Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:16

'Bu qanun işləmədiyinə görə vəzifəli şəxslər çalıb-çapmaqla məşğuldur…'- Media icmalı


Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?

İyulun 12-də yerli media Gəncə hadisələrindən, xarici şirkətlərin Azərbaycanı tərk etməsindən, məmurların gəlir bəyannamələrinin hələ də açıqlanmamasından yazır.

Gəncə hadisələrinə deputat baxışları

«Azərbaycan» qəzetinin məqaləsi belə adlanır: «Dövlətçiliyə qarşı təxribat bu dəfə də uğursuz oldu».

Qəzet Gəncədə 10 iyul hadisələrini 2015-ci ilin noyabrında Nardaranda baş vermiş hadisələrin davamı sayaraq, ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa hesablanmış addım adlandırır.

Deputat Aydın Mirzəzadəyə görə, bu, «səbatsız» insanların qarışıqlıq yaratmaq cəhdi olub: «Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və sabitliyimizə qarşı yönəlmiş bir provokasiyadır. Qeyri-qanuni aksiyanın nə insan hüquqlarının müdafiəsinə, nə də dinə bir aidiyyəti var».

Deputat Musa Quliyev baş verənləri təkcə Gəncəyə deyil, dövlətçiliyə qarşı təxribat adlandırır. Onun qənaətincə, sözügedən hadisələrin arxasında Azərbaycanı güclü dövlət və inkişaf edən ölkə kimi görmək istəməyən qüvvələr durub.

Deputat deyir ki, bu məkrli və çirkin plan Azərbaycanda keçməyəcək, çünki, xalq və dövlət birliyi buna imkan verməyəcək.

M.Quliyev hesab edir ki, bu hadisəni Gəncə sakinlərinin adına yazmaq böyük günah olar: «Onların heç birinin Gəncəyə və Azərbaycana aidiyyəti yoxdur. Bütün bunlar istintaqın gedişində aydınlaşacaq».

Deputat Fazil Mustafa isə deyir ki, Gəncə hadisələri hər hansısa bir məmura qarşı etiraz xarakteri daşımır, dövlət orqanlarının fəaliyyətini iflic etmək məqsədi güdür: «Bu, silahla, xəncərlə, bıçaqla dövlətin üzərinə gəlməkdir, ona görə də dövlət bu məsələdə çox sərt mövqe sərgiləməlidir».

Bağlı dükan
Bağlı dükan

«Məmurların tamahkarlığı ucbatından...»​

«Novoye Vremya» qəzeti «Çəkindirici meyl» başlıqlı məqalədə Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici şirkətlərin bölmələrinin son zamanlar ölkəni tərk etmələrinin artmasına və bunun səbəblərinə toxunur.

Qəzet yazır ki, Nazirlər Kabinetinin son iclasında dövlət başçısı İlham Əliyev Azərbaycanın qeyri-neft sektoruna yetərincə xarici sərmayə qoyulmamasından danışarkən səbəb kimi bu sahədəki qeyri-şəffaflığı qeyd edib. Məqalədə vurğulanır ki, prezident hədəfi düzgün göstərib: «Bu doğrudur, şəffaflıq, korrupsiya və inhisar səviyyəsi xarici sərmayədarlar üçün Azərbaycan iqtisadiyyatına etimad barometridir. Digər tərəfdən, bu neqativ hallar ölkədə hazırda fəaliyyət göstərən xarici şirkətlərin də fəaliyyətinə də pis təsir göstərir» .

«Novoye Vremya» hesab edir ki, milli iqtisadiyyatın inkişafı naminə bu şirkətlərin ölkədə fəaliyyətlərini davam etdirməsi vacibdir və bunun üçün şərait yaratmaq lazımdır, amma bu heç də həmişə mümkün olmur. Nəticədə uzun müddət Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər ölkədən getməli olurlar: «Düzdür, gələnlər də var, amma son ildə onlarla şirkətin ölkədə fəaliyyətini dayandırması çəkindirici meyldir».

Qəzet bunu da xüsusi qeyd edir ki, korrupsioner məmurların tamahkarlığı ucbatından ümumi iş zərər görməməlidir.

Dünya malı. Karikatura
Dünya malı. Karikatura

İşləməyən qanun və korrupsiyaya qarşı mübarizə

Strateq.az-da uzun illərdir müzakirə olunan məsələyə toxunulur: «Məmurların gəlirlərini yoxlayan xüsusi qurum yaradılmalıdır».

Qeyd olunur ki, 2018-ci ilin ilk 6 ayının yekunlarına aid hökumət müşavirəsində dövlət başçısı İlham Əliyev korrupsiya və rüşvətə qarşı ciddi mübarizə aparılmasından, kökünün kəsilməsindən danışıb.

Qəzet yazır ki, dünya təcrübəsində korrupsiyanın qarşısının alınmasına yönəlik əsas addımlardan biri məmurların gəlirlərini açıqlamasıdır.

«Məmurların gəlir bəyannaməsinin təqdim edilməsi şəffaflığın təmin edilməsi və korrupsiyanın aradan qaldırılmasının ən vacib şərtlərindən biridir. Bu baxımdan, əslində, dünyanın əksər ölkələrində vəzifəli şəxslər, nazirlər, məmurlar və s. gəlir bəyannaməsini açıqlamaqda maraqlı olmurlar. Amma bunu istəməsələr belə, qanun tələb etdiyindən qaydalara əməl edirlər», - qəzet yazır.

Deputat Əli Məsimli deyir ki, hələ 2005-ci ilin iyununda Azərbaycanda «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları»nın təsdiqlənməsi haqqında qanun qəbul edilib.

2005-ci ilin 9 avqustunda isə bu qanunun tətbiq edilməsi barədə xüsusi prezident fərmanı verilib, amma məsələ bundan o yana keçməyib.

Deputatın qənaətincə, bir sıra məmurların biznes maraqları qanunun qüvvəyə minməsinə maneə yaradır: «Bu qanun işləmədiyinə görə vəzifəli şəxslərin bir hissəsi çalıb-çapmaqla məşğuldur… Məsuliyyət hissini itirib harınlamışları isə xalqa qarşı özbaşınalıqdan belə çəkinmirlər. Həmin zümrədən olan vəzifəli şəxslər yalnız vəzifədən gedəndən sonra məlum olur ki, dövlətə, xalqa yüz milyonlarla, milyardlarla manat ziyan vurublar».

Ə.Məsimli hesab edir ki, bu məsələylə bağlı durumun bulanıq olması həmişə sosial narazılıq və bəzi hallarda isə gərginlik mənbəyi olaraq qalacaq: «Ona görə də hər şeydən əvvəl inhisarçılığa, korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı mübarizə fikirdə, sözdə və işdə dövlət siyasətinin prioritetinə çevrilməlidir».

XS
SM
MD
LG