Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:46

Rəsulzadəyə, Elçibəyə və... heykəl qoyulması təklif edilir-Media icmalı


V.Əhmədov
V.Əhmədov

TANAP-ın əhəmiyyəti, kərə yağının qiymətinin bahalaşmasının səbəbi, Azərbaycan Cümhuriyyətinin qurucularına münasibət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Deputatın təklifi

«Yeni Müsavat» qəzetində «Vahid Əhmədovdan hakimiyyətə Rəsulzadə, Elçibəy və Nuru Paşa müraciəti» sərlövhəli yazı oxumaq olar.

Yazıda Milli Məclisin deputatı Vahid Əhmədovun Azərbaycan dövlətinin qurulmasında xidməti olan şəxslərin adlarının əbədiləşdirilməsi haqqında təklifləri yer alır:

«Azərbaycan müstəqil dövlətdir. Niyə Məhəmməd Əmin Rəsulzadənin heykəli qoyulmasın?», - deyə deputat sual edib.

O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti çox ağır dönəmdə 23 ay fəaliyyət göstərib:

«İndi niyə də Məhəmməd Əmin Rəsulzadənin, yaxud milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin heykəli olmasın? Bunlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış insanlardır. Ümumiyyətlə, hər kəs çəkdiyi əziyyətlərə görə haqqını almalıdır».

V.Əhmədov deputat həmkarları Qüdrət Həsənquliyev və Fazil Mustafanın səsləndirdiyi təkliflərə də baxılmasını zəruri sayıb. Hər iki deputat 1918-ci ildə Bakını daşnak və bolşeviklərdən azad edən Qafqaz İslam Ordusunun rəhbəri Nuru Paşaya abidə qoyulmasından ötrü müraciətlər ediblər:

«Nuru Paşa Azərbaycanın azad olunmasında çox böyük əziyyətlər çəkib. İllərdir ki, tarixçilər bu barədə yazırlar, pozurlar, müəyyən mübahisələr də gedir. Amma fakt faktlığında qalır. Necə ki, 90-cı illərdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanlar olub, onları yaddan çıxarda bilmərik, o insanlar da qiymətini almalıdır...».

Yağ
Yağ

Kərə yağının bahalaşma səbəbi nədir?

«Marja» saytında «Kərə yağının bahalaşması gömrük ilə əlaqəli deyil» sərlövhəli yazı yer alır.

Yazıda Azərbaycanda kərə yağının bahalaşması ilə bağlı Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynovun fikirlərinə yer verilib.

«Kərə yağının qiymətində artım gömrük rüsumları ilə bağlı deyil. Biz kərə yağının rüsumunu 15 faizdən 10 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb», - deyə şöbə rəisi vurğulayıb.

Müəllif vurğulayıb ki, 2019-cu il dekabrın 31-dən sonra kərə yağına və digər süddən hazırlanmış yağlara yenə 15 faiz idxal gömrük rüsumu tətbiq edilməlidir.

Yazıda bildirilir ki, dünyada süd məhsullarının qiyməti qalxır. BMT Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, Süd Məhsullarının Qiymət İndeksi aprel ayı ilə müqayisədə may ayında 5.5 faiz, 2017-ci il ilə müqayisədə isə 11.5 faiz artıb.

TANAP-ın açılışı. 12 iyun 2018
TANAP-ın açılışı. 12 iyun 2018

TANAP-ın əhəmiyyəti

«Azərbaycan» qəzetində «Azərbaycandan Avropaya növbəti töhfə» sərlövhəli yazıda Trans-Anadolu Qaz Kəmərindən (TANAP) bəhs edilir.

Müəllif yazıb ki, Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin seqmentindən biri və bu mürəkkəb infrastrukturun ən uzun hissəsi olan TANAP iyunun 12-də istifadəyə verilib:

«Təməli 3 il əvvəl, 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulan layihə üzrə bütün işlər həm Azərbaycanın, həm də Türkiyənin siyasi iradəsi ilə vaxtında yerinə yetirildi. Bu mərhələdə Azərbaycan Türkiyəyə daha böyük həcmdə qaz ixrac edəcək».

Yazıda daha sonra layihənin əhəmiyyəti belə çatdırılır:

«Ən əsası bu kəmər Xəzərdən hasil olunan qazı birbaşa Avropaya çatdıra biləcək yeganə vasitədir və bu mənada TANAP Avropa İttifaqının xüsusi diqqət yetirdiyi boru xəttidir».

Bu layihənin tam başa çatmasından ötrü TANAP daha sonra Trans-Adriatik Qaz Kəmərinə (TAP) birləşdirilməlidir.

Yazının sonunda da oxuyuruq: «Reallıq ondan ibarətdir ki, həm Cənub Qaz Dəhlizinin, həm də onun başa çatan seqmentlərinin həyata vəsiqə almasının təşəbbüskarı prezident İlham Əliyevdir. Məhz İlham Əliyevin iradəsi, qətiyyəti, bu mürəkkəb layihənin ərsəyə gəlməsini diqqətdə saxlaması, prosesləri koordinasiya etməsi nəticə etibarilə Azərbaycandan Avropaya uzanan yeni qaz kəmərinin reallığa çevrilməsini şərtləndirdi».

Cənub Qaz Dəhlizi layihəsi 2020-ci ildə tam işə düşməlidir.

XS
SM
MD
LG