Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:01

Erdogan seçkini udmaya bilərmi


Recep Tayyip Erdogan Diyarbəkirdə seçki kampaniyası zamanı, 3 iyun, 2018-ci il
Recep Tayyip Erdogan Diyarbəkirdə seçki kampaniyası zamanı, 3 iyun, 2018-ci il

Bu günlərdə Harvard təhsilli biznesmen Ali Koc Fenerbahce futbol klubundakı seçkidə kluba 20 ildir rəhbərlik edən, ölkə prezidenti Recep Tayyip Erdogan-ın dostu Aziz Yildirimi məğlub etdi.

RUSİYAYLA TÜRKİYƏNİN FƏRQİ

Fenerbahce azarkeşlərinin çoxu, özəlliklə də dünyəviçilər bunu 24 iyun seçkisindən ötrü bir metafora sayırlar. Hətta Fenerbahce məğlubiyyətindən öncə belə Erdogan ölkə içində Türkiyədən kənarda göründüyündən daha zəif idi. Qərbdə demək olar, hər kəs düşünür ki, ölkəni 15 ildir idarə edən Erdogan istənilən halda qələbə çalacaq. Ancaq Türkiyənin içində baxış fərqlidir. Türkiyədə hakimiyyət mürəkkəb anlayışdır. Erdogan uzaqdan qüdrətli görünə bilər, amma içəridə hakimiyyətdən bir əndişəylə yapışıb, yeni seçki alyansları yaradır, hökumətin yardımlarına, millətçiliyə, narazıları susdurmaqdan ötrü Türkiyənin təhlükəsizlik aparatına əl atır...” – “The Washington Post” qəzetində Asli Aydntasbas belə yazır.

O, Türkiyədə 24 iyun prezident və parlament seçkisində hazırkı prezident Erdogan-ın qələbəsinə şübhə etməyənlərin yanıldığını vurğulayır.

Bosniya Herseqovinada Erdogan tərəfdarları
Bosniya Herseqovinada Erdogan tərəfdarları

Müəllif Türkiyənin Rusiya olmadığını həmişə avropalı və amerikalı dostlarına söylədiyini qeyd edir. “Burada seçkilər qüsurludur, amma realdır. Bəli, Erdogan hələ də çox populyardır, bəli, o, mediaya, ədliyyə sisteminə, dövlət aparatına nəzarət edir. Amma Rusiya prezidenti Vladimir Putin-dən fərqli olaraq Erdogan yorulmadan seçki kampaniyası aparmalıdır... bir gündə üç şəhərdə çıxış etməlidir, şirkətlərə, təqaüdçülərə, dini qruplara siyasi güzəştlər etməlidir ki, seçki baryerini azacıq aşa bilsin”, – məqalədə vurğulanır.

Asli Aydntasbas ölkədə azad sözün məhdudlaşdırıldığını, ancaq yenə də, qeyri-bərabər olsa da, rəqabətli mühitin mövcudluğunu qeyd edir. O, ölkə iqtisadiyyatının problemlərinə, lirənin ilin əvvəlindən 20 faizədək ucuzlaşmasına diqqət çəkir. Bu səbəbdən Erdogan-ın yaratdığı şəxsiyyətə pərəstişə dirəniş artmaqdadır.

Elə Erdogan-ın seçkiləri 18 ay öncəyə çəkməsinin bir səbəbi də durumunun zəifliyini duymasıdır. Onun özəlliklə, şəhər əhalisi, orta sinif və gənc seçicilər arasında dəstək bazası zəifləməməkdədir. Bu yaxınlarda kiçik ultramillətçi partiyalarla seçki alyansı yaratmağa məcbur olub, bəlkə bu yolla yenidən prezident postuna seçilməkdən ötrü gərəkən 51 faizi yığa bilər.

MÜXALİFƏT QALİB GƏLƏRSƏ...

Bu arada dünyəvi siyasətçi, Erdogan-ın əsas rəqibi Muharrem Ince ölkəboyunca seçki kampaniyasına nəhəng kütlə cəlb etməkdədir. Erdogan-ın hakimiyyəti dövründə ilk dəfə olaraq sol və sağ mərkəzçi müxalifət partiyaları birləşib, kürdlərlə birlikdə Türkiyə parlamentində çoxluğu qazana bilərlər.

Muharrem Ince
Muharrem Ince

Belə bir qələbə Erdogan-ın gücləndirilmiş prezident səlahiyyətləri üzərində gözlənilməz bir nəzarətlə sonuclana bilər. Onun qələbə çalmaq şansı qalır, amma Erdogan-ın türk elektoratı üzərindəki ovsunu parçalanıb. 24 iyun seçkisinin nəticəsi Erdogan-ın nə etməsindən deyil, ölkənin pisləşən iqtisadi durumuyla bağlı müxalifətin nə dərəcədə inandırıcı mövqe sərgiləməsindən asıldır”, – müəllif qeyd edir.

Asli Aydntasbas türk seçicisi üçün iqtisadiyyatın əsas məsələ olduğunu, Erdogan-ın indiyədək ölkənin yoxsul hissələrində daha yaxşı həyat səviyyəsi təmin etməklə bunun öhdəsindən gəldiyini vurğulayır. Ancaq indi o, dövlət institutları hesabına hakimiyyəti əlində cəmləməyə çalışdıqca ölkənin iqtisadiyatına və demokratiyasına ziyan dəyir. Artıq ölkəyə xarici investisiya gəlmir, ölkədən kapital axır. Müəllifin fikrincə, elə Fenerbahce üzvləri də keçmiş sədr Aziz Yildirim diktaturasına ona görə dözürdülər ki, oyunları qazanırdılar. Son illər isə futbol komandasının göstərciləri pisləşmişdi, maliyyə durumu da yaxşı deyildi.

Türklər futboldan qələbə, ölkəni idarə edənlərdən rifah və demokratiya tələb edirlər. Erdogan ölkəni idarə etmək istəyirsə, bunun öhdəsindən gəlməli, Türkiyənin ‘normallaşması’na icazə verməlidir. Alınmırsa, tez, ya gec yenisi gəlməlidir. Heç kəs Türkiyəni çıxdaş edə bilməz. Türkiyəli seçicilərin əzildiyini, yaxud Erdogan-a səs vermək çün hipnoz olunduqlarını demək yanlış olardı. İndiyədək iqtisadi baxımdan özünü yaxşı göstərib, amma daha bacarmır. İndi əsas sual kimin bacaracağını tapmaqdır”, – məqalədə deyilir.

Asli Aydintasbas Xarici Əlaqələr üzrə Avropa Şurasının aparıcı əməkdaşı və Türkiənin Cumhuriyet qəzetinin köşə yazarıdır.

XS
SM
MD
LG