Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:05

50-dən çox mühacir uşaq valideynlərinə qovuşacaq


Arxiv fotosu
Arxiv fotosu

ABŞ-da yaşı 5-dən aşağı 50-dən artıq mühacir uşağı bu gün – iyulun 10-da valideynlərinə qovuşacaq. Donald Trump administrasiyasının bu addımından sonra ailələr azadlığa buraxılacaq. Xəbəri “Associated Press” agentliyi yayıb.

Məhkəmənin çıxardığı bu qərar 100-dən artıq uşaq və körpəni əhatələyir.

Məhkəmə dinləməsində Ədliyyə Departamentinin hüquqşünası Sarah Fabian etiraf edib ki, hökumət bir sıra səbəblərdən uşaqların hamısıyla bağlı tədbir görə bilmir. Məsələn, bəzilərinin ailələri artıq deportasiya olunub.

Fabian iyulun 10-dək 54 uşağın valideynlərinə qovuşacağını bildirib. Daha beş uşaq isə son yoxlamalardan keçir.

İlk dəfədir ki, hökumət valideynlərin və uşaqların buraxılacağını, ya da birlikdə saxlanacağını açıqlayır. Onlar Birləşmiş Ştatlarda immiqrasiya işlərinin nəticələri bilinənədək azad olunacaqlar. Bu nəticələrin açıqlanması isə bir neçə il çəkə bilər.

YER YOXDUR

Fabian onların niyə azadlığa buraxıldığını söyləməyib. Amma ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin həmin ailələri saxlamağa yeri, demək olar, yoxdur.

Texasda miqrant uşaqlar üçün qurulmuş çadırlar
Texasda miqrant uşaqlar üçün qurulmuş çadırlar

Xidmətin cəmi 3 min yerlik üç ailə saxlama mərkəzi var, onlarda da yerlər dolmaq üzrədir. Trump administrasiyası hərbi bazalarda minlərlə çarpayı yerləşdirməyə çalışır.

Hüquq müdafiəçiləri hökuməti qalan ailələrlə bağlı təcili tədbir görməyə çağırırlar.

Bu yaz ABŞ immiqrasiya rəsmiləri sərhəddə 2 mindən çox uşağı valideynlərindən ayırıb. Beynəlxalq ictimaiyyət buna sərt təpki göstərib. Prezident Donald Trump iyunun 20-də fikrini dəyişib, ailələrin birləşməsinə qərar verib.

Ötən ayın sonunda respublikaçı prezident George W. Bush-un təyin etdiyi hakim Dana Sabraw yaşı 5-dən az uşaqların valideynlərinə qovuşması üçün 14 gün, daha böyük uşaqlardan ötrü 30 gün vaxt qoyub. 30 gün iyulun 26-da bitir.

Beləliklə, bu gün dramatik səhnələrin yaşanması gözlənir, di gəl, ailələrin qovuşması ictimaiyyətə açıq olmaya bilər. Fabian görüş yerini açıqlamayıb.

Ailələrinə qovuşa bilməyəcək uşaqların valideynlərinə gəlincə, Fabian onların ya ABŞ-da azadlığa buraxıldığını, ya deportasiya olunduğunu, ya da cinayət ittihamları ilə həbsə atıldığını bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG