Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:30

Makedoniya prezidenti ad razılaşmasını imzalamayacağını deyir


Gjorge Ivanov
Gjorge Ivanov

Makedoniya prezidenti Gjorge Ivanov deyib ki, o Yunanıstanla öz ölkəsinin adının dəyişdirilməsinə dair iki baş nazir arasında əldə olunmuş razılaşmanı imzalamayacaq.

O iyunun 13-də keçirilmiş mətbuat konfransında deyib ki, belə bir addım ölkə konstitusiyasına zidd olardı:

"Bu mənim son qərarımdır və mən heç bir təzyiqə, şantaj və hədələrə baş əyməyəcəyəm. Mən belə ziyanlı sazişi imzalamayacağam”.

Sözü gedən sazişin bu həftəsonu iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanacağı gözlənilir.

Bundan sonra bu saziş parlament tərəfindən ratifikasiya olunmalı və yalnız onda Makedoniya prezidentinə təqdim edilməlidir.

Əgər o sazişi imzalamasa, bu zaman sənəd ikinci səsvermə üçün parlamentə göndəriləcək. Parlament sənədi bu dəfə də qəbul etsə prezident onu imzalamağa borcludur.

Bundan başqa ölkənin adının dəyişdirilməsi məsələsi gələn payızda ümumxalq səsverməsi – referenduma qoyulacaq.

Razılaşmaya görə Makedoniyanın yeni adı – Şimali Makedoniya və ya makedoniya dilində Severna Makedoniya olmalıdır.

***

Bundan əvvəl, iyunun 12-də Makedoniyanın Yunanıstanla ad məsələsini yoluna qoymasını Qərb liderləri alqışlayıb. Amma hər iki ölkə başçısının qarşısında bu razılaşmanı parlamentlərindən keçirmək kimi çətin vəzifə dayanır.

Razılaşmaya qarşı çıxanlar bir neçə gün idi ki, hər iki ölkədə etiraz yürüşləri keçirirdilər. Onlar iyunun 12-də etirazlarını bir daha səsləndirib, sənədin ratifikasiyasına qarşı çıxacaqlarını bildiriblər.

“AĞIR GÜN”

Bu gün Makedoniya Respublikası üçün ağır gündür”, – Makedoniyanın müxalifətdə olan VMRO-DPMNE partiyasının prezidenti Hristijan Mickoski deyib. O, ölkəsinin Şimali Makedoniya Respublikası, yaxud Severna Makedonija adlandırılmasını nəzərdə tutan razılaşmanı “saxta qələbə” hesab edir.

Hristijan Mickoski
Hristijan Mickoski

Mickoski-nin iddiasına görə, baş nazir Zoran Zaev bu razılaşma ilə Yunanıstana “təslim olub”. Ötənilki seçkilərdə VMRO-nu Zaev-in Sosial Demokrat partiyası məğlub edib.

Makedoniya prezidenti Gjorge Ivanov da razılaşmadan narahatlığını dilə gətirib. Onun fikrincə, bu sənəd makedoniyalıların ölkə içində öz ölkələrini necə çağırmasına təsir göstərməməli, yaxud konstitusiyaya dəyişiklik olunmamalıdır.

“Makedoniya xalqının və vətəndaşlarının şərəfinə toxunmayacaq həllin tapılmasından ötrü daha geniş milli konsensusa ehtiyac var”, – Ivanov iyunun 12-də deyib.

Yunanıstanda da müxalifət narazıdır. Burada çoxları düşünür ki, şimal qonşularına “Makedoniya” adından istifadəyə icazə verilməməlidir. Yunanıstanın şimal vilayətinin adı da Makedoniyadır.

Bu, yunanların çoxunun qarşı olduğu pis bir razılaşmadır”, – Yunanıstanın əsas müxalifət partiyasının lideri Kyriakos Mitsotakis deyib. O, baş nazir Alexis Tsipras-ı razılaşmanı irəli aparmamağa çağırıb.

Vaşinqton, BMT, Avropa Birliyi isə sazişi alqışlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, bu həll “hər iki ölkəyə fayda verəcək, regional təhlükəsizlik və firavanlığı gücləndirəcək”.

BMT-nin baş katibi Antonio Guterres razılaşmanı “rəhbərlik nümayişi” adlandırıb, “hər iki ölkənin vətəndaşlarını birlikdə prosesi irəli aparmağa” səsləyib.

Avropa Şurasının prezidenti Donald Tusk tvitində Tsipras və Zaev-ə “səmimi təbriklər”ini çatdırıb. "Sayənizdə mümkünsüz olan mümkünə çevrilir", – o deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG