Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Bu gün futbol üzrə dünya çempionatı başlanır


Ukraynadakı Rusiya səfirliyi qarşısında etiraz aksiyası, 14 iyun, 2018-ci il
Ukraynadakı Rusiya səfirliyi qarşısında etiraz aksiyası, 14 iyun, 2018-ci il

Bu gün – iyunun 14-də Rusiyada futbol üzrə 21-ci dünya çempionatı başlanır. İlk oyun Moskvadakı 80 min nəfərlik Lujniki stadionunda Rusiya ilə Səudiyyə Ərəbistanı arasında keçiriləcək.

Qarşılaşma yerli vaxtla axşam 6-da, açılış mərasimindən sonra baş tutacaq. Mərasimdə Rusiya prezidenti Vladimir Putin, dünyanın bir sıra tanınmış şəxsləri, siyasətçiləri iştirak edəcək.

Dünya kuboku üzrə final oyunu iyulun 15-də olacaq.

Çempionatda 32 komanda iştirak edir. 32 gün ərzində 64 qarşılaşma keçiriləcək.

Oyunlar 11 şəhərdə yerləşən 12 stadionda baş tutacaq.

Sərhədsiz Reportyorlar Təşkiları Rusiyada həbsdə olan jurnalistlərin nəhəng portretlərini sərgiləyir, Paris, 13 iyun, 2018-ci il
Sərhədsiz Reportyorlar Təşkiları Rusiyada həbsdə olan jurnalistlərin nəhəng portretlərini sərgiləyir, Paris, 13 iyun, 2018-ci il

Rəsmilər Rusiyanın çempionatın təşkilinə 13 milyard dollar xərcləndiyini bildirirlər. Bu yarışma dünyada istənilən idman tədbirindən daha çox izləyici cəlb edir.

Həm də Rusiya 1980-ci ilin Yay Olimpiya oyunlarından bəri ilk dəfədir ki, çox mühüm beynəlxalq yarışmaya ev sahibliyi edir.

Bu dönəmdə Moskva getdikcə beynəlxalq aləmdən daha çox təcrid olur, bir sıra beynəlxalq böhranlardakı roluna görə sanksiyalara məruz qalır. Sanksiyalar Ukraynanın Krım yarımadasının ilhaqı, Ukraynanın şərqindəki separatçılara dəstək, Suriyada vətəndaş müharibəsində prezident Bashar al-Assad rejiminin dəstəklənməsi, bu yaxınlarda İngiltərədə rusiyalı keçmiş casusun zəhərlənməsinə görə qoyulub.

Üstəlik, Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkisinə müdaxiləsilə bağlı iddialar Moskvayla Qərbin münasibətlərində Soyuq Müharibə dövründən bəri ən dərin uçurum yaradıb.

BOYKOT ÇAĞIRIŞLARI NƏTİCƏ VERMƏDİ

London keçmiş casus Sergei Skripal və qızı Yulia-nın İngiltərənin Solsberi şəhərində zəhərlənməsinə görə Moskvanı ittiham edib. Bugünkü mərasimdə Britaniya kral ailəsindən, yaxud hökumətindən heç kim iştirak etməyəcək.

Britaniya və Şərqi Avropanın bəzi ölkələri tədbirin daha irimiqyaslı boykotunu təklif etsələr də, sonucda bu baş tutmadı.

Vladimir Putin (sağda) və FIFA prezidenti Gianni Infantino Moskvada qala konsertdə, 13 iyun, 2018-ci il
Vladimir Putin (sağda) və FIFA prezidenti Gianni Infantino Moskvada qala konsertdə, 13 iyun, 2018-ci il

Rusiyada təşkilatçılar açılış oyununa 20-dən artıq dövlət başçısının qatılacağını bildirmişdilər. Human Rights Watch (HRW) inan haqları təşkilatı isə ötən ay dünya liderlərini mərasimi boykot etməyə, Rusiyanın Suriyada törətdiyi “vəhşiliklər”ə etiraz etməyə çağırmışdı.

Putin bir gün öncə Moskvada keçirilən toplantıda FIFA-ya idmanı siyasətdən ayrı tutduğuna görə təşəkkür edib.

Builki dünya çempionu titulunu qazanmağa favoritlər Almaniya, Braziliya, Portuqaliya, Argentina və Fransa sayılır.

İtaliya və Niderland təsnifat mərhələsindən keçməyib.

İndiyədək Braziliya beş, Almaniya isə dörd dəfə dünya çempionu tituluna yiyələnib.

2022-ci ildə dünya kuboku Qətərdə, 2026-cı ildə isə Birləşmiş Ştatlar, Meksika və Kanadada keçiriləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG