Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

'SOCAR özünü kredit dolanbacına sürükləyir'-Media icmalı


E.Namazov
E.Namazov

Yerli medianın aparıcı mövzuları yenə də iyulun 3-də Mingəçevir İES-də baş vermiş qəzanın səbəbləri, eləcə də Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi, SOCAR-ın «kredit dolanbacı»na düşməsidir.

Bunun adı – «dövlətə xəyanət»

Musavat.com-un məqaləsi belə adlanır: «Bu, dövlətə xəyanətdən başqa bir şey deyil».

Politoloq Eldar Namazov Mingəçevirdəki qəzanın təhlükəsizlik baxımından önəmindən danışıb. Onun sözlərinə görə, son illər Ermənistanda hakimiyyətə yaxın şərhçilər Mingəçevir İES-i vurmaqla hədə-qorxu gəlirdilər: «Xəbərdarlıq edirdilər ki, Ermənistan preventiv olaraq Mingəçevir SES-ə zərbə endirə, bu da Azərbaycanı iflic vəziyyətinə sala bilər».

Politoloq qeyd edir ki, Mingəçevir İES-dəki məlum hadisədən sonra erməni mətbuatı «bu, Azərbaycanın zəif yeridir, həmişə istifadə edə bilərik» yazıb.

O daha sonra deyir: «Prezidentin yanında keçirilən müşavirədə də məlum oldu ki, aylarla, illərlə müxtəlif komissiyalar İES-də vəziyyətin çox təhlükəli olması barədə xəbərdarlıq ediblər. Nöqsanlar, zəif yerlər də göstərilib ki, təmir olunsun. Bəlli olur ki, həmin xəbərdarlıqlardan da nəticə çıxarılmayıb, avadanlıqlar vaxtında dəyişdirilməyib, təmir işləri isə yarımçıq aparılıb».

E.Namazov hesab edir ki, bu, sadəcə enerji məsələsi deyil, Azərbaycanın milli təhlükəsizliyinə olan birbaşa qəsddir və bununla bağlı cinayət işi qaldırılmalı, çox ciddi araşdırmalar aparılmalıdır.

Politoloq Mingəçevirdəki qəzadan iki gün sonra yenidən yanğın baş verməsini xatırladır və sual edir: «Belə çıxır ki, illərlə həmin stansiyada modernləşdirmə, təmir işləri elə aparılırdı ki, həmin elektrik stansiyasında bir yox, iki yox, bir çox yerlərdə qəza vəziyyəti yaratmışdılar, bunu təsadüfi saymaq olarmı?».

E.Namazov deyir ki, bu sahəyə rəhbərlik edən adamlar illərlə orda işlərini düzgün qurmayıblar, bu isə dövlətə xəyanətdən başqa bir şey deyil.

SOCAR
SOCAR

SOCAR-ın «kredit dolanbacı»

«Novoye Vremya» qəzeti «SOCAR-da nə baş verir?» sualına cavab axtarır.

Qəzet dövlət büdcəsindən SOCAR-a vəsaitlər ayrıldığını, bununla belə qurumun kredit dolanbacına düşdüyünü yazır.

Məqalədə deyilir ki, SOCAR-a vəsaitlər ayrılması deputat korpusunda da, elə cəmiyyətdə də çoxsaylı suallar yaradır, indi, yəni neftin qiymətinin kifayət qədər yüksək olduğu vaxtda belə ayırmalar təəccübə səbəb olur: «Dövlət büdcəsindən şirkətə subsidiyalar ayrılması isə davam edir və özü də bu təhsil, səhiyyə, kommunal sahələrə cüzi dotasiyalar ayrılması fonunda baş verir. Bununla da SOCAR özünü kredit dolanbacına sürükləyir».

SOCAR-ın maliyyə borclarına toxunan qəzet rəsmi statistikaya istinadən bu qurumun 2018-ci ildə Azərbaycanın Maliyyə Nazirliyindən 200 milyon manat, 2018-ci ilin ötən dövrü ərzində Gürcüstanın bir neçə bankından 156 milyon manat qısa- və uzunmüddətli kreditlər götürdüyünü qeyd edir.

Qəzet yazır ki, cari ildə SOCAR 419 milyon manat kredit cəlb edib, 2018-ci ildə bəzi beynəlxalq və yerli banklara 417 milyon manat kredit ödənişini etməyib.

Məqalədə deyilir ki, bu az məbləğ deyil, üstəlik də, vaxt vardı SOCAR özü daxili və xarici layihələri maliyyələşdirirdi: «Əgər şirkət dövlətdən və beynəlxalq maliyyə institutlarından kömək gözləyirsə, o zaman «bu qurumda nə baş verir» sualı ortaya gəlir».

«Novoye Vremya» hesab edir ki, bu məsələyə aydınlıq gəlməsi üçün SOCAR-ın investisiya siyasəti şəffaflığı və səmərəliliyi ilə seçilməli idi və ya başqa sözlə, dövlət büdcəsini dağıtmaq yolverilməzdir. Çünki bu şirkət ölkə büdcəsinin 70%-ni formalaşdırır.

R.T.Ərdoğan və İ.Əliyev
R.T.Ərdoğan və İ.Əliyev

İlk səfərin mahiyyəti

«Azərbaycan» qəzeti isə yazır: «Ərdoğan ilk səfərini Azərbaycana edir».

Qəzet hesab edir ki, iyunun 24-də Türkiyədə prezident seçkisində qalib gələn Ərdoğanın ilk səfərini Azərbaycana etməsi iki ölkə arasında formalaşan mühüm siyasi ənənənin davam etdirilməsidir.

Məqalədə deyilir ki, son 15 ildə hər iki ölkənin iqtisadiyyatının bir-birinə inteqrasiyası güclənib və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dəmir tellərlə bir-birinə daha sıx bağlanıb.

Eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP qaz kəməri layihələrinin reallaşdırılması hər iki ölkə arasındakı sosial, iqtisadi və digər sahələrdəki münasibətlərə mühüm dəstək kimi dəyərləndirilir.

Qəzet yazır ki, bu layihələr Azərbaycanın bölgədə həyata keçirdiyi müstəqil siyasətin nəticəsidir və regionun inkişafında, Avropa ilə Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır.

Məqalədə qeyd olunur ki, bütün bunlar Azərbaycan və Türkiyəni təkcə milli və mənəvi yox, həm də ortaq layihə və hədəflərinin, siyasi maraqlarının birləşdirməsinin göstəricisidir, elə ilk səfərlərin də qardaş ölkələrə edilməsi həm siyasi, həm də mənəvi baxışları şərtləndirir.

XS
SM
MD
LG