Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

'Əgər siyasi məhbuslar azad edilsəydi…'-Media icmalı


Həbsxana
Həbsxana

Keçmiş prezident Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi, neftin qiymətinin manata təsiri, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasından gözləntilər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

AŞPA-nın yay sessiyasından gözləntilər...

«Yeni Müsavat» qəzetində «Azərbaycan yenə təzyiqlərlə üz-üzə» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, iyunun 25-i və 29-u arasında Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək.

Sessiyanın ikinci günündə lüksemburqlu deputat İv Kruşenin Rusiyada, Azərbaycanda və bir sıra digər ölkələrdə qeyri-hökumət təşkilatlarının (QHT) hüquqlarının pozulması haqqında məruzəsi deputatların müzakirəsinə çıxarılacaq.

Müəllif xatırladır ki, qurumun bu il aprelin sonlarında keçirilən yaz sessiyasında Azərbaycana qarşı sərt qərarlar qəbul edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova iki illik sanksiya tətbiq edilib. O bu müddət ərzində AŞPA-da vəzifə tuta bilməz və məruzəçi kimi fəaliyyət göstərə bilməz.

Müəllif bu mövzuda hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Elman Nəsirov və hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə söhbət edib.

YAP-çı deputat E.Nəsirov «Yeni Müsavat»a açıqlamasında deyib ki, hazırda Azərbaycan qurumun təzyiqləri ilə üz-üzə qalıb: «Səməd Seyidova qarşı sanksiyalar tətbiq edildi. İndi isə deputatların Azərbaycana qarşı qərəzli mövqedən çıxış edəcəkləri məlum olub. Guya Azərbaycanda siyasi məhbuslar var və onlara azadlıq verilməməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılacağı güman edilir».

E.Nəsirova görə, bunlar onu təsdiqləyir ki, Azərbaycanda siyasi sabitlik, təhlükəsizlik mühiti var və müəyyən dairələr bundan çox narahatdırlar.

Hüquq müdafiəçisi N.Cəfəroğlu isə hesab edir ki, son əfv sərəncamı ilə beynəlxalq qurumların siyahılarında olan siyasi məhbuslardan çoxu azadlığa buraxılsaydı, bunun AŞPA-nın yay sessiyasına ciddi təsiri olardı: «Amma bunlar olmadı və sözsüz ki, yay sessiyasında bu məsələyə toxunacaqlar».

E.Rüstəmov
E.Rüstəmov

«Devalvasiya üçün fundamental səbəblər istənilən an ortaya çıxa bilər»

«Novoye Vremya» qəzetində «Elman Rüstəmov vurğunu neftin üzərinə qoyur» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, son günlər neft ixrac edən ölkələr birliyi- OPEK daxilindəki fikir ayrılığı fonunda neftin qiymətində enmələr baş verir. Müəllifin vurğulamasına görə, hələlik kəskin qiymət enməsi olmasa da, bu fikir ayrılığının güclənəcəyi istisna deyil: «Yəni, neftin qiymətindəki qeyri-sabitlik göz önündədir, bundansa nəticə çıxararaq «qara qızıl»ın qiymətinin bahalaşacağına ümid etmək olmaz».

Müəllifə görə, bu durumda belə, Azərbaycan Mərkəzi Bankı (MB) vəziyyəti tamam fərqli şəkildə dəyərləndirir.

Yazıda qeyd edildiyinə görə, MB rəhbərliyi iyunun 14-də keçirdiyi mətbuat konfransında ölkədə manatın devalvasiyasına əsaslı səbəblər olmadığını, neftin qiymətinin bu il 30 faiz bahalaşdığını və bunun nəticəsində Azərbaycanın valyuta ehtiyatlarının artdığını bildirib.

Müəllifinə görə, başqa sözlə, manatın dollara nisbətdə nisbi sabitliyi hazırkı neft qiymətinə bağlanıb: «2015-ci ildəki iki devalvasiyadan sonra belə, ölkənin baş tənzimləyicisi manatın məzənnəsinin neftdən asılılığını aşağı salmaq üçün heç nə etməyib».

Müəllifin fikrincə, bütün bunlar keçmiş səmərəsiz siyasətdən nəticə çıxarılmamasının göstəricisidir: «Ağırlığı neftin üzərinə qoymaq o zaman özünü doğrultmadı və indi də doğrultmayacaq. Ona görə ki, neftin qiyməti indiki konyunkturada belə sabit sayılmaz. Buna görə də devalvasiya üçün fundamental səbəblər istənilən an ortaya çıxa bilər...».

TANAP-ın açılışı
TANAP-ın açılışı

«7 ölkənin enerji əməkdaşlığı»

«Azərbaycan» qəzetində «TANAP-ın işə düşməsi Cənub Qaz Dəhlizinin tam reallaşacağına zəmanət verir» sərlövhəli yazı dərc edilib.

Yazıda bu günlər Trans-Anadolu Qaz Kəmərinin işə salınması fonunda Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi dəyərləndirilir.

Müəllif yazıb ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP-ın işə düşməsi Azərbaycanın təkcə neft diyarı deyil, həm də qaz ixrac edən ölkə olduğunu bir daha təsdiqlədi. Müəllifin fikrincə, lakin TANAP elə bir qlobal layihədir ki, təkcə Azərbaycandan ötrü deyil, həm də region və Avrasiya məkanı baxımından mühüm əhəmiyyət daşıyır: ​«İndi Azərbaycan yeddi ölkənin mavi yanacağa olan ehtiyacının önəmli bir hissəsini ödəyəcək möhtəşəm qaz dəhlizi çəkir. Ölkəmiz bu genişmiqyaslı işi yaratdığı möhkəm əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində həyata keçirir. Cənub Qaz Dəhlizində yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliya iştirak edirlər. Gələcəkdə layihəyə üç Balkan ölkəsinin qoşulacağı da gözlənilir».

Yazıda vurğulanır ki, əsas hissələrindən biri TANAP olan Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin həm də milli təhlükəsizliyi məsələsidir: «Cənub Qaz Dəhlizinin önəmi həm enerji təhlükəsizliyində, həm də enerji ehtiyatlarının şaxələndirilməsindədir...».

Layihə 2020-ci ildə tam işə düşməlidir.

XS
SM
MD
LG