Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Noyabr, bazar, Bakı vaxtı 17:55

ABŞ rəsmiləri İrana iqtisadi təzyiqin etirazlar yaratdığını deyir


Donald Trump (ortada), Mike Pompeo (solda) və milli təhlükəsizlik müşaviri John Bolton (sağda)

ABŞ rəsmiləri iddia edirlər ki, gözlənən sanksiyalar İrana iqtisadi təzyiq yaradır və küçə etirazlarına səbəb olur. Prezident Donald Trump-ın deməsinə görə, iqtisadi “ağrı”nın Tehranı Vaşinqtonla razılaşmaya getməyə məcbur edəcəyini gözləyir.

“Bilirəm ki, xeyli problemləri var və iqtisadiyyatları çökür. Bir məqamda mənə zəng edəcəklər. Deyəcəklər ki, ‘gəl razılaşaq’. Hazırda özlərini xeyli incik hiss edirlər”, – Trump Brüsseldə mətbuat konfransında vurğulayıb.

Trump və dövlət katibi Mike Pompeo NATO-nun Belçikanın paytaxtında keçirilən sammitində Avropa müttəfiqlərini Tehrana iqtisadi təzyiqi artırmağa, ABŞ sanksiyalarını dəstəkləməyə çağırıb. Sanksiyaların noyabrın 4-də qüvvəyə minəcəyi gözlənir.

POMPEO-NUN ÇAĞIRIŞI

“Müttəfiqlərimizi və tərəfdaşlarımızı İran rejiminə qarşı iqtisadi təzyiq kampaniyasına qoşulmağa çağırırıq”, – Pompeo AB-nin xarici siyasət rəhbəri Federica Mogherini ilə görüşdən öncə tvitində yazıb.

Amma Avropanın ən böyük iqtisadiyyatları olan Fransa, Almaniya və Britaniya ABŞ sanksiyalarına dirəniş göstərir, İranla 2015-ci il nüvə sazişini qorumağa çalışacaqlarını vəd edirlər. Həmin saziş Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Trump mayda nüvə sazişindən çıxıb, ABŞ-ın sanksiyaları bərpa edəcəyini bildirib.

Pompeo isə müttəfiqlərini Tehrana qarşı kampaniyaya qoşulmağa inandırmaqdan ötrü bu yaxınlarda Almaniyada iranlı diplomatın həbsini misal çəkib. Diplomat Parisdə toplaşan iranlı mühacirlərə hücum planlaşdırmaqda şübhəli bilinir.

“İranın növbəti dəfə ölkələrimizin birində terrorçuluğu, zorakılığı və sabitsizliyi nə vaxt qızışdıracağını söyləmək çətindir. Rejimin terrorçuluq və müharibələrə dolayısı ilə ayırdığı bütün maliyyəni kəsməliyik”, – Pompeo tvitində yazıb.

Sigal P. Mandelker
Sigal P. Mandelker

ABŞ maliyyə nazirinin müavini Sigal P. Mandelker iyulun 12-də Dubaya səfəri zamanı deyib ki, İrana iqtisadi təzyiqlər küçə etirazlarını alovlandırır və Tehranı Yaxın Şərqdə “məkrli fəaliyyəti”ni dayandırmağa məcbur etməlidir.

“İran xalqının öz həyatlarını riskə ataraq ölkədəki korrupsiyaya ucadan etiraz etdiyini görürsünüz. Başqa yerlərdə məkrli fəaliyyətə xeyli pul gedir, ölkə iqtisadiyyatına çox az diqqət ayrılıq”, – Mandelker deyib.

Onun sözlərinə görə, İranın Livanın Hizballah yaraqlı qruplaşmasına, Yəməndəki şiə yaraqlılara, Suriya prezidenti Bashar al-Assad-a dəstəyi “İranın gəlirlərindən mənfurcasına istifadə” olunduğunu göstərir.

RİAL UCUZLAŞIR, ETİRAZLAR YARANIR

Birləşmiş Ştatlar İrana sanksiyaların bərpa olunacağını açıqlayandan rial ucuzlaşmağa başlayıb, bir dollar 78 min 500 riala bərabərləşib. İşsizlik səviyyəsi də yüksək həddə qalır.

Ötən ilin sonunda İranda iqtisadi etirazlar baş qaldırıb. Son həftələr də ölkədə etirazlar müşahidə olunur. Su qıtlığına görə tətillər və nümayişlər baş verib.

Nüvə sazişi qüvvəyə minəndən sonra Qərb şirkətlərinin vəd etdiyi milyardlarla dollarlıq razılaşmalarla bağlı ümidlər yoxa çıxır, şirkətlər ABŞ sanksiyaları ucbatından cərimələrlə üzləşəcəklərindən ehtiyatlanırlar.

“Reuters” İranın Hindistana neft ixracının mayda 16 faiz azaldığını bildirir.

Amma iyulun 12-də Moskvada Rusiya prezidenti Vladimir Putin-lə görüşən İranın ali dini liderinin müşaviri deyib ki, Rusiya şirkətləri onların itkisini kompensasiya etməyə hazırdırlar.

“Putin Rusiyanın İrana neft sərmayəsini 50 milyard dollar səviyyəsində saxlamağa hazır olduğunu bildirdi. Bu, Rusiyanın həmin məbləği İranın neft sektorunda qoymağa hazır olması anlamına gəlir”,Ali Akbar Velayati İranın dövlət televiziyasına deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG