Aşağı keyfiyyətli beton, başdansovdu qaynaq edilmiş armaturlar, hidroizolyasiya və başqa texniki normaların pozulması - bunlar Çernobıl atom-elektrik stansiyasının tikintisində yol verilmiş səhvlər və səriştəsiziliklərin yalnız bəziləridir.
Qəzadan xeyli əvvəl Ukraynanın Dövlət Təhlükəsizlik Komitəsi respublika rəhbərliyini bu haqda xəbərdar etmişdi.
Obyektin istifadəyə verilməsindən sonra bəzi lokal qəzalar da baş verdi.
Amma sonda bəşəriyyət 20-ci əsrin ən böyük texnogen fəlakəti ilə üz-üzə qaldı.
Azadlıq Radiosunun Ukrayna xidməti yerli "KQB"nin 1973-84-cü illərə aid məxfi sənədlərini (artıq ictimaiyyətə açıqlanıb) dərc edib.
1973
Ukrayna "KQB"si respublika rəhbərliyinə yazırdı ki, tikintiyə rəhbərlik etmiş mühəndis Lupov işinin öhdəsindən gələ bilməyib.
"KQB" xəbərdarlıq edirdi ki, tikilməkdə olan əsas korpus ətrafında hasar yoxdu, ora istənilən şəxs girə , "bunun da arzuolunmaz nəticələri" ola bilər.
1978
Çenobıl rayonunun "KQB"si öz raportunda qeyd edirdi ki, tikinti zamanı təhlükəsizlik normalarının pozulması bədbəxt hadisələrə səbəb olur və bu, obyekt istifadəyə veriləndən sonra "fövqəladə hallara" yol aça bilər:
"Faktlar var ki, bəzi rəhbər şəxslər obyekti tez-tələsik təhvil vermək üçün qəsdən təhlükəsizlik normalarını pozur və gələcəkdə baş verə biləcək texniki sonucları qətiyyən nəzərə almır".
Raportda qeyd edilir ki, tikinti-quraşdırma işləri zamanı maşın zalında plitələr tələsik düzülür, divar və pəncərə panelləri, pilləkənlər quraşıdırılarkən texniki normalar pozulur.
"KQB" xəbərdarlıq edirdi ki, bu hal hətta gələcəkdə binanın çökməsi ilə nəticələnə bilər.
Təhlükəsizlik orqanlarının əməkdaşları bütün bunlar haqda tikinti rəhbərlərini məlumatlandırandan sonra isə onlar belə halları "KQB"nin tikinti ərazisindəki nümayəndələrindən gizlətməyə başlayıblar.
1982
Həmin il sentyabrın 14-də Çernobıl AES-də lokal qəza baş verir. Radioaktiv maddələr ətrafa yayılsa da, bunun miqyası çox kiçik olur. Amma həmin 250 metrlik ərazidə qamma şüalanma normadan 100 dəfə artıq idi.
1983
"KQB" xəbərdarlıq edirdi ki, Çernobıl AES-də 1-ci və 2-ci bloklarda təhlükəsizlik vasitələri yoxdur və bu, çox təhlükəlidir.
1984-cü ildə "KQB" Çernobıl AES-in dayaq konstruksiyalarında çatlar əmələ gəlməsi haqda xəbərdarlıq edir. Bəzi yerlərdə tavan əyilir. Bu, blokda temeperatura təsir edir və avadanlıqlar qızmağa başlayır.
Həmin ildəki başqa bir raportda AES-də boruların partlaması haqda qeydlər var.