ABŞ prezidenti Donald Trump on milyardlarla dollarlıq Çin malına cəzalandırıcı tariflərin tətbiqi planını təsdiqləyib. Plan bu gün – iyunun 15-də təsdiqlənib.
“The Associated Press” agentliyi yazır ki, bu, prezidentin ticarət siyasəti ilə onun Koreya yarımadasını nüvə silahlarından azad etmək planını qarşı-qarşıya qoyur.
55 MİLYARD DOLLARLIQ MƏHSUL
Trump hələ seçki kampaniyası dövründə Çinin ədalətsiz hesab etdiyi ticarət praktikasıyla mübarizə aparacağını vəd edib. Di gəl, milyardlarla dollarlıq tarif çağırışları Çinin Şimali Koreya danışıqlarında dəstəyinə ziyan vura bilər.
ABŞ prezidenti bir gün öncə kabinetinin bir neçə üzvü və ticarət müşavirləri ilə görüşüb. Onun Çindən idxal olunan azı 35-40 milyard dollarlıq məhsula tarif qoyacağı gözlənirdi. Bunu planla tanış olan administrasya rəsmiləri deyiblər. Ümumilikdə isə tarif qoyulan malların ümumi dəyəri 55 milyard dollara çata bilər.
Prezident bu addımları atarsa, Pekin də cavab tədbirləri verə bilər. Trump artıq Kanada, Meksika və Avropa müttəfiqlərindən idxal olunan polada və alüminiuma tariflər tətbiq edib. Çinə tariflər isə dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət müharibəsinin başlanması deməkdir.
Çinin xarici işlər nazirliyinin sözçüsü Geng Shuang cümə günü deyib ki, Pekin dərhal reaksiya verəcək, “qanuni hüquq və maraqlarımızın qorunmasından ötrü gərəkən addımlar atacaq”.
Daha öncə Pekin də cavab tarifləri qoyulacaq 50 milyard dollarlıq ABŞ məhsulunun siyahısını açıqlamışdı. Buraya mal əti və soya paxlası daxildir ki, bu da Trump-ın kənd yerlərindəki tərəfdarlarına zərbə deməkdir.
«ETMƏLİ OLDUĞUMU ETMƏLİYƏM»
Trump bu həftə Şimali Koreya lideri Kim Jong Un-la sammit keçirib. O, Pxenyanın nüvə arsenalının ləğvindən ötrü Çinlə sıx koordinasiya işləri aparıb. Amma ticarətdə disbalansı tənzimləmək üçün “etməli olduğumu etməliyəm” siqnalını verib.
Prezident Sinqapurda mətbuat konfransında deyib ki, Birləşmiş Ştatların Çinlə “böyük ticarət defisiti var və bununla bağlı nəsə etməliyik. Bunun baş verməkdə davam etməsinə icazə verə bilmərik”.
2017-ci ildə ABŞ-ın Çinlə ticarət defisiti 336 milyard dollar olub.
Pekinin xarici şirkətlərdən texnologiyanı oğurlaması, yaxud onların sirlərini açıqlamaq üçün təzyiq göstərməsinə dair iddialar var.
Biznes cameəsi ticarət gərginliyinin artmasını narahatlıqla izləyir, Trump-ın hakimiyyəti dövründə əldə olunmuş iqtisadi artımın önlənəcəyi sarıdan əndişələr yaranıb.
“Hər şey tarif savaşıyla sonuclansa, bu, qiymət inflyasiyası, istehlakçı borcu deməkdir. Bütün bunlar iqtisadi yavaşımanın tarixi tərkib hissələridir”, – Trump-ın keçmiş iqtisadi müşaviri Gary Cohn “The Washington Post”un təşkil etdiyi tədbirdə deyib.