Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Britaniyada filmlərdə cinsi zorakılıq səhnələri məhdudlaşdırılacaq


arxiv foto
arxiv foto

Britaniya ictimaiyyəti filmlərin təsnifat qaydalarının sərtləşdirilməsini tələb edir.

Britaniya Film Təsnifatı Şurasının (BBFC) ictimaiyyət arasında apardığı beş illik məsləhətləşmə cəmiyyətin filmlərdə zorlamanın təsviri ilə bağlı artan narahatlığını üzə çıxarıb. İctimaiyyət filmlərin təsnifat qaydalarının sərtləşdirilməsini tələb edir. BBFC Britaniyada filmlərin təsnifatı üzrə ixtisaslaşmış nüfuzlu qeyri-hökumət təşkilatıdır. Qurum 1912-ci ildə kino şirkətləri tərəfindən "Britaniya Film Senzorları Şurası" adı ilə təsis edilib.

Gələcəkdə BBFC-nin zorlama və cinsi zorakılıq səhnələrinin yer aldığı filmlərə daha sərt, məhdudlaşdırıcı sertifikatlar verəcəyi gözlənilir.

BBFC-nin direktoru David Austin qurumun beş il ərzində ictimaiyyətlə məsləhətləşmələrinin nəticələrini açıqlayıb.

Məsləhətləşmə zamanı ictimaiyyət nümayəndələrindən BBFC-nin bir sıra filmlərlə bağlı qərarlarını dəyərləndirmək xahiş olunub. Söhbət “cinsi və ya cinsiləşdirilmiş zorakılıq" səhnələrini ehtiva edən və qurumdan 15 bal alan filmlərdən gedir.Taylor Sheridan-ın həm ssenari müəllifi, həm də rejissoru olduğu "detektiv vesterni" tərzində çəkilmiş "Külək çayı" (Wind River) filmi, "Nəfəsalma" (Don’t Breathe) adlı amerikan qorxu filmi və fransız kinorejissoru Anne Fontaine-in çəkdiyi, İkinci Dünya Müharibəsi zamanı qəddarlaşmış rahibələr haqda "Məsumlar" (The Innocents) dramı da bunların arasında olub.

BBFC Guardian-a bildirib ki, bir sıra filmlərə “18 bal verilməsi bəlkə də düzgün olub". Məsələn, ABŞ-da PG 13 sertifikatı (daha yumşaq sertifikat) almış "Məsumlar" filminə daha öncə 15 xal verilməsi düzgün sayılıb. Hazırda BBFC-nin məsləhətləşmələrin ikinci mərhələsini keçirdiyi bildirilir.Bu mərhələdə ictimaiyyətin10 minədək üzvü arasında sorğu aparılacaq.

“Sərt standartlar daha da…”

BBFC-nin açıqlamasında deyilir:

“Qaydalarımızda hansı dəyişikliklər olacağını demək hələ tezdir. Ancaq araşdırma ictimaiyyətin cinsi zorakılıq məsələsindən artan narahatlığını və bizim… onsuz da sərt standartlarımızı daha da sərtləşdirmək istəyini üzə çıxarıb".

BBFC-nin mövcud qaydalarında deyilir:

“Ziyan vurmaq riski daşıyan sadist və ya cinsi zorakılıq səhnələri təsnif olunaraq montaja məruz qalacaq və hətta ən ciddi tədbir kimi filmin təsnifatından imtina ediləcək". 12A sertifikatı alan filmlərdə cinsi zorakılıq səhnələri, "qısa və örtülü göstərilməkləyer ala bilər və belə səhnələrin göstərilməsi kontekstə uyğun olmalıdır". 15 ballıq sertifikat alan filmlərdə isə “cinsi zorakılığın detallı verbal təsviri ola bilər, ancaq cinsi zorakılığın təsviri örtülü və kontekstə uyğun olmalıdır".

“Müttəhim” dramı isə…

BBFC-nin apardığı daha öncəki araşdırma ictimaiyyətin bu kimi materialla, özəlliklə "cinsi və ya sadist zorakılığı cəlbedici göstərən, qurbanların zorlamadan, yaxud digər ziyanlı zorakı hərəkətlərdən guya həzz aldığı fikrini dəstəkləyən səhnələrlə bağlı narahatlığını üzə çıxarmışdı". Daha öncə "Miss Blandish üçün orxideya yoxdur" (No Orchids for Miss Blandish), "Psixo" (Psycho), "Qurtulma" (Deliverance) və "Emmanuel" (Emmanuelle) kimi filmlərdən müəyyən səhnələrin kəsilməsi tələb edilmişdi. 1988-ci ildə Jodie Fosterin çəkildiyi "Müttəhim" adlı zorlama dramı isə səhnələri kəsilmədən 18 ballıq sertifikat almış və bu, filmin "cinsi zorakılığı istismar etməməsi və erotikləşdirməməsi, ancaq ciddi arqument ortaya qoymağa çalışması" ilə izah olunmuşdu.

Və…

BBFC-nin heyvanlara qarşı qəddarlıqla bağlı da tələb və standartları var. Belə şübhələr doğuran səhnələrin olduğu film yaradıcıları quruma həmin səhnələrin necə çəkilməsiylə bağlı detallı açıqlama verməli, əslində, heyvanlara qarşı hər hansı qəddar hərəkətə yol verilmədiyini sübut etməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG