Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:18

Yunanıstan müxalifəti hökumətə etimadsızlıq səsverməsi təklif edir


Makedoniya-Yunanıstan sərhədi, aprel, 2018-ci il
Makedoniya-Yunanıstan sərhədi, aprel, 2018-ci il

Yunanıstanın əsas müxalifət partiyası hökumətə etimadsızlıq səsverməsi keçirilməsini təklif edib. Səbəb qonşu Makedoniyanın adıyla bağlı əldə olunmuş razılaşmanı bloklamaqdır.

“Bu, son damladır. Makedoniyalıları birləşdirməkdən ötrü yunanları parçalaya bilmərik”, – Yeni Demokratiya partiyasının lideri Kyriakos Mitsotakis iyunun 14-də parlamentdə deyib.

Baş nazir Alexis Tsipras hökumətinin səsverməni udacağı gözlənir. Bu həftə Tsipras makedoniyalı həmkarı Zoran Zaev-lə razılığa gəliblər ki, Makedoniya Şimali Makedoniya Respublikası adlandırılsın.

Kyriakos Mitsotakis
Kyriakos Mitsotakis

Razılaşmaya görə, respublikanın dili Makedoniya dili, əhalisi isə makedoniyalılar, yaxud Şimali Makedoniya Respublikasının vətəndaşları adlandırılacaq.

MAKEDONİYADA DA ETİRAZ SƏSLƏNİR

Yunanıstan və Makedoniya arasında ad mübahisəsi Makedoniya Yuqoslaviyadan ayrılandan, 1991-ci ildən başlanıb. Afina qonşu ölkənin Makedoniya adı ilə tanınmasına qarşı etiraz edir. Yunanıstan bunu şimal əyalətlərindən birinin Makedoniya adlanmasıyla izah edir.

BMT bu mübahisə ilə əlaqədar “Keçmiş Yuqoslav Respublikası Makedoniya” adını qəbul edib.

Yunanıstan ad mübahisəsi ilə bağlı Makedoniyanın NATO və Avropa Birliyinə qoşulmasını bloklayırdı. Məhz buna görə də həm NATO, həm də Avropa Birliyi hər iki ölkəni aralarındakı ad mübahisəsini tezliklə həll etməyə çağırırdı.

“Vətənimizin gələcəyinin milli maraqlarımıza ziyanlı razılaşma ilə girov qoyulmasını əngəlləməkdən ötrü yunan xalqı qarşısında öhdəliyim var”, – Mitsotakis deputatlara deyib.

Makedoniya prezidenti Gjorge Ivanov da iyunun 13-də razılaşmaya etiraz edib, ölkə konstitusiyasına zidd olduğuna görə onu imzalamayacağını deyib.

Yekun mövqe mənimdir, heç bir təzyiqə, şantaja, hədəyə boyun əyməyəcəyəm. Ziyanlı razılaşmanı dəstəkləməyəcəm, yaxud imzalamayacağam”, – Ivanov mətbuat konfransında deyib.

İyunun 13-də axşam 1000-dək adam Skopyedə parlament binası qarşısına yığışıb, baş nazir Zoran Zaev-in istefasına çağırıb.

Nümayişçilər əllərində Makedoniyanın bayraqlarını turub, “Zaev satqındır” şüarı səsləndiriblər.

XS
SM
MD
LG