Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Suriya-Gəncə 'paraleli' – Media icmalı


Gəncədə Aşura. Foto arxiv
Gəncədə Aşura. Foto arxiv

İyulun 11-də Musavat.com Gəncə hadisələrindən yazır: «Dünyəvilik, yoxsa xəncərə dönüş?!».

Yazıda iyulun 10-da Gəncədə bir qrup şəxsin aksiyası, bu zaman iki polis zabitinin qətlə yetirilməsi və bundan çıxan nəticələr dəyərləndirilir.

Qəzet Gəncədə baş verən hadisələrlə Suriyadakı hadisələr arasında paralel aparır və bu hadisələrin ölkəni xurafata doğru apara biləcəyini, sabah həmin vurulan polisin yerində istənilən şəxsin ola biləcəyini deyir.

Məqalədə iddia olunur ki, Gəncədə baş verənlərlə bağlı yayılan videosüjetlər

Azərbaycanı gözləyən fəlakətin xəbərdarlığıdır və bölgədəki yüksəkrütbəli iki zabitin vurulması sıradan olay deyil: «Biz adamlar və olaylarla mırtlaşmağı yığışdıraq, silkələnək, oyanaq, özümüzə dönək və anlayaq ki, bu axının qarşısına millət olaraq çıxmasaq, bizi sel yuyub aparar, heç nəsiz qalarıq».

Qəzet yazır ki, «özbaşına, pul hərisi, rüşvətxor, qəddar, azərbaycançılığı, insanlığı yox həddində» bir qrup məmur var və onlara qarşı bir iç mübarizə də aparılır: «Amma onlar dövlət deyil, hakimiyyətdə olan komandanın bir qrupudur. Yəni dövlət və hakimiyyət sözlərini qarışdırmayaq. Hakimiyyətdə olan bir qrupun acığına dövlətdən vaz keçməyək».

F.Mustafa
F.Mustafa

Hamının başı pul qazanmağa qarışanda

Qafqazinfo.az isə Gəncə hadisələri ilə bağlı deputat Fazil Mustafanın fikirlərinə yer ayırıb: «Hamının başı pul qazanmağa qarışanda».

Deputat iyulun 10-da Gəncədə baş verən hadisələri xaricdəki mərkəzlər tərəfindən idarə olunan xurafatçı şəbəkənin işi hesab edir.

«Aylardır söylədiklərimiz, gözlədiklərimiz, hayqırdıqlarımız baş verdi», - söyləyən F.Mustafanın sözlərinə görə, bu müddətdə bir dövlət qurumu maraqlanmadı ki, niyə məsələnin ciddiliyi barədə gündəm yaradırsan: «Hamının başı pul qazanmağa qarışanda dövlətin taleyinə biganəlik də adi hal almağa başlayır».

Deputatın qənaətincə, hazırda ölkədə durum vahiməlidir və indi, heç olmazsa, ölkənin sağduyulu insanlarını, siyasi partiyaları, QHT-ləri, media quruluşlarını səfərbər etmək vaxtıdır.

Onun düşüncəsinə görə, ölkə üzərindən asılmış «təhlükəli ssenari»ni pozmağa çalışmaq lazımdır, bu, yalnız təkcə təhlükəsizlik qurumlarının, əsgərin, polisin vəzifəsi deyil.

Deputat hesab edir ki, bütün ictimai resursları, maarifçilik vasitələrini hərəkətə gətirmək lazımdır.

İ.Əliyev
İ.Əliyev

Hamıya qayğı, alimdən başqa?

Azadliq.info-da «Əliyevin elmə «qayğı»sı» adlı məqalə diqqət çəkir.

Dövlət başçısı İlham Əliyevin bu il iyunun 25-də imzaladığı fərmanla bir sıra kateqoriya şəxslərin əmək pensiyalarına qulluq stajlarına görə əlavələrin yenidən hesablanması qaydaları açıqlanıb.

Qəzet yazır ki, bu sırada keçmiş baş nazir və müavinlərinin, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbər müavinlərinin, yerli icra hakimiyyəti orqanı rəhbərlərinin (başçıları), Milli Televiziya və Radio Şurasının üzvlərinin, sabiq hakimlər, prokurorluq orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə, fövqəladə hallar orqanlarının işçilərinin adları keçir: «Göründüyü kimi, analoqsuz ölkənin prezidenti bu uzun siyahıda işləməyən alimlərdən başqa hamını yad edib. Sabiq hakimin pensiyasını artırıb, işləməyən alimi Allahın ümidinə buraxmaq, hökumətin elmə olan münasibətinin göstəricisidir».

Azadliq.info iddia edir ki, bu hakimiyyət üçün elmi olmayan alim, seçki saxtakarlığında alət olan müəllim, zülmətə tərif yağdıran ziyalı önəmlidir. Belələrinə həmişə «nəmər» verilir, həqiqi ziyalı, əsl elm adamı, ləyaqətli müəllim isə heç vaxt YAP hakimiyyəti üçün cəlbedici olmayıb.

Yazıda bu da vurğulanır ki, məlum sərəncam elmə belə ögey münasibətin kimlərinsə özfəaliyyətinin nəticəsi olmadığını, əksinə, yüksəkrütbəli məmurların mövqeyini ortaya qoyur: «Hakimiyyət alimin az, cahilin çox olduğu bir məmləkəti idarə etmək arzusundadır».

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

Uğurların təməli

«Azərbaycan» qəzeti «15 illik şərəfli inkişaf yolu» adlı məqalədə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclaslarını qiymətləndirir: ​«Bu iclaslarda hər rüb, yarım il və il ərzində müxtəlif sahələr üzrə görülən işlər haqqında məlumatlar dinlənilir, təhlillər aparılır, gələcək planlar müzakirə olunur, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycanda çoxlu mütərəqqi proseslərin baş verdiyini nəzərə alsaq, bu iclasların nə qədər əhəmiyyət kəsb etdiyini görərik».

Qəzet hesab edir ki, bu iclasların mahiyyəti şəffaflıqda və xalqa hesabat verilməsindədir.

Məqalədə Nazirlər Kabinetinin iyulun 8-də keçirilmiş, 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına da toxunulur.

Qəzet Azərbaycanın həyata keçirdiyi xarici siyasətin milli maraqlara, dövlətin qlobal miqyasda mövqelərini layiqincə təmin etməyə xidmət göstərdiyini deyir və bu sırada Avropa İttifaqı, ABŞ-la münasibətləri xüsusi olaraq vurğulayır.

Hesab olunur ki, ölkədə həyata keçirilən qətiyyətli siyasi kursla beynəlxalq aləmdə yüksək nüfuz qazanan Azərbaycana həm də müstəqil enerji siyasətinə, bölgədə reallaşdırdığı qlobal layihələrinə görə ehtiramla yanaşırlar.

«Azərbaycan»ın yazdığına görə, məhz bunun nəticəsidir ki, ölkənin dünya miqyasında mövqeləri ötən 15 ildə daha da güclənib, ötən 6 ayda isə bu istiqamətdə kifayət qədər uğurlu gedişlər edilib.

XS
SM
MD
LG