Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:56

'Mingəçevir sonuncu deyil' - Media icmalı


İşıq dirəkləri
İşıq dirəkləri

İyulun 9-da yerli mətbuat Mingəçevir İES-də baş vermiş qəzanın səbəblərini, idarəçilikdəki əyintiləri, problemli kreditlərin durumunu araşdırır.

Bütün partlayışların «mənbəyi»

Strateq.az saytı ötən həftə baş verən qəzadan yazır: «İqtisadçı alimdən həyəcan təbili: Mingəçevir sonuncu deyil».

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu sayta danışıb: «Mingəçevirdəki son hadisələr göstərdi ki, Azərbaycandakı partlayış dövlət şirkətlərində çoxdan kök salmış korrupsiyanın nəticəsidir».

İqtisadçının fikrincə, bu partlayış həm də ölkənin yaxşı idarə olunmamasının göstəricisidir: «Azərbaycan pis idarə olunur, belə fövqəladə vəziyyətdə məsul orqanlar arasında koordinasiya, böhranı idarəetmə proqramı və meneceri yoxdur, ona görə də Mingəçevir sonuncu hadisə deyil. Azərbaycanda indiyə qədər olmuş və bundan sonra olacaq bütün partlayışların başlıca səbəbi korrupsiyadır».

Q.İbadoğlu hesab edir ki, korrupsioner məmurların idarə etdiyi hər bir sahə potensial partlayış mənbəyidir və belə partlayışlar yalnız Mingəçevirdə, Gəncədə deyil, ölkənin bütün regionlarında, dövlətin mülkiyyətində olan hər bir sahədə gözləniləndir.

İqtisadçı korrupsioner məmurların cəzadan kənarda qalmalarını da vurğulayır. Səbəbini isə korrupsiyanın ölkədə sistemli xarakter daşıması ilə izah edir: «Bu ölkədə hətta korrupsiyaya nəzarət edən dövlət orqanları da korrupsiyalaşıb, ictimai nəzarət institutları sıradan çıxarılıb. Nə qədər ki, korrupsiyaya qarşı mübarizədə siyasi iradə nümayiş etdirilmir, korrupsioner məmurlar cəzalandırılmır, Azərbaycanda partlayışlar bir o qədər də davam edəcək…».

Ekspertə görə, bu partlayışlardan xilas olmağın yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindən, islahatlara getməkdən keçir.

Varvara Su Elektrik Stansiyası
Varvara Su Elektrik Stansiyası

Məsuliyyətsizliyin qəzası

«Azərbaycan» qəzeti «Uman yerdən küsərlər» başlıqlı məqalədə iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəzaya toxunur..

Məqalədə deyilir ki, son 15 ildə yeni istifadəyə verilən və ya yenidən qurulan stansiyalar hesabına ölkə fasiləsiz elektrik enerjisi ilə təmin olunur və fasilə yaranması əhalidə narazılıq yaradır: «Belə götürəndə, əhalinin bu tələbkarlığının əsası da var. Təkcə son 15 ildə 2500 meqavat gücündə yeni elektrik stansiyaları istifadəyə verilibsə, bu hesaba ölkənin hazırkı enerji potensialı 6400 meqavata çatıbsa, üstəlik, tikilən yeni stansiyaların coğrafiyası (Bakı, Sumqayıt, Şirvan, Astara, Xaçmaz, Şəki, Quba, üstəgəl bir çox bölgələrdəki SES-lər) bütün regionları əhatə edirsə, əhali, eləcə də digər qrup istehlakçılar enerji təchizatından niyə narazı qalmalıdırlar ki?! «Uman yerdən küsərlər» - deyirlər».

Qəzet yazır ki, iyulun 3-dəki qəza sıradan bir qəza deyildi, eyni zamanda, bu hadisə ölkənin enerji sisteminin davamsızlığı yox, sahə rəhbərliyinin məsuliyyətsizliyi üzündən baş verib.

Məqalədə deyilir ki, hadisəni araşdırmaq məqsədilə yaradılmış dövlət komissiyasının iclasında dövlət başçısı İlham Əliyev bu qəzanın baş verməmə və ya lokal xarakter daşımalı olmasının səbəblərini izah edib: «İndi yeni elektrik stansiyaları tikilir, son 15 il ərzində 30 stansiya tikilmişdir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?».

«Azərbaycan» yazır ki, «Azərenerji» ASC-nin qəzanın səbəbini havaların kəskin isti keçməsi, istehlakın artması ilə izah etmək istəməsi inandırıcı deyil, buna heç vətəndaşlar da inanmayıblar.

Sonda sual olunur ki, hər hansı müşavirə olmadan qurum rəhbərinin üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməsi, məsuliyyətli olması mümkün deyil?

Dollar
Dollar

Dövlət dəstək verməsə...

«Yeni Müsavat» qəzeti problemli kreditlərə diqqət çəkir: «Banklar problemli kreditlərə görə məhkəmələrə müraciəti dayandırıb».

Qəzet xatırladır ki, 2015-ci ildə manatın iki dəfə devalvasiyasından sonra dollar manata nisbətdə kəskin bahalaşdı və vətəndaşlar dollarla götürülmüş kreditləri qaytarmaqda problemlə üzləşdi, elə o zamandan problemli kreditlərin həcmi də artmaqda davam edir.

«Problemli kreditlərin həcmində azalmalar müşahidə olunmur. Belə kreditlərin həlli üçün iki əsas yol var - Ya müştərilər problemli kreditləri qaytarmağa başlamalıdır, ya da banklar güzəştə getməlidir ki, müəyyən irəliləyiş olsun. Hər iki tərəfdən də heç bir irəliləyiş yoxdur. Hətta banklar uzun zamandır ki, məhkəmələrə belə müraciət etməkdən imtina ediblər. Bunun mənasız yol olduğunu gördülər», -REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli qəzetə deyir.

Ekspertin sözlərinə görə, problemli kreditlərlə bağlı məhkəməyə minlərlə iş göndərilsə də, heç birində normal irəliləyiş olmadı və hətta məhkəmə qərarlarının icrası baş tutmadı.

N.Cəfərli hesab edir ki, devalvasiya ilə bağlı məsuliyyət dövlətin üzərində olsa da, əksinə, hökumət qərarın məsuliyyətini vətəndaşın çiyninə qoydu və buna görə də problemli kreditlərin həllində heç bir irəliləyiş müşahidə edilmədi.

İqtisadçının qənaətincə, problemdən iki çıxış yolu var - ya dövlət büdcəsindən, ya da Dövlət Neft Fondundan vəsait ayrılaraq problemli kreditlərin həllinə sərf olunmalıdır.

Hərçənd, N.Cəfərli büdcədən, ya da Neft Fondundan belə bir vəsaitin ayrılması ilə bağlı müzakirə və qərar mexanizmlərin olmadığını bildirir.

Ekspert hesab edir ki, sözügedən problemin yoluna qoyulmasına təqribən 5 milyard manata yaxın vəsait lazımdır, əks halda nə vətəndaşlar, nə də banklar öz güclərinə bu problemi həll edə biləcəklər.

XS
SM
MD
LG