Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 12:45

'Kredit faizləri yüksək olsa da, banklar ziyandadır'-Media icmalı


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Ölkənin bölgələrinə yatırılan investisiyalar, kredit faizləri, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsindəki vəziyyət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Əhalin banklara etimadı aşağıdır»

«Novoye Vremya» qəzetində «Kreditlərin bahalaşması davam edir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, kreditlərin faizi yüksəkdir. Amma buna baxmayaraq, bank sektoru ziyan içindədir.

Yazıda habelə iddia edilir ki, Avropanın Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətləri Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətindən bir elə də razı deyillər. Müəllifin qeyd etməsinə görə, onlar Nazirlər Kabinetinə bank sektorunun kövrəkliyinə diqqət yetirməklə bağlı müraciət ediblər.

Yazıda vurğulanır ki, Palatanın səmərəli fəaliyyətindən ölkənin bank sisteminin taleyi çox asılıdır. Müəllifin gəldiyi nəticəyə görə, qurum bir sıra vəzifələrin öhdəsindən gəlməyib: «Ən aşağısı, vaxtı keçmiş problemli kreditlər məsələsinin həll olunmamasında qurumun fəaliyyətsizliyi göz önündədir. Bu qurum diqqət yetirməyib ki, kreditlər getdikcə bahalaşmaqda davam edir».

Müəllif hesab edir ki, yüksək kredit faizlərinə baxmayaraq, bankların zərərə düşməsinin səbəbləri ilə bağlı suallara cavab verilməlidir. Yazıda bu, ölkədə biznes-mühitin pisləşməsi kimi dəyərləndirilir. Müəllif hesab edir ki, bank sisteminin durumu sahibkarlığın və biznesin inkişafına birbaşa təsir göstərir.

Yazıda qeyd edilir ki, Azərbaycanda kredit bumu dövrü çoxdan qurtarıb, əhalinin banklara etimadı olduqca aşağıdır.

Bina
Bina

«Hərənin öz qiyməti...»

Marja.az saytında ««Əmlaka sahibinə sərf edən qiyməti qoyurlar» – qiymətləndirmədə neqativ hallar» sərlövhəli yazı yer alır.

Yazıda ölkədə daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində vəziyyətə dair Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbəri Nüsrət İbrahimovun düşüncələrinə yer verilir.

N.İbrahimov deyib ki, bu sahədə əsas problemlərdən biri qanunun təkmil olmamasıdır. O xatırladıb ki, «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanun 1998-ci ildə qəbul edilib: «Burada ancaq ümumi müddəalar əksini tapıb, həmin vaxtdan 20 il keçir, qanunun təkmilləşməsinə ciddi ehtiyac var. AQC 2013-cü ildə yeni qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib, bu sənəd parlamentin komissiyalarında baxılsa da, qəbul edilməyib. Yəni, problemlərin bir səbəbi qanunvericiliyin zəif olması, rəsmi sənədlərin mükəmməl olmamasıdır».

AQC sədri vurğulayıb ki, qanunun kamil olmamasından müxtəlif qurumlar yararlanır. Onun fikrincə, banklar, məhkəmələr istədikləri formada qiymətləndirmə aparırlar: «Tutaq ki, bir obyektə sahibi 200 min manat qiymət qoyub. Həmin şəxs də həmin qiyməti yazıb sənədi verir. Ancaq bunu necə əsaslandırır, nəyə əsasən belə qiymət qoyur, hansı peşə hazırlığını keçib, bunun məsuliyyət dərəcəsi nədir? Bu suallar açıq qalır. Əsas problemlər bunlardır».

N.İbrahimov deyib ki, indi bu xidmətlərə tələbat var, amma Azərbaycan bazarı həcminə görə çox kiçikdir: «Bizdə bazar kiçikdir və üzvlər 100 manat ödəyəndə onunla yalnız beynəlxalq təşkilatlara olan üzvlük haqlarını ödəmək olur. Biz Avropa Qiymətləndirmə Standartları Şurasının üzvüyük, ora illik üzvlük haqqı kimi 4250 manat pul ödəməliyik. Amma cəmi 2900 manat üzvlük haqqı yığa bilmişik».

N.İbrahimov hesab edir ki, mövcud tendensiyanı dəyişdirməkdən ötrü bazarla sıx əlaqə qurulmalı, beynəlxalq bazar qiymətləndirmələri tətbiq olunmalı, ən əsası isə, qanunvericilik bazası təkmilləşdirilməlidir.

Ağstafa tikiş fabriki
Ağstafa tikiş fabriki

«Bölgələrə qoyulan sərmayələr»

«Azərbaycan» qəzetində «İnvestorlar bölgələrə üz tutur» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, ölkədə köklü islahatların nəticəsi kimi sahibkarlıq fəaliyyətindən ötrü sağlam mühit yaranıb və sosial-iqtisadi sabitlik yerli və xarici investorlara istədikləri sahəyə investisiya qoymaq imkanı verir:

«Bu baxımdan, ən çox sərmayə cəlb edilən rayonlar sırasında Ağstafanın da adını çəkmək olar. Təkcə ötən il rayona 34.8 milyon manat özəl sərmayə qoyulub. Onun 25 milyon manatı xarici investisiyadır. Sahibkarlığın dəstəklənməsi və inkişafı ilə bağlı rayonda 7000-dən çox yeni iş yeri açılıb. Son 7 ildə rayonda ümumi məhsul istehsalının həcmi 2.9, sənaye məhsulları istehsalı 2.2, kənd təsərrüfatı məhsulları istehsalı 2, tikinti-quraşdırma işlərinin həcmi 8.6, əsas kapitala yönəldilən investisiyalar 9.2, orta aylıq əməkhaqqı 1.4 dəfə artıb».

Müəllif hesab edir ki, rayonda icra olunan sosial infrastruktur layihələri çərçivəsində Ağstafa Aqrar Sənaye Kompleksinin əhəmiyyəti böyükdür. Müəllifin bildirməsinə görə, kompleksdə dənli, paxla bitkiləri toxumlarının istehsalı zavodunun, taxıl çeşidləmə-qurutma, saxlama anbarının, dəyirman kompleksinin, çörək və makaron zavodlarının tikintisi başa çatmaq üzrədir.

Yazının sonunda da oxuyuruq: «Ümumiyyətlə, son illər Ağstafa rayonunda yerli və xarici investorların qoyduqları sərmayələr sayəsində çox sayda müəssisələr yaradılıb. İstər yerli, istərsə də xarici iş adamları bu rayona böyük maraq göstərirlər. Bu da, öz növbəsində, Ağstafanın sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, rayon sakinlərinin məşğulluğunun təmin edilməsinə, əhalinin rifah halının yüksəlməsinə zəmin yaradır».

Günün bütün mövzuları

XS
SM
MD
LG