Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Netanyahu Putin-dən İranla bağlı xahiş edib


Vladimir Putin (sağda) və Benjamin Netanyahu, 11 iyul, 2018-ci il
Vladimir Putin (sağda) və Benjamin Netanyahu, 11 iyul, 2018-ci il

İsrailin baş naziri Benjamin Netanyahu Rusiya prezidenti Vladimir Putin-ə deyib ki, İran qüvvələrini Suriyadan çıxmağa çağırsın.

Netanyahu bu haqda iyulun 11-də axşam Facebook-da yazıb. O, Kremldə Putin-lə görüşü zamanı belə bir xahiş etdiyini söyləyib. Görüşdə tərəflər Suriyada illərdir gedən vətəndaş müharibəsini, İranın Suriya prezidenti Bashar al-Assad hökumətinə dəstəyini müzakirə ediblər.

PUTİN NƏYƏ CAN ATIR

Netanyahu-Putin görüşündən bir gün sonra Putin Kremlə İranın ali dini lideri Ayatollah Ali Khamenei-nin baş müşaviri Ali Akbar Velayati ilə görüşüb. Velayati iyulun 11-də Tehranın Rusiyayla “strateji münasibətləri” olduğunu vurğulayıb.

Putin-in həm İsrail, həm də İran rəsmiləri ilə Suriya müharibəsini müzakirə etməsi bu ölkədə, eləcə də Yaxın Şərqdə sülh vasitəçisinə çevrilməyə can atdığını göstərir.

(öndə soldan sağa) Ali Akbar Velayati və Vladimir Putin
(öndə soldan sağa) Ali Akbar Velayati və Vladimir Putin

Putin həm İsraillə isti münasibətlər saxlayır, həm də İranı dəstəkləyir. Eyni zamanda 2015-i ildən Suriya vətəndaş müharibəsində Assad-a yardım edir.

İsrail ordusu bu yaxınlarda Suriyada İranın və Livanın Hizballah təşkilatının mövqelərinə çoxsaylı hava zərbələri endirib, Rusiya buna göz yumub. Həmin zərbələrdə onlarla iranlı döyüşçünün öldürüldüyü bildirilir.

Müttəfiq İran və Hizballah döyüşçüləri İsrailin tutduğu Golan Yüksəkliyinə doğru irəliləyiblər, məqsəd ölkənin cənub-qərbində suriyalı üsyançıların nəzarətində olan ərazini geri almaqdır.

İsrail rəsmiləri açıq-aşkar deyirlər ki, Assad-ın öz müttəfiqlərinə Golan yaxınlığında möhkəmlənməyə icazə verəcəyindən narahatdırar. İsrail Suriyada yerləşən Golan Yüksəkliyini 1967-ci ildə ilhaq edib.

RUSİYA ÜMİD EDİR Kİ...

“Rusiya prezidenti Vladimir Putin-lə çox vacib görüşüm oldu. İsrailin mövqeyini aydın şəkildə vurğuladım: İranın İsraildə hər hansı mövcudiyyətinə qarşıyıq”, – o deyib.

Golan yüksəkliyindən görüntü
Golan yüksəkliyindən görüntü

Amma Rusiya İsrailə xəbərdarlıq edib ki, İranın Suriyadan tamamilə çıxmasını gözləmək real deyil.

Tehranla Dəməşq İsrailin tələbini qətiyyətlə rədd edib.

Rusiyanın müdafiə naziri Sergei Shoigu İtaliyanın Il Giornale qəzetində iyulun 11-də dərc olunmuş müsahibəsində deyib ki, Moskva İsraillə İranın ehtiyatlı davranacağını, qarşıdurmaya getməyəcəyinə ümid edir.

Rusiya İran qüvvələrini Golan Yüksəkliyindən müəyyən məsafədə saxlamağa çalışır və İsrailə də kompromis təklif edib – qüvvələrini öz sərhədindən 80 kilometrlik məsafəyə çəksinlər. Bunu “Reuters” adını çəkmədiyi İsrail rəsmisinə istinadla yazır.

Suriya müharibəsində yarım milyondan çox adam öldürülüb, milyonlarla sakin didərgin düşüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG