Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Prokurorluğun xəbərdarlığına saytlardan reaksiyalar


Azərbaycan Respublikası Baş Prokurorluğu
Azərbaycan Respublikası Baş Prokurorluğu

AzadlıqRadiosu Baş Prokurorluğun bəzi saytlarla bağlı cinayət işinin açılması, bloklanması haqda açıqlaqmasından sonra adıçəkilən saytlardan münasibət öyrənməyə çalışıb.

fia.az saytının rəhbəri Yaşar Nuriyev deyib ki, onlar artıq Baş Prokurorluğun xəbərdarlığını nəzərə alıblar.

“Bu xəbərdarlıq yazılarla bağlı deyildi. Bir az saytın özü, reklamlarla bağlı idi. Biz də dediklərinə əməl etdik”,- söyləyən Nuriyev təfərrüatlara getməyib. O əlavə edib ki, bundan sonra da rəsmi xəbərdarlığı diqqətdən kənar qoymayacaqlar: “Əlbəttə, biz Prokurorluğumuzun xəbərdarlığını nəzərə alırıq”.

Topxeber.az saytındakı əlaqə nömrəsinə cavab verən xanım isə sualı dinlədikdən sonra telefonu söndürüb.

İyulun 9-da Baş Prokurorluq bir neçə saytın bloklanmasını istədiyini bəyan edib.

Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli hazırda Bakı şəhər prokurorluğunda olduğundan olanlara onun qardaşı, eləcə də Müsavat Partiyasının başqanı Arif Hacılı münasibət açıqlayıb.

Partiya başqanının sözlərinə görə, saytların bloklanması, onlarla bağlı cinayət işinin açılması söz və ifadə azadlığının məhdudlaşdırılmasıdır:

“Bastainfo.com saytı əsas müxalifət saytı olduğundan hökumət dözümsüzlük göstərir”.

O adıçəkilən saytın terrora çağırış etməsini mümkünsüz sayır:

“Bu saytı yaradanlar Azərbaycanda hüquqi dövlətin qurulması yolunda illərdir mübarizə aparırlar. Ona görə də belə bir çağırış mümkün deyil”.

“Hakimiyyət neytrallaşdırmağa çalışır”

“Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev saytlarla bağlı cinayət işinin qaldırılmasını və ya bloklanmasını düzgün qərar saymır. O “belə olmamalıdır” deyir.

Onun qənaətincə, bu addım hakimiyyətin narahatlığından qaynaqlanır.

“Hiss olunur ki, hakimiyyət Gəncə proseslərindən çox narahatdır. Gəncədə elanlar gəzir ki, ayın 10-da mitinq keçiriləcək, dəstək veriləcək. Hakimiyyət də bundan narahatdır. Ona görə də hakimiyyət bu məsələdə aktiv çıxış edənləri neytrallaşdırmağa çalışır”.

Mehman Əliyev icra başçısının vurulmasını hakimiyyətdaxili proseslərlə bağlayır.

XATIRLATMA

Ötən həftə Gəncənin ictra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Onun yaralı olduğu bildirilir. Bu hadisə zamanı bir polis əməkdaşı da yaralanıb.

Sui-qəsdi Rusiya vətəndaşı olan, Suriyada təlim keçdiyi bildirilən Yunis Səfərovun törətdiyi bildirilir. Rəsmi məlumata görə, o terror aktı hazırlayırmış və məqsəd ölkədə xaos yaratmaq olub.

İyulun 9-da Baş Prokurorluq Gəncə hadisələri zaman “terrora çağırış edən” criminalaz.com və bastainfo.com xəbər saytlarıyla bağlı cinayət işinin açılması, fia.az və topxeber.az saytlarına xəbərdarlıq edilməsi barədə məlumat yayıb.

Bildirilir ki, adıçəkilən ilk iki sayt iyulun 3-6-da ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar yayıb.

Prokurorluq topxeber.az və fia.az saytlarında da “cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli” məlumatların məqsədli şəkildə yayılması hallarının müəyyən edildiyini bildirir. Həmin saytların rəhbərlərinə rəsmi xəbərdarlıq edilib.

Eyni zamanda, bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG