Dünya xəbərləri
“İslam dövləti” təşkilatının lideri Abubakr al Baghdadinin oğlunun öldürüldüyü bildirilir
“İslam dövləti” təşkilatının lideri Abubakr al Baghdadinin oğlunun Suriyanın Homs şəhərində öldürüldüyü bildirilir.
Bu barədə Reuters agentliyi islamçılara aid informasiya kanalına istinadla xəbər verir.
Məlumatda deyilir ki, Hudhayfah al-Badri Suriya və Rusiya hərbçilərinə qarşı əməliyyat zamanı öldürülüb.
Amma bu məlumat hələlik başqa mənbələr tərəfindən təsdiqlənməyib.
Al Baghdadinin özünün yeri isə bəlli deyil.
Amma Reuters bildirir ki, son bəyanatdan onun sağ olduğu güman edilir.
Bundan əvvəl onun ölümü barədə məlumatlar yayılır, amma sonradan təkzib olunurdu.
ABŞ hakimiyyəti Al Baghdadini beynəlxalq axtarışa verib və başına 10 milyon dollar qoyub.
Bütün xəbərləri izləyin
Saakaşvili klinikadan həbsxanaya köçürülüb
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Rustavidəki həbsxanaya qaytarılıb. Gürcüstan Penitensiar Xidməti siyasətçinin cəzasını "ümumi qaydada" çəkməyə davam etdiyini bildirib. O, 2022-ci ilin mayından xəstəxanada idi.
Gürcüstan hakimiyyəti Saakaşvilinin sağlamlıq durumunu "qənaətbəxş" adlandırır və onun artıq stasionar müalicəyə ehtiyacı olmadığını bildirir.
Saakaşvili bir neçə cinayət maddəsi ilə məhkum edilib, 2034-cü ilin aprelinə qədər cəza çəkməlidir. Lakin noyabrın 6-da Gürcüstan prokurorluğu ona qarşı yeni iş açıldığını elan edib.
Keçmiş prezidentin tərəfdarları onun təqibini "siyasi motivli" adlandırır, insan haqları təşkilatları və Qərb siyasətçiləri onun azadlığa buraxılmasını tələb edirlər.
Rusiyadan sonra Qazaxıstan: Məclis 'LGBT təbliğatı'nın yasaqlanmasını təsdiqləyir
Noyabrın 12-də Qazaxıstan parlamentinin aşağı palatası - Məclis "Arxiv işi və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması məsələləri haqqında" qanunu ikinci oxunuşda təsdiqləyib. Qanun pedofiliya və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatını qadağan edir. O, Rusiyanın diskriminativ "LGBT təbliğatı" qanununun analoqudur. Rusiyada bu qanundan dolayı yüzlərlə LGBT təmsilçisi ölkəni tərk etməli olub.
Qanun layihəsi "uşaqları və yeniyetmələri rəqəmsal mühitdəki mənfi məzmundan qorumaqla bağlı ictimai narahatlığın artması" ilə əsaslandırılıb. Bunu sənədi təqdim edən deputat Elnur Beysenbayev deyib. Onun sözlərinə görə, dəyişikliklər ictimai məkanlarda pedofiliya və qeyri-ənənəvi oriyentasiyanın təbliğini yasaqlayır. Bu sənəd uşaqların hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kinematoqrafiya və media haqqında doqquz əsas qanuna təsir göstərəcək.
Məclis dəyişiklikləri yekdilliklə qəbul edib. Deputatların mövqeyincə, məqsəd LGBT icmasının hüquqlarını ləğv etmək deyil, "ictimai təbliğat"ı məhdudlaşdırmaqdır. "Heç kimin şəxsi hüquqları məhdudlaşdırılmır. Qəbul edilən normalar belə bilgilərin ictimai yayılmasının çərçivələri müəyyən edir. Bu isə beynəlxalq təcrübəyə uyğundur", – Beysenbayevin sözləridir.
Deputat deyib ki, Qazaxıstanda uşaqlar və yeniyetmələr "hər gün internetdə ailə, əxlaq və gələcək barədə təsəvvürlərinə mənfi təsir göstərə biləcək məlumatlarla qarşılaşırlar".
Rusiyada "LGBT təbliğatı" qanunu ilə əlaqədar filmlər senzuraya məruz qalır, mahnılar qadağan edilir, idmançıların, tanınmış şəxslərin açıq etirafları barədə yazan mənbələr cərimələnir.
Bir sıra beynəlxalq insan haqları təşkilatları Qazaxıstanın qanun layihəsini tənqid edib, onun insan haqlarını pozduğunu, inzibati cəzalarla nəticələnə biləcəyini bildiriblər. Deputat Nikita Şatalov isə deyib ki, Qazaxıstan beynəlxalq öhdəliklərinə sadiqdir, insanları cinsi oriyentasiyasına görə təqib etmir.
Qanun indi Senata, daha sonra isə imzalanmaq üçün prezidentin təqdim olunacaq.
Buker mükafatı Devid Saleyə 'Cism' romanına görə verildi
2025-ci il Buker mükafatının qalibi Devid Saley olub. O, mükafata "Cism" (Flesh) romanına görə layiq görülüb.
"Reuters" xəbər verir ki, Saley ingilisdilli dünyada ən yüksək ədəbi mükafatlardan birini alan ilk macar-britaniyalı yazıçı olub.
Qalibin adı noyabrın 11-nə keçən gecə Londonda mərasimdə elan edilib. Münsiflər heyətinin sədri, irlandiyalı dramaturq Roddi Doyl Saleyin kitabını "qeyri-adi və unikal əsər" adlandırıb.
"Cism" D.Saleyin altıncı romanıdır. Kitabda İştvan adlı gənc macardan söz açılır. Fəhlə sinfindən olan İştvan hərbi xidmətdən sonra Londona köçür, zənginlər üçün işləməyə başlayır. Bu, yoxsulluqdan var-dövlətə aparan bir yolun, sinfi fərqlərin, gücün təbiətinin hekayəsidir. Saleyin özünün sözlərinə görə, o, "müasir Avropa və onu xarakterizə edən mədəni və iqtisadi fərqlər" haqqında bir kitab yazıb.
Buker mükafatının dəyəri 50 min funt sterlinqdir. Mükafat 1969-cu ildən bəri hər il Böyük Britaniya və ya İrlandiyada nəşr olunmuş ən yaxşı ingilisdilli kitaba təqdim olunur. Bu il mükafat uğrunda 150-dən çox yazıçı mübarizə aparıb.
Bu il ədəbiyyat üzrə Nobel mükafatı da macarıstanlı yazıçıya verilib. Laslo Krasnahorkai mükafata "apokaliptik terrorun ortasında sənətin gücünü təsdiqləyən təsirli və konseptual yaradıcılığına görə" layiq görülüb.
Tramp Ağ evdə Suriya prezidenti ilə görüşüb
ABŞ prezidenti Donald Tramp noyabrın 10-da Ağ evdə Suriya prezidenti Əhməd əş-Şaraa ilə danışıqlardan sonra deyib ki, Suriyanın uğur qazanması üçün bacardığını edəcək. Vaxtilə "Əl-Qaidə"nin Suriyadakı qolu – "Ən-Nüsrə Cəbhəsi"nin komandiri olan əş-Şaraa bu yaxınlaradək sanksiya siyahısında idi, onun başına 10 milyon dollarlıq mükafat vəd olunmuşdu.
Onun Vaşinqtona səfərinin əsas məqsədlərindən biri ABŞ-nin sərt sanksiyalarının tam ləğvinin təşviqi idi. O, Tramp ilə qapalı görüşdüyü vaxt ABŞ Maliyyə Nazirliyi "Sezar" sanksiyalarının 180 günlük dayandırıldığını açıqlayıb. Bu sanksiyaları yalnız ABŞ Konqresi tamamilə ləğv edə bilər. Sanksiyalar 2019-cu ildə Bəşər Əsəd rejimi dövründə insan haqları pozuntularına cavab olaraq tətbiq edilib.
İlk dəfə idi Vaşinqtona Suriya prezidentinin səfəri gerçəkləşirdi. Tramp ilə əş-Şaraa altı ay öncə Səudiyyə Ərəbistanında görüşmüşdülər. Həmin görüşdən bir neçə gün sonra əş-Şaraa "xüsusi kateqoriyalı qlobal terrorçu" siyahısından çıxarılıb.
"Reuters" yazır ki, əş-Şaraa ali xarici qonaqlardan fərqli qarşılanıb. O, Ağ evə Qərb qanadının əsas qapısından deyil, yan qapıdan daxil olub, jurnalistlər onun bir neçə saniyəlik görüntüsünü çəkə biliblər.
Tramp media təmsilçilərinə əş-Şaraanı "güclü lider" kimi təqdim edib, ona etimadını bildirib. "Suriyanın uğurlu olması üçün hər şeyi edəcəyik", – Tramp deyib.
ABŞ prezidenti əş-Şaraanın mübahisəli keçmişinə toxunaraq "Hamımızın keşməkeşli keçmişi olub" deyib.
Suriya prezidenti isə sonradan "Fox News"a müsahibəsində silahlı qruplaşma ilə əlaqəsinin keçmişdə qaldığını, Tramp ilə görüşdə bu məsələni müzakirə etmədiklərini bildirdi.
Onun sözlərinə görə, Suriya artıq Vaşinqtonun geosiyasi müttəfiqi olaraq görünür, təhdid kimi yox.
43 yaşlı əş-Şaraa ötən ilin dekabrında Suriya prezident Bəşər əl-Əsəd devriləndən sonra hakimiyyətə gəlib.
Suriya bu yaxınlarda "İslam Dövləti" silahlı qruplaşmasına qarşı ABŞ-nin başçılıq etdiyi qlobal koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi də imzalayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin mediasına deyib ki, Tramp ilə əş-Şaraanın görüşünün bir hissəsinə o da dəvət olunub. Fidan Ağ evdə Tramp administrasiyasının rəsmiləri ilə görüşlər keçirib.
Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan miqrantları digər ölkələrə təhvil verməyəcək
Rusiyada Müdafiə Nazirliyi ilə müqavilə bağlayan xarici vətəndaşlar cinayət təqibi, hökmün icrası məqsədilə digər ölkələrə təhvil verilməyəcək. Hökumət komissiyası Cinayət Prosessual Məcəlləsinə belə bir düzəlişi təsdiqləyib. Məlumatı TASS, "Vedomosti" və RTVI mənbələrə istinadla yayıb.
Dəyişiklər Rusiyanın ordusunda və digər hərbi qurumlarda müqavilə əsasında xidmət edən və ya etmiş, onların tərkibində döyüşmüş xarici vətəndaşlara, eləcə də vətəndaşlığı olmayanlara aiddir.
Rusiya Hüquqşünaslar Assosiasiyasının sədr müavini İqor Çerepanov TASS və "Vedomosti"yə müsahibəsində deyib ki, məqsəd hərbi sirrin və digər mühüm məlumatların qorunmasıdır.
Dövlət Dumasının deputatı Aleksey Kurinnıy RTVI-yə açıqlamasında hökumətin qəbul etdiyi qanun layihələri paketini "ağıllı düşüncənin bərpası" adlandırıb, belə miqrantların Rusiya Federasiyasının vətəndaşlığını almaq üçün öncül hüquqa sahib olduqlarını vurğulayıb.
Rusiya ordusunda xidmət edən xarici muzdlu hərbçilər adətən öz ölkələrində Ukraynaya qarşı müharibəyə qatıldıqları üçün mühakimə olunurlar. Yazda Özbəkistanda məhkəmə "Vaqner" muzdlu şirkətinin tərkibində döyüşmüş, həbsxanadan cəbhəyə göndərilmiş 59 yaşlı vətəndaşı 3 il yarım həbsə məhkum edib.
"Yaşamaq istəyirəm" layihəsi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan 1 min 110 Özbəkistan vətəndaşının adlarını dərc edib. Onlardan azı 109-u döyüşdə həlak olub. Siyahıda müharibədə Rusiya tərəfdə döyüşən 661 Qazaxıstan vətəndaşının, 931 Tacikistan vətəndaşının da adları var.
'Android' əsaslı virus kart məlumatlarınızı, PIN nömrənizi oğurlaya bilər
Yeni hazırlanmış 'Android' əsaslı zərərli proqram ATM-dən icazəsiz pul çıxarmaq imkanı verir.
NGate adlı proqram telefonlardan bank məlumatlarını oğurlayaraq ATM-lərdən nağd pul çəkməyə imkan yaradır. Yəni kartları fiziki oğurlamağa ehtiyac qalmır.
NFC – cihazlar bir-birinə çox yaxın olduqda smartfonlar, ödəniş kartları və terminal cihazları arasında əlaqə qurmağa imkan verən simsiz texnologiyadır. Beləliklə, hakerlər bank kartınızı oğurlamaq əvəzinə, NGate zərərli proqramı ilə yoluxmuş mobil telefonda NFC fəaliyyətini ələ keçirir, əməliyyat məlumatlarını ATM-lərdəki cihazlara göndərirlər. NGate-də oğurlanan məlumatlar şəbəkə vasitəsilə hakerlərin serverlərinə göndərilir.
Bundan ötrü ilk öncə qurbanın cihazına zərərli proqram yerləşdirməlidirlər. Bu virus proqramını isə potensial qurbanlara fişinq (dələduzluq) e-mail və ya SMS ilə göndərirlər.
Qurbana çevrilməmək üçün mütəxəssislər tətbiqləri yalnız "Google Play", "Apple App" "Store" və ya rəsmi provayderlərdən yükləməyi, cihazlarınızı antivirus proqramları ilə qorumağı, tanımadığınız şəxslərin zənglərinə cavab verməməyi, şübhəli mətnləri açmamağı tövsiyə edirlər.
Sarkozi həbsdən buraxılıb
Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsdə üç həftə qalandan sonra azad edilib.
Onun avtomobili yerli vaxtla günorta 3-də Parisdəki Sante həbsxanasından çıxıb, az sonra avtomobil Parisin qərbindəki evinə çatıb. Bundan təxminən saat yarım öncə məhkəmə keçmiş prezidentin həbsdən azad edilməsinə qərar verib.
70 yaşlı Sarkozi apellyasiya şikayətinə martda baxılanadək azadlıqda qala biləcək. Onun həbsdən buraxılmasını məhkəmədə prokurorluq da dəstəkləyib.
N.Sarkozi həbsdə beşillik cəzasını çəkməyə oktyabrın 21-də başlayıb. Fransa mediası yazırdı ki, o, Aİ ölkələri arasında yalnız məhkum edilən deyil, həm də həbsxanaya salınan ilk keçmiş dövlət başçısı olub.
Sarkozi həbsdə qalmasını "kabus" adlandırıb, lakin həbsxana əməkdaşlarına ona kömək göstərdikləri üçün təşəkkür edib.
Keçmiş prezident Parisdəki Sante həbsxanasında digər dustaqlardan ayrı saxlanılırdı; qonşu kamerada mühafizəçilər növbə çəkirdi, çünki keçmiş prezident təhdid olunurdu.
25 sentyabr
Sarkoziyə beş il həbs kəsildi – Qəddafinin pulları ilə bağlı iş üzrə
Parisdə məhkəmə Fransanın keçmiş prezidenti Nikola Sarkozini 5 il həbs cəzasına məhkum edib. O, 2005-2007-ci illərdə Liviya rejiminin onun seçki kampaniyasını maliyyələşdirməsi işində cinayətkar sövdələşmədə təqsirli bilinib. O zaman Liviyaya Müəmmar Qəddafi rəhbərlik edirdi.
Keçmiş prezident bu iş üzrə digər epizodlarla bağlı bəraət alıb – dövlət vəsaitlərinin mənimsənilməsi, passiv korrupsiya və seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarının pozulması ittihamları üzrə. Prokurorluq ona 7 il həbs cəzası istəmişdi.
70 yaşlı Sarkozi ittihamları rədd edib, işin siyasi motivli olduğunu deyib.
2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozi 2011-ci ildə Liviyaya hərbi müdaxiləni fəal dəstəkləyib. Bu müdaxilə nəticəsində Qəddafi devrilib və öldürülüb.
Sarkozi ilk dəfə deyil məhkəmədə mühakimə olunur. 2021-ci ilin martında o, korrupsiya və nüfuz alverində təqsirli bilinib, 1 il həbs və 2 il şərti cəza alıb. Sonradan bu cəza elektron qolbaq və qismən ev dustaqlığı ilə əvəzlənib.
Elə həmin ilin payızında o, 2012-ci il kampaniyasının qanunsuz maliyyələşdirilməsinə görə bir daha məhkum olunub. Əvvəlcə ona 1 il həbs cəzası kəsilib. Sonra bu cəza 6 aya salınıb, elektron qolbaqla əvəz olunub.
'Proyekt': Rusiyada yüksəkvəzifəlilərin 76 faizinin qohumları da hakimiyyətdədir
Rusiyada yüksək vəzifə tutan məmurların 76 faizinin qohumları da hakimiyyət orqanlarında, dövlət bizneslərində, ictimai və ya siyasi təşkilatlarda çalışır. Bunu "Proyekt" nəşrinin jurnalistləri üzə çıxarıb.
Araşdırma zamanı 1 min 329 yüksəkvəzifəli dövlət məmurunun soy-kökü öyrənilib. Onlardan 1 min 12 məmurun yaxınlarının da hakimiyyət strukturlarında çalışdığı müəyyən edilib. Onların yarıdan çoxunun ailəsindən azı üç nəfər dövlətlə bağlı vəzifədədir.
Onlarla üzvü olan "sülalələr" də üzə çıxarılıb. Rekord Çeçenistan rəhbəri Ramzan Kadırovun ailəsinə məxsusdur, onun 96 qohumu müxtəlif dövlət vəzifələrində çalışır.
Standartı prezident Vladimir Putin müəyyən edir: araşdırmaya görə, onun 26 qohumu dövlət strukturlarında işləyir.
Qohumbazlıq səviyyəsinə görə birinci yerdə Rusiya parlamentidir. Federasiya Şurası üzvlərinin 86 faizinin, Dövlət Duması deputatlarının isə 84 faizinin hakimiyyətdə qohumları var. Senator Arsen Kanokovun təxminən 20 qohumu məsul dövlət vəzifələrində çalışır.
İkinci yeri 74 faizlə Kremlin strukturları, hüquq-mühafizə və məhkəmə orqanları tutur. Onlardan sonra qubernatorlar (69 faiz) və hökumət üzvləri (61 faiz) gəlir.
"Proyekt"in hesablamasına görə, bəzi qurumlarda nepotizm indeksi 100 faizə çatır. Bunlara Müdafiə Nazirliyinin rəhbərliyindən 11 nəfər, Ali Məhkəmə rəhbərliyindən 10 nəfər, "Qazprom"un 13 idarə heyəti üzvü daxildir.
'Kommersant': Rusiyada rezervistlərin kütləvi toplanışı başlayıb
Rusiyanın bir çox bölgəsində ehtiyatda olan könüllülərin (rezervistlərin) kütləvi cəlbinə başlanıb. "Kommersant" onların kritik əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb olunacağını yazır. Kampaniya azı 20 vilayətdə aparılır.
Rusiyada bu yaxınlarda qəbul edilən qanun rezervistlərin xüsusi toplanışlara cəlbinə, yalnız hərbi dövrdə deyil, dinc dövrdə də obyektlərin mühafizəsində istifadəsinə icazə verir. Rusiyada indiki dövr formal olaraq "dinc" sayılır, çünki Ukraynada təcavüzkar müharibə rəsmən "xüsusi hərbi əməliyyat" adlandırılır.
Toplanış dövründə rezervistlərə hərbçi statusu, müvafiq güzəştlər və təminatlar veriləcək. Onların, əsasən, dronlara qarşı mübarizəyə cəlb olunacağı bildirilir.
5 noyabr
Putin ilboyu hərbi çağırışı təsdiqləyib
Rusiya prezidenti Vladimir Putin vətəndaşların hərbi xidmətə çağırışı qaydasını dəyişən qanunları imzalayıb.
Birinci qanuna əsasən, 2026-cı il yanvarın 1-dən çağırış bütün təqvim ili boyunca, yəni yanvarın 1-dən dekabrın 31-dək keçiriləcək. Hərbi komissarlıqlar ilboyu çağırış vərəqələri göndərə, tibbi müayinələr və çağırış komissiyalarının iclaslarını keçirə biləcəklər.
Çağırışçıların xidmət yerinə göndərilməsi isə əvvəlki kimi olacaq: 1 aprel – 15 iyul və 1 oktyabr – 31 dekabr arası. Qanuna görə, elektron çağırış vərəqəsində göstərilən gəlmə tarixi vərəqənin reyestrdə yerləşdirilməsindən sonra 30 günü keçməməlidir.
Prezidentin imzaladığı ikinci qanun isə ehtiyatda olan vətəndaşların dinc dövrdə də müəyyən tapşırıqları yerinə yetirməsinə icazə verir. Bu, ehtiyatda olmaq barədə könüllü kontrakt bağlayan vətəndaşlara aiddir. Rusiya Müdafiə Nazirliyi onları "əhəmiyyətli obyektlərin və digər həyati vacib infrastrukturun qorunması məqsədilə" xüsusi toplanışlara göndərmək hüququ əldə edir.
Dövlət Duması bu qanunu oktyabrın 28-də qəbul edib.
Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan Rusiya rəsmi olaraq nə hərbi vəziyyət, nə də ümumi səfərbərlik elan edib. 2022-ci ilin payızında "qismən səfərbərlik" həyata keçirilib, ordunun əsas hissəsi isə "könüllülər" hesabına formalaşdırılıb.
"Vətəndaş və ordu" hüquq müdafiə qrupunun direktoru Sergey Krivenko "Current Time"a deyib ki, söhbət Müdafiə Nazirliyi ilə ehtiyatda olma barədə müqavilə imzalayan şəxslərdən gedir: "Amma bu kontrakt onların üzərinə müharibəyə getmək öhdəliyi qoymur. Müharibədən öncəki şərtlərə görə, rezervist yalnız döyüş hazırlığını təkmilləşdirmək, vaxtaşırı toplanışlara getmək öhdəliyini götürürdü. Bunun qarşılığında Müdafiə Nazirliyindən az miqdarda pul alırdı".
İranda rəsmilər suyun fasilələrlə veriləcəyini deyirlər
İran rəsmiləri Tehranın bəzi yerlərində içməli su təchizatında fasilələrlə bağlı xəbərdarlıq ediblər. İllərlə çəkən quraqlıq ölkədə su böhranını dərinləşdirib.
Su xəbərdarlığı noyabrın 8-də səslənib. Bir gün öncə isə prezident Məsud Pezeşkian deyib ki, durum pisləşməyə davam etsə, İranın paytaxtı təxliyə oluna bilər.
"Suyun fasiləylə verilməsi daha öncə tətbiq olunmalıydı. Hazırda Tehranın suyunun 62 faizi yeraltı mənbələrdən gəlir və onların səviyyəsi düşüb", – İran Su Sənayesi Federasiyasının başçısı Rza Hacıkərim dövlət televiziyasında deyib.
Energetika naziri Abbas Əli Abadi bəyan edib ki, rəsmilər Tehranın bəzi rayonlarında su təchizatını mərhələ ilə məhdudlaşdırmağa hazırlaşırlar.
"Bu, müəyyən narahatlığa səbəb olsa da, israfın qarşısını almağa kömək edəcək", – Abadi dövlət televiziyasına bildirib.
Su sənayesinin sözçüsü İsa Bozorqzadənin dediyinə görə, vəziyyət elə bir mərhələyə çatıb ki, "istehlak həcminə məhdudiyyətlər tətbiq etməyə məcburuq".
"Əgər istehlak 10 faiz azaldılmasa, Tehranın davamlı su təchizatında pozuntular qaçılmaz olacaq", – o əlavə edib.
İranda su böhranının əsas səbəbi yağıntıların azalması, beş ildir davam edən quraqlıqdır.
Bəzi mütəxəssislər isə böhranı yeraltı su hövzələrindən aşırı asılılığı, kənd təsərrüfatında illərlə çəkən israfı, səmərəsiz idarəçiliyi də göstərirlər.
Rusiyanın hücumları Ukraynada elektrikin kəsilməsinə səbəb olub
Rusiyanın hava hücumlarından sonra Kiyevdə, Ukraynanın bir çox regionlarında elektrik verilişində fasilələr yaranıb.
Noyabrın 9-da bir çox vilayətlərdə 8-16 saat işıq olmayıb, noyabrın 10-da da fasilələr gözlənilir.
"Ukrenergo" məhdudiyyətləri Rusiyanın kütləvi raket və dron hücumlarının fəsadları ilə izah edib.
Prezidenti Volodimir Zelenski gecə müraciətində deyib ki, "əksər regionlarda təmir briqadaları gecə-gündüz işləyirlər".
Ukraynada hələ soyuqlar düşməmişdən Rusiya ölkənin elektrik şəbəkəsinə, təbii qaz obyektləri və kəmərlərə hücumları intensivləşdirib.
Noyabrın 7-də Rusiyanın hücumları nəticəsində azı yeddi nəfər həlak olub, yaralıların sayı bəlli deyil.
Ukrayna da, öz növbəsində, Rusiyanın enerji obyektlərinə dron zərbələri endirir. Noyabrın 9-da bir sıra sərhəd vilayətlərində azı 20 min nəfər işıqsız qalıb. Bunu Belqorodun qubernatoru Vyaçeslav Qladkov bildirib.
Bu arada Ukrayna Donetskdəki strateji Pokrovsk şəhərini əlində saxlamağa çalışır. Rəsmilər regionda vəziyyətin çətin olduğunu desələr də, Rusiyanın şəhərin mühasirədə olması barədə iddialarını təkzib edirlər.
Ukraynanın hərbi eksperti Oleksiy Qetman AzadlıqRadiosuna deyib ki, vəziyyət çətindir, amma Ukrayna qüvvələrinin şəhərin qərbində hələ də mövqeləri var və bu da onlara Rusiyanın hücumlarını dəf etməyə imkan verəcək.
Ukraynada batalyon komandiri həbs olunub
Ukraynada bir mərasimə Rusiyanın havadan zərbəsi azı 19 nəfərin ölümünə səbəb olub, hadisədən sonra batalyon komandiri həbs olunub.
Bu insident noyabrın 1-də baş verib. Son illər bir neçə dəfə zabitlərin təşkil etdiyi toplantı və mərasimləri Rusiya hədəfə alıb.
Baş Prokurorluğun noyabrın 8-də yaydığı bəyanata görə, dron bölməsinin komandiri Dnepropetrovsk vilayətində mərasim təşkil edib, əsgərlərin iştirakını əmr edib. Tədbirə hərbçilərin qohumları da qatılıb.
Rusiya tədbirə dronlar və iki ballistik raketlə zərbə endirib, 12 əsgər və 7 dinc sakin öldürülüb. 36 əsgər yaralanıb.
Zabitə səhlənkarlıq ittihamı verilib, barəsində həbs-qətimkan tədbiri seçilib.
2023-cü ilin noyabrında oxşar insidentdə 19 əsgər öldürülmüşdü. O vaxtdan ukraynalı komandirlər belə tədbirlər keçirməməyə çalışırlar.
Aİ Rusiya vətəndaşlarına çoxdəfəli Şengen vizası verməyi yasaqlayır
Avropa Komissiyası Rusiya vətəndaşlarına çoxdəfəli Şengen vizaları verilməsini qadağan edib. Bəzi istisnalar nəzərdə tutulub. Bu qayda yalnız Avropa İttifaqı (Aİ) üzvlərinə deyil, həm də Şengen zonasına daxil olan İsveçrə və Norveç kimi ölkələrə də aiddir. Bu o deməkdir ki, Rusiya vətəndaşları hər dəfə Aİ-yə səfər edəndə yeni viza üçün müraciət etməlidirlər. Komissiya məqsədin dövlət siyasəti və təhlükəsizliyi qorumaq olduğunu bildirir.
"Müharibə başlatmaq və Avropada azad hərəkət etməyi gözləməyi əsaslandırmaq çətindir", – Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas X-də yazıb.
İstisnalar
İstisnalar Şengen sazişi üzvü ölkələrdə yaşayan rusiyalıların, yaxud Aİ vətəndaşlarının yaxın qohumları, nəqliyyat sahəsinin işçiləri üçün tətbiq olunacaq. Yaxın qohumlar son iki ildə üç Şengen vizası alıb və onların şərtlərini pozmayıblarsa, o zaman birillik çoxdəfəli viza ala biləcəklər.
Dənizçilərə, yük maşını və avtobus sürücülərinə, lokomotiv briqadalarına, digər nəqliyyat işçiləri üçün çoxdəfəli vizanın müddəti doqquz ay olacaq. O da bir şərtlə ki, onlar son iki ildə iki viza alıb və ondan düzgün istifadə ediblər.
Əsaslandırılmış hallarda müstəqil jurnalistlərə, insan haqları müdafiəçilərinə və rejim əleyhdarlarına çoxdəfəli viza verilə bilər.
Adi halda, viza məsələləri müqavilə iştirakçısı olan ölkələr səviyyəsində həll olunur. Ancaq bu halda Aİ özünün miqrasiya riskləri və təhlükəsizliyi ilə bağlı xüsusi hallarda viza verilməsini məhdudlaşdırmaq hüququna istinad edir.
Bu qərar Rusiyanın Ukraynaya müdaxiləsi, kiberhücumlar və sənaye casusluğu, vizalardan təbliğat məqsədilə potensial sui-istifadə, "Rusiyanın miqrasiyadan silah kimi istifadəsi" ilə izah edilir.
Yeni qaydalar ölkə xaricində daimi yaşayan Rusiya vətəndaşlarına aid deyil. Onlar üçün əlavə yoxlama tələb edən ayrıca prosedur mövcuddur. Bundan əlavə, bu qaydalar, məsələn, təhsil və ya iş məqsədilə verilən milli vizalara aid edilmir.
İki aydır dünyada ərzaq ucuzlaşır
İki aydır dünyada ərzağın qiyməti ardıcıl düşür. Oktyabrda da qeydə alınan azalma qlobal təchizatın çox olması ilə bağlıdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) noyabrın 7-də Ərzaq Qiyməti İndeksini yayıb.
Qlobal miqyasda alınıb-satılan ərzaq mallarının səbətini izləyən indeks oktyabr üçün ortalama 126.4 bal olub. Sentyabrda bu göstərici 128.5 idi.
Ötən ilin oktyabrı ilə müqayisədə indeksdə azacıq, 2022-ci ilin martındakı pik həddən isə 21.1 faiz azalma olub.
Dünyada ərzağın qiyməti son iki ilin pikinə iyulda çatıb, avqustda sabitləşib, sentyabrda, əsasən, şəkərin ucuzlaşması ilə azalıb.
FAO-nun şəkər indeksi oktyabrda yenidən azalıb, 5.3 faiz düşüb. Bu, 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyədir. Səbəbi isə Braziliyada güclü istehsal, Tailand və Hindistanda istehsalda gözlənilən artım, neftin qiymətinin düşməsi ilə bağlıdır.
AzadlıqRadiosu bir müddət öncə dünyada şəkərin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda bu prosesin ləng getdiyini yazmışdı.
Süd məhsullarının qiymətləri sentyabrdan 3.4 faiz enib, bunun səbəbi süd tozu qiymətlərinin düşməsi, Avropa İttifaqı və Yeni Zelandiyadan bol ixracdan dolayı kərə yağının ucuzlaşmasıdır.
Ət indeksi isə oktyabrda 2 faiz azalıb. Bu, səkkiz ay ardıcıl artımdan sonra baş verib. Donuz və toyuq əti kəskin ucuzlaşsa da, qlobal tələbin güclü qalması mal-qaranın qiymətlərini yüksəldir.
Son aylar Azərbaycanda da ət bahalanır. Əksər bölgələrdə mal-qara arasında dabaq xəstəliyinin yayılması, heyvan bazarlarının bağlanması isə ətin daha da bahalanacağı sarıdan narahatlığı artırıb.
FAO-nun indeksinə görə, bitki yağları 0.9 faiz bahalanıb, 2022-ci ilin iyulundan bəri ən yüksək həddə çatıb.
Ukrayna cəbhədə edama görə rusiyalı hərbçini ömürlük həbsə məhkum edib
Ukraynada Rusiya hərbçisi əsir alınmış ukraynalı əsgəri edam etməkdə təqsirli bilinərək ömürlük həbsə məhkum olunub. İlk dəfədir Ukraynada bu ittihamla həbs cəzası kəsilir.
Ölkənin Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti noyabrın 6-da bildirib ki, Zaporojyedəki məhkəmə 27 yaşlı Dmitri Kuraşovu bu cinayətə görə ömürlük həbsə məhkum edib.
Məhkəmə Rusiya ordusunun 127-ci Motoatıcı Diviziyasının "Storm-V" hücum bölməsinin nişançısı Kuraşovun silahsız ukraynalı əsgər Vitali Xodnyuku yaxın məsafədən vurub öldürdüyünü müəyyən edib. Bu bölmə həbsdən buraxılmaq qarşılığında Ukraynada döyüşə yazılan məhkumlardan təşkil olunub.
Məhkəmənin qərarına görə, Xodnyuk sığınacaqdan silahsız çıxıb, əllərini qaldırmaq və diz çökmək əmrlərinə əməl edib, Kuraşov isə "Kalaşnikov" avtomatından atəş açıb.
Oğurluğa görə məhkum edilibmiş
Kuraşov Rusiyada oğurluğa görə məhkum edilibmiş. 2023-cü ilin noyabrında amnistiya qarşılığında Rusiya Silahlı Qüvvələrinə qoşulub, Zaporojye cəbhəsinə göndərilib.
Hadisədən sonra Ukrayna qüvvələri əks-hücuma keçərək mövqelərini geri alıb, Kuraşov və daha dörd rusiyalı əsgəri əsir götürüb. Onlardan bəziləri məhkəmədə onun əleyhinə ifadə verib. Kuraşov döyüşdə bir gözünü itirib.
Kuraşov məhkəmədə əvvəlcə cinayətini etiraf edib. Sonradan etirafını geri götürməyə çalışıb, digər bir əsgərin məsuliyyət daşıdığını iddia edib. Ancaq məhkəmə digər əsirlərin ifadələrini, dəlilləri nəzərə alaraq onu təqsirli sayıb.
Bu arada Ukrayna hakimiyyəti beynəlxalq hüququn digər pozuntularını sənədləşdirir. Rusiya 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalına başlayandan 320-dən çox ukraynalı hərbi əsirin edamı artıq təsdiqlənib.
BMT-nin İnsan Hüquqları Monitorinq Missiyasının (HRMMU) fevral hesabatında Rusiya hakimiyyəti Ukrayna hərbi əsirlərini "sistematik və geniş yayılmış" işgəncəyə məruz qoymaqda ittiham olunub.
Hesabatda 2022-ci ilin fevralından bəri 71 ukraynalı hərbi əsirin edamının təsdiqləndiyi bildirilib. Missiya 2024-cü ilin avqustundan edamların "təhlükəli dərəcədə" artdığını, 24 insident zamanı azı 79 edamın baş verdiyini qeyd edib.
Sübutların artmasına baxmayaraq, Moskva hərbçilərinin Ukraynada vəhşilik törətdiyini inkar edir.
İsrail Livanın cənubuna zərbələr endirir
Noyabrın 6-da İsrail ordusu Livanın cənubuna ağır hava zərbələri endirib. Bundan öncə isə bir neçə məkanda əhalini evakuasiyaya çağırıb. Təl-Əviv Livanın "Hizbullah" silahlı qruplaşmasının həmin yerlərdə hərbi gücünü bərqərar etməyə çalışdığını bildirir.
Bir il öncə əldə olunan atəşkəs razılaşması isə İsraillə İranın dəstəklədiyi "Hizbullah" arasında bir ildən çox çəkən döyüşləri dayandırmağı hədəfləyirdi.
Livanın səhiyyə nazirliyi zərbələrdən bir nəfərin yaralandığını, bir nəfərin həlak olduğunu bildirib.
İsrail ordusu X platformasında eyni vaxtda üç təxliyə göstərişi verib. Sakinlərə göstərilən məkanlardan 500 metr aralanmaq əmr olunub.
Livanla İsrail arasında yenidən havadan bombalama kampaniyasının başlayacağı sarıdan qorxular artıb. İsrail liderləri xəbərdarlıq ediblər ki, Livan "Hizbullah"ın silahsızlaşdırılması üçün səyləri artırmasa, bu qruplaşmaya qarşı tədbirlər görəcək.
"Hizbullah" isə atəşkəsə sadiq qaldığını bildirir, amma tam tərksilahdan imtina edir.
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri İsrailin zərbələrinin Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu bildirib, İsraili hücumları dayandırmağa çağırıb.