Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:22

'Əbülfəz Bünyatovu ev dustağı edin' – Media icmalı


Ə.Bünyatov
Ə.Bünyatov

Yerli media iyulun 16-da Gəncə hadisələri fonunda ölkədəki multikultural vəziyyətdən, Nardaran hadisələrində şikəst olan Əbülfəz Bünyatovun həbsxana şəraitində saxlanmasından, yerli meyvə növlərinin sıradan çıxma ehtimalından yazır.

«Zülm etmək insanı böyük etməz…»

Azadliq.info-da yazıçı Zümrüd Yağmurun məqaləsi belə adlanır.

O, 2015-ci il noyabrın 26-da Nardaran hadisələri zamanı güllə yarası alaraq ömürlük şikəst qalan və buna baxmayaraq, Qobustan qapalı həbsxanasına göndərilən Əbülfəz Bünyatovdan yazır: «YAP iqtidarı… İndi də şikəst etdiyi, cavan yaşında bütün həyatını, sağlamlığını məhv etdiyi xəstə bir adama savaş açıb. Söhbət Əbülfəz Bünyatovdan gedir. Onun bütün bədəni hərəkətsizdir. Bir əllərini tərpədə bilir. Təbii ehtiyaclarını belə kiminsə köməyi olmadan ödəyə bilməz. Bədəni büsbütün yataq yaralarıdır və belə bir adamı Qobustan həbsxanasına göndəriblər».

Z.Yağmur Ə.Bünyatovun qapalı, isti və heç bir tibbi yardım, baxım üçün kimsənin olmadığı bir yerdə necə yaşayacağı, onu kimin yedirəcəyi, hər gün yataq yaralarını kimin sarıyıb təmizləyəcəyi kimi suallar verir.

Müəllif çıxış yolu kimi hakimiyyətə həmin məhbusun yenə də ev dustağı qalmasını təklif edir: «Əbülfəz Bünyatov cinayətkar deyil, amma illah onu cinayətkar elan edib həbs edəcəksiniz, ev dustağı edin. Necə ki, etmişdiniz. O, şikəstdir, hərəkət edə bilmir, kimsəylə əlaqəsi və nəsə etmək imkanı yoxdur. Bu hikkə nəyin nəsi? Bəlkə daha böyük, daha əzəmətli, bütün haqlara sahib olduğunuzu sübut etmək istəyirsiniz? Zülmkar olmaq, daha çox zülm etmək insanı böyük etməz, olsa- olsa lənətlik edər».

Müəllif vurğulayır ki, Ə.Bünyatovun ev telefonunu belə kəsiblər, evinin yanındakı postu götürməyiblər, ev sakinlərinin giriş-çıxışına maneələr qalır.

Gəncədə İmamzadə türbəsi
Gəncədə İmamzadə türbəsi

Ölkədaxili sabitliyin qarantı

«Xalq qəzeti»ndə dərc olunan «Azərbaycanın multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır» adlı yazıda Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ölkədə multikultural və dini durumu dəyərləndirir.

Şöbə müdiri Gəncədə baş vermiş hadisələri ekstremist qüvvələrin din amilindən sui-istifadəsi kimi qiymətləndirir, amma bu qüvvələrin dindarların dəstəyini qazana bilmədiyini deyir: «Çünki dövlət-din münasibətləri möhkəm təməllər üzərində qurulan ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Buna Gəncə şəhərində yaşayan dindarlar da şahiddir».

Administrasiya məsulu bildirir ki, problem xaricdən idarə edilən azsaylı dindar qrupun bəzi din xadimlərini qəbul etməməsində, məscidlərə gəlməmələrində və mötədil dindarlarla eyni səfdə ibadət etmək istəməmələrindədir: «Həmin qrupun mənsubları şəhərdə müxtəlif vaxtlarda təxribatlar törədərək, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Araşdırmalar göstərir ki, xarici qüvvələrin və onların yerlərdəki əlaltılarının məqsədi Azərbaycanda dünyəvi sistemi dəyişərək, şəriət prinsipləri ilə idarə olunan dövlət qurmaqdır».

E.Nəcəfov bildirir ki, iğtişaşlar törətmək, cəmiyyəti xaos və hərc-mərcliyə sürükləmək, dövlət orqanlarının nümayəndələrinə qarşı zorakılıq tətbiq etmək onların əsas mübarizə metodlarındandır.

Şöbə müdiri misal olaraq, həmin radikalların Gəncədə 2011-2012-ci illərdə qanunsuz küçə yürüşləri təşkil etməklə ictimai asayişi pozmalarını, 2015-ci ildə Aşura mərasimi zamanı hüquq-mühafizə orqanlarına hücum çəkmələrini göstərir.

Pomidor
Pomidor

«Biznesmenə demək olmaz ki...»

«Yeni Müsavat» qəzeti belə bir suala cavab axtarır: «Yeni gətirilən meyvə sortları: üstünlüyü yerli məhsula verək, yoxsa...».

Qəzet yazır ki, Azərbaycanda sahibkarlar xarici ölkələrdən çoxsaylı meyvə-tərəvəz sortları gətirirlər. Bu sortların yerli sortlardan məhsuldarlığı, eləcə də xəstəliklərə davamlılığı ilə seçildiyi, amma yerli əhalinin onların dadını bəyənmədiyi də qeyd olunur.

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev isə qəzetin bu mövqeyi ilə razılaşmır: «Yeni gətirilənlər də mədəni sortlardır, meşə sortları deyil ki. Bu gün bizim «ənənəvi» adlandırdığımız sortlar 1960-70-ci illərdə sovet elmi institutları, alimləri tərəfindən yetişdirilən sortlardır. Onları ilkin olaraq sovxoz-kolxozların bağlarında əkirdilər, sonralar həyətlərə də gedib çıxdı».

B.Quliyev deyir ki, «Bakı pomidoru» deyilən «Durento» 1972-ci ildə Hollandiyanın «Royal Fitch» şirkəti tərəfindən yaradılıb, 1990-cı illərdə Bakıya gətirilib. Belə götürdükdə, pomidor, ümumiyyətlə, Azərbaycanın yerli bitkisi deyil, Amerikadan gətirilmədir.

Assosiasiya rəhbərinə görə, meyvəni dadlı edən torpaq və təbii-iqlim şərtləridir: «Digər tərəfdən, sahibkara, biznesmenə demək olmaz ki, yeni sortlar axtarma, gətirmə. Sahibkarların da gətirdiyi hər sort özünü tutmur, axı. Hansı dadlı, məhsuldar olursa, o da özünə bazar tapır».

İşadamı Mürvət Həsənli isə bildirir ki, bir neçə sort meyvəni istixana şəraitində yetişdirirlər: «Yerli məhsullardan 20-30 gün əvvəl yetişəcək meyvələr. Üç cür ərik, şaftalı, yapon alçası və üzüm əkmişik. Bu il ilkin olaraq 500 kiloqramadək şaftalı və nektarin topladıq».

M.Həsənli deyir ki, bunlar yerli sortlardan da qat-qat ləzzətli meyvələrdir, gələn ilin aprelindən daha çox həcmdə məhsul bazara çıxarılacaq, amma buna görə köhnə sortların sıradan çıxacağından ehtiyatlanmağa ehtiyac yoxdur.

XS
SM
MD
LG