15-də axşam Trump onlarla polisin müşayiəti ilə Helsinkiyə çatıb. Onu onlarla tərəfdarı qarşılayıb.

Son illər ABŞ-Rusiya münasibətləri Soyuq Müharibədən bəri ən gərgin dönəmini yaşayır – Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq edib; Moskva Ukraynanın şərqində münaqişədə iştirak edir; Rusiya 2016-cı ilin prezident seçkisinə müdaxilədə ittiham olunur; Suriya müharibəsi, İranın nüvə proqramının önlənməsi üzrə fikir ayrılıqları var.

Bundan başqa, Trump iyulun 12-də NATO liderlərinin birgə bəyanatını imzalayıb. Bəyanatda deyilir ki, Rusiyanın siyasəti “sabitliyi və təhlükəsizliyi azaldıb”. Sənəddə Moskva avroatlantik təhlükəsizliyi və sabitliyə meydan oxumaqda suçlanır.

Tərəflər Helsinki görüşünə çox ümidli yanaşma sərgiləməkdə də ehtiyatlı davranıblar.

İyulun 12-də NATO sammitindən sonra Brüsseldə çıxış edən Trump deyib ki, Helsinki danışıqlarının münasibətləri yaxşılaşdıracağına ümid edir, amma bunun “sərbəst görüş” olacağını vurğulayıb.

“Bu görüşdən gözləntimiz böyük deyil. Suriya barədə danışmaq istəyirik”, – Trump vurğulayıb.

Sammit ərəfəsində Helsinkini etirazlar bürüyüb
Sammit ərəfəsində Helsinkini etirazlar bürüyüb

“KRIMIN İLHAQINI QƏBUL ETMİRİK”

Kremlin sözçüsü Dmitry Peskov da görüşdən sonra mümkün birgə bəyanatla bağlı sualdan yayınıb, deyib ki, “belə görüşlərdə birgə kommunike elə də vacib deyil”.

Peskov prezidentlərin görüşdən sonra birgə mətbuat konfransı keçirəcəyini də təsdiqləyib.

Daha öncə liderlərin “Birləşmiş Ştatlarla Rusiya arasında münasibətləri, milli təhlükəsizliklə bağlı bir sıra məsələləri” müzakirə edəcəyini bildirilib.

Ağ evin sözçüsü Sarah Sanders iyulun 3-də bir daha vurğulayıb ki, “biz Rusiyanın Krımı ilhaq etmək cəhdini tanımırıq”.

“Rusiya yarımadanı Ukraynaya qaytarmayanadək Moskvaya sanksiyalar qüvvədə qalacaq”, – o deyib.

Putin indiyədək dəfələrlə qeyd edib ki, Krım məsələsini heç bir beynəlxalq forumda müzakirə etməyəcək.

Prezidentlərin nüvə silahlarına nəzarəti də götür-qoy edəcəkləri gözlənir.

Təhlilçilərin fikrincə, elə bu görüşün baş tutması Putin üçün artıq qələbə sayıla bilər. Belə ki, Krımın anneksiyasından sonra onun Qərb ölkələri ilə kontaktları məhdudlaşıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG