Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:21

SOCAR: Bütün istiqamətlərdə artım var


SOCAR

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ildə ümumi gəlirlərini 78 faiz artırıb. Gəlirlər 92.6 milyard manata çatıb.

Bu haqda SOCAR-ın bu gün, iyunun 14-də yaydığı məlumatında bildirilir. Həmin məlumatların audit olunmuş maliyyə hesabatlarına əsaslandığı bildirilir.

Məlumata görə, şirkətin xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfəyə yaxın artıb, 2.09 milyard manata yüksəlib. SOCAR-ın ümumi aktivləri isə 16 faiz yüksələrək, 61.3 milyard manata çatıb.

SOCAR yüksək maliyyə nəticələrini bir neçə amillə izah edib. Bu sırada üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcminin 3 dəfəyə qədər artırılması, neft-kimya məhsullarından daha yüksək gəlir əldə edilməsi, neftin qiymətinin 25-30 faiz civarında bahalaşması göstərilir.

SOCAR-ın «Azəri-Çıraq- Günəşli» (AÇG) yataqlar blokunun əməliyyatçısı olan ABƏŞ-də öz payını artırması da həmin amillər sırasında sadalanır.

«SOCAR-ın ümumi aktivləri və ümumi öhdəlikləri arasındakı müsbət fərq təqribən 22 milyard manat təşkil edir», - şirkətin məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 20 dəfəyə yaxın, xalis mənfəəti isə 4 dəfədən çox artıb.

2017-ci ilin göstəricilərini qiymətləndirən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkət artıq qlobal neft sənayesində baş vermiş böhrandan əvvəlki nailiyyətlərini üstələyə bilib.

«SOCAR öz gəlirini artıq yalnız Azərbaycan neftinin satışından deyil, daha çox üçüncü tərəflərin və neft-kimya məhsullarının satışından əldə edir. Bu da, SOCAR olaraq, həyata keçirdiyimiz davamlı inkişaf strategiyasının effektivliyinin bariz göstəricisidir», - o qeyd edib.

Xatırlatma

SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.

SOCAR-ın son illər borclarının artdığı bildirilirdi.

SOCAR-ın 2017-ci ilin əvvəllərində yaydığı hesabatda qeyd edilirdi ki, 2016-cı ilin yekunlarına görə, şirkətin 35.3 milyard manat dəyərində maliyyə öhdəlikləri var.

Ondan əvvəl isə SOCAR rəsmiləri açıqlamışdılar ki, bu qurumun 6 milyard dollar civarında borcu var.

Günün bütün mövzuları

XS
SM
MD
LG