Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Britaniyanın müdafiə naziri Moskvanı 'hücumda' ittiham edir


Dawn Sturgess (solda) və Charles Rowley
Dawn Sturgess (solda) və Charles Rowley

Britaniyanın müdafiə naziri bəyan edib ki, Skripalların zəhərlənməsində istifadə edilmiş kimyəvi maddədən ölmüş üç uşaq anasının ölümünə Rusiyanın “hücumu” səbəb olub.

44 yaşlı Dawn Sturgess-in ölümü ilə bağlı ziddiyyətli açıqlamalar davam edir.

Britaniyanın müdafiə naziri Gavin Williamson parlamentdə suallara cavab verərkən deyib: “Sadə həqiqət bundan ibarətdir ki, Rusiya Britaniya torpağında Britaniya vətəndaşının ölümünə səbəb olmuş hücum həyata keçirib”.

Williamson dünya birliyini bu hücumun pislənməsində həmrəyliyə çağırıb.

***

Bundan əvvəl britaniyalı qadının Noviçok qazıyla zəhərlənməsinin arxasında Rusiyanın ola bilməsi ideyasını Kreml təkzib etmiş, bu fikirləri “absurd” adlandırmışdı.

Prezident Vladimir Putin-in sözçüsü Dmitry Peskov iyulun 9-da deyib ki, bu zəhərlənməyə görə Rusiyanın ittiham olunması “istənilən halda tamamilə absurd olardı”.

Britaniya polisi isə bildirib ki, Sturgess və partnyoru, yəqin, bu maddənin olduğu qabı açıblar və “yüksək dozalı” qazın təsirinə məruz qalıblar.

Polis rəsmisi Neil Basu-nun deməsinə görə, nəzəri olaraq, bu iki şəxsin zəhərlənməsi keçmiş casus Skripal və qızının zəhərlənməsiylə bağlıdır.

Mütəxəssislər iş başında
Mütəxəssislər iş başında

Britaniya Rusiyanı sinir qazının hardan gəlməsi suallarına cavab verməyə çağırıb. Peskov isə deyib ki, Rusiya “Britaniya ərazisində zəhərli maddələrin davamlı mövcud olmasından dərin narahatlıq keçirir”.

Bu, “təkcə britaniyalılara deyil, digər avropalılara da təhlükədir”, – o deyib.

Kreml daha öncə də keçmiş casus və qızının zəhərlənməsində Rusiyanın əli olmasıyla bağlı iddiaları təkzib edib.

***

Britaniya polisi bildirir ki, Noviçok sinir qazının təsirinə məruz qalmış qadın dünyasını dəyişib. Rusiyalı keçmiş casus Sergei Skripal və qızı da həmin qazdan zəhərlənmişdi.

Üç uşaq anası olan 44 yaşlı Dawn Sturgess-in iyulun 8-də xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Polis bəyanatında ölümün səbəbinin araşdırıldığını qeyd edir.

Baş nazir Theresa May Sturgess-in ölümündən “dəhşətə gəldiyini, sarsıldığını” vurğulayıb.

Baş nazir Twitter-də yazıb ki, “polis və təhlükəsizlik əməkdaşları, hazırda qətl kimi araşdırılan insidentlə bağlı faktları müəyyənləşdirir”.

ARAŞDIRMA GEDİR

Britaniya antiterror polisinin rəhbəri Neil Basu bunu “sarsıdıcı və faciəvi xəbər” adlandırıb.

Eymzberidə hadisə yeri
Eymzberidə hadisə yeri

“Dawn-un üç uşağı, ailəsi onu anır, bu çətin məqamda fikirlərimiz və dualarımız onlarladır”, – o deyib.

Britaniya hakimiyyətinin məlumatına görə, Sturgess, partnyoru, 45 yaşlı Charlie Rowley ilə birlikdə iyunun 30-da Eymzberidəki evində huşsuz, ağır vəziyyətdə tapılıblar. Bu şəhər Skripal və qızı Yulia-nın martda sinir qazıyla zəhərləndiyi Solsberi şəhərininin 20 kilometrliyində yerləşir.

Rowley ağır vəziyyətdə xəstəxanadadır.

Polis onların bu zəhərli maddənin təsirinə necə məruz qaldığını araşdırır.

Skripallar xəstəxanada bir neçə həftə qalandan sonra özlərinə gəliblər. Ancaq onların zəhərlənməsi Moskvayla Qərb arasında diplomatik böhran yaradıb.

Britaniya həmin hücuma görə Rusiya prezidenti Vladimir Putin hökumətini günahlandırıb. Hərbi dərəcəli bu qaz Sovet İttifaqında hazırlanıb.

Amma Rusiya ittihamı rədd edib.

Britaniya Rusiyanın 23 diplomatını agent adlandıraraq ölkədən qovub, Moskvayla yüksək səviyyəli təmasları dayandırıb.

Rusiya da Britaniyanın 23 diplomatını qovub, “British Council”un Rusiya ərazisində fəaliyyətini dayandırıb. Bu qurum iki ölkə arasında mədəni əlaqələri təbliğ edirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG