Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:03

ABŞ Cənubi Koreyada hərbi oyunları dayandırır


Donald Trump (sağda) və Kim Jong Un sənəd imzalama mərasimindən sonra
Donald Trump (sağda) və Kim Jong Un sənəd imzalama mərasimindən sonra

Donald Trump sammitin yekunlarına dair mətbuat konfransında deyib ki, Birləşmiş Ştatlar Cənubi Koreya ərazisində hərbi təlimləri dayandırır. O, söhbətin heç də bu ölkədəki amerikalı hərbçilərin sayının azaldılmasından getmədiyini deyib. Prezidentin bunun gələcəkdə baş verə biləcəyinə ümidvar olduğunu dilə gətirib.

Hesab edirəm ki, görüş həm ABŞ, həm də Şimali Koreya üçün faydalı oldu”, – deyən Trump Pxenyanın qarşılıqlı razılaşmalara sadiqliyini göstərməkdən ötrü bir neçə vacib addım atdığını sözlərinə əlavə edib: yarım ildən çoxdur Şimali Koreya heç bir sınaq keçirməyib, nüvə sınağı meydançasını bağlayıb, bir neçə amerikalı məhbusu azad edib.

ABŞ prezidentinin sözlərinə görə, tam nüvə tərksilahı sürətli proses deyil. “Bu, doğrudan da çox vaxt alacaq, ancaq nüvəsizləşdirmə prosesi başladısa, deməli, alındı. Proses müəyyən nöqtəyə, 20 faizə çatarsa, deməli, geriyə yol qalmayacaq”, – o söyləyib.

Donald Trump sualları cavablandırır
Donald Trump sualları cavablandırır

Trump deyir ki, Şimali Koreyaya sanksiyalar o vaxtadək qüvvədə qalacaq ki, Vaşinqton Pxenyanın nüvə arsenalını “bərpaolunmayacaq” dərəcədə ləğv etmək niyyətini təsdiqlətsin.

O, şəxsən özü Pxenyana sanksiyaların ləğvinə ümidvar olduğunu deyib. “Sanksiyalar vacib rol oynayır, amma ümid edirəm, onları tezliklə qaldıracağıq. Onları ləğv edə biləcəyimiz anı çox gözləyirəm”, – ABŞ prezidenti vurğulayıb.

***

İmzalanmış sənəddə Trump Pxenyana “təhlükəsizlik təminatları” verir, Kim isə “Koreya yarımadasının tam nüvəsizləşdirilməsi” öhdəliyi götürür.

Sənədə görə, Trump və Kim Koreya yarımadasında “davamlı və sabit sülh rejimi qurmaq”, 1950-53-cü illər Koreya müharibəsi dövrünün hərbi əsirlərinin qalıqlarını repatriasiya etmək vədi veriblər. Ancaq sənəddə Birləşmiş Ştatlarla Şimali Koreya arasında texniki müharibə durumunu bitirməyə yönəlik hər hansı addımdan söz açılmır.

***

ABŞ prezidenti Donald Trump deyir ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi “çox tezliklə başlayacaq”.

İyunun 12-də Trump-la Kim Jong Un-la detalları açıqlanmayan sənəd də imzalayıblar.

Donald Trump Kim Jong Un-a öz maşınını göstərir
Donald Trump Kim Jong Un-a öz maşınını göstərir

Trump həmin sənədi “çox vacib” və “hərtərəfli” adlandırıb, amma ayrıntılara varmayıb. Onun sözlərinə görə, “hər iki tərəf nəticədən razı qalacaq”. Sənəd az sonra jurnalistlərə açıqlanmalıdır.

Trump mətbuat konfransı keçirəcəyini desə da, Kim-in artıq adanı tərk etdiyi bildirilir.

Ötən il tərəflər arasında gərginlik artıb. Pxenyan dalbadal ballistik raket sınağı keçirəndən sonra Kim-lə Trump qarşılıqlı sərt ifadələr səsləndirmişdilər.

Sammitdən sonra Trump-dan soruşublar ki, Şimali Koreya liderini Ağ evə dəvət edərmi. “Əlbəttə, edərəm”, – Trump deyib.

***

ABŞ prezidenti Donald Trump deyir ki, Koreya yarımadasının nüvə silahlarından xilas edilməsi üzrə danışıqlar “böyük uğur” qazanacaq. O, iyunun 12-də Şimali Koreya lideri Kim Jong Un-la Sinqapurda 45 dəqiqəlik görüş keçirib.

Jurnalistlərin ondan soruşublar ki, belə bir tarixi görüşdən sonra özünü necə hiss edir. "Əla hiss edirəm. Böyük müzakirə olacaq və məncə, böyük uğur qazanılacaq“, – o deyib.

“Məncə, doğrudan uğurlu olacaq və məncə, əla münasibət quracağıq. Buna şübhəm yoxdur”, – deyən Trump görüşün “çox, çox yaxşı” keçdiyini deyib.

Sənubi Koreya televiziyası sammitə hazırlıq xəbərlərini işıqlandırır
Sənubi Koreya televiziyası sammitə hazırlıq xəbərlərini işıqlandırır

Görüşdən bir neçə saat öncə isə Trump Twitter-də ehtiyatlı bir post paylaşmışdı:

Heyətlər və təmsilçilər arasında görüşlər çox yaxşı və sürətli gedir. Ancaq sonucda bunun fərqi yoxdur. Tezliklə əsl sövdələşmənin baş tutub-tutmayacağını biləcəyik”.

“BURAYA GƏLİB ÇIXMAQ ASAN OLMADI”

İki lider əl sıxaraq görüşə başlayıblar. “Birlikdə işləməklə bunun qeydinə qalacağıq… Bunu həll edəcəyik”, – Trump deyib.

Kim isə cavabında söyləyib: “Buraya gəlib çıxmaq asan olmadı. Keçmişdı köhnə təcrübələr və önyarqılar əleyhimizə işlədi və yolumuza çox əngəllər qoydu, ancaq hamısının öhdəsindən gəldik və bu gün burdayıq”.

Liderlər hazırda daha bir ikitərəfli görüşdədir və heyətlər də bu toplantıya qatılıb. Bu görüşün iki saat davam edəcəyi, daha sonra Sinqapurun Sentosa adasında işçi nahar veriləcəyi gözlənir.

Sammitin keçirildiyi ərazidə polis əməkdaşları
Sammitin keçirildiyi ərazidə polis əməkdaşları

ABŞ prezidenti və Şimali Koreya liderinin ilk sammiti öncəsi xeyli yüksək olan gözləntilər son bir neçə gündə nisbətən azalıb. Belə ki, hər iki lider ertəsi gün – iyunun 13-də ölkəsinə qayıdacağını açıqlayıb. Yəni onillərdir durğunluq yaşanan nüvə tərksilahı danışıqlarında hər hansı kəskin irəliləyiş üçün yalnız bircə gün qalır.

Trump-Kim görüşündən sonra iyunun 13-də liderlərin ölkələrinə qayıtmaq planlarının dəyişikb-dəyişmədiyi açıqlanmayıb.

ABŞ dövlət katibi Mike Pompeo iyunun 11-də deyib ki, Trump administrasiyası bu görüşdən dönüş gözləmir, daha geniş danışıqlara yol açacağına ümid edir.

Ümid edirik, bu sammit gələcəkdə uğurlu danışıqlar üçün şərtlər qoyacaq”, – Pompeo deyib.

Bir neçə saatlıq danışıqlardan sonra Trump deyib ki, Kim-lə bir razılaşma imzalayacaq.

“Həqiqətən də müsbət xeyli irəliləyiş var. Məncə, çoxunun gözlədiyindən də yaxşı oldu. Çox yaxşıdır. İndi imzalamağa gedirik”, – deyən Trump detalları açıqlamayıb.

***

Trump və Kim sənədlər imzalayıb və Bakı vaxtıyla 12-nin yarısına mətbuat konfransı keçiriləcəyini elan ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG