Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:08

'Pomidor tarlaları qızıl mədənlərindən çox valyuta gətirir'-Media icmalı


Supermarket
Supermarket

Şəkidə ipəkçiliyin vəziyyəti, inflyasiyanın əhalinin gəlirini üstələməsi, ölkənin ixrac göstəriciləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«İnflyasiya qazancı üstələyir»

«Novoye Vremya» qəzetində «İstehlakçı tələbinin əqrəbi hansı yana dönəcək» sərlövhəli yazı oxumaq olar.

Yazıda ekspertlərə istinadən bildirir ki, neftin qiymətinin artması istehlak inflyasiyasını da artırır. Amma ekspertlərin fikrincə, bu, ilk növbədə neft idxalçısı olan ölkələrə aiddir. Bu məsələ Azərbaycandan yan da keçə bilər.

Bununla belə, yazıda vurğulanır ki, Azərbaycan milyard manatla qiymətləndirilən müxtəlif məhsullar, eləcə də ərzaq idxal edir.

Müəllifin fikrincə, Azərbaycanın bu inflyasiyadan kənarda qalacağı inandırıcı görünmür: «İnflyasiya ilə bağlı durum hələlik Azərbaycanda ciddi təhlükələr doğurmur. Məhsul və xidmətlər 3.5 faiz bahalaşıb. Aprel ayında isə ayrılıqda inflyasiyanın 0.2 faiz azaldığı deyilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında ərzaq malları 3.7, qeyri-ərzaq malları 4.1, xidmətlər isə 2.8 faiz bahalaşıb».

Yazıda bildirilir ki, əhalinin gəlirlərində də artım var. Amma müəllifin hesablamalarına görə, inflyasiya gəlirləri üstələyir.

Yazıda vurğulanır ki, son dönəmlər istehlak kreditlərinin verilməsində azalma müşahidə edilir. Müəllif hesab edir ki, bu proses istehlak mallarının alınmasına da təsirsiz ötüşməyəcək.

Yazıda manatın taleyinə də toxunulur. Müəllif yazıb ki, bu, daha çox neftin qiymətindən asılıdır.

Pomidor
Pomidor

«Pomidor və qızıl»

Marja saytında «Pomidor qızıldan da çox valyuta gətirib» sərlövhəli yazı yer alır.

Yazıda xəbər verilir ki, 2018-ci ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda pomidor ilk yerlərdən birini tutub.

Müəllif İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin «İxrac İcmalı»nın 2018-ci ilin may sayına istinadən vurğulayır ki, aprel ayında 18.5 milyon ABŞ dolları dəyərində pomidor ixrac olunub.

«2018-ci ilin yanvar-aprel ayları ərzində isə Azərbaycandan 42.5 milyon dollar dəyərində pomidor ixrac olunub. Qeyd edək ki, 2017-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 33.8 milyon ABŞ dolları həcmində pomidor ixrac olunmuşdu», - yazıda vurğulanır.

Müəllif bildirir ki, bu, 26 faiz artım deməkdir: «İlk 4 ay üzrə, pomidor elektrik enerjisindən sonra ən çox ixrac olunmuş qeyri-neft sektoru məhsuludur. Yanvar-aprel aylarında 47.3 milyon dollarlıq elektrik enerjisi, 34.3 milyon dollarlıq qızıl ixrac olunub».

Şəki İpək Kombinatı. Foto arxiv
Şəki İpək Kombinatı. Foto arxiv

Şəkidə ipəkçilik: dünən və bu gün

«Azərbaycan» qəzetində dərc edilən «Hədəf 500 tondur» sərlövhəli yazıda Şəkidə ipəkçiliyin inkişaf imkanları dəyərləndirilib.

Müəllif ipəkçiliyi Şəkinin tarixən əsas məşğulluq sahələrindən biri adlandırır. Yazıda bildirilir ki, XX əsrin 80-ci illərində rayonda bar verən toxmacar bağları 1300 hektar təşkil edib. 400 tondan çox barama istehsal edilib: «Həmin dövrdə Şəki İpək Kombinatında 7 min işçi çalışırdı. Rayonun kəndlərində 10 min kümçü barama yetişdirməklə məşğul olurdu».

Müəllif yazıb ki, bir tərəfdən SSRİ-nin süqutu, digər tərəfdən torpaq üzərində mülkiyyət formasının dəyişməsi ipəkçiliyin də inkişafına mənfi təsir göstərib: «Sonradan ölkədə aparılan islahatlarla əlaqədar həmin bağlar pay torpaqları kimi əhaliyə paylandı. Əhali tut ağaclarını kəsərək torpaqlardan digər məqsədlər üçün istifadə etməyə başladı. İran, Türkiyə və Özbəkistandan barama alınıb gətirilməsi də bu sahəyə marağı azaltdı».

Müəllifin fikrincə, baramaçılığın yenidən inkişafından ötrü bu sahəyə güzəştli vəsaitin ayrılması və baramanın alış qiymətinin artırılması çox vacib idi.

Yazıda xatırlanır ki, «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev regionların özünü maliyyələşdirməsi məsələsini gündəmə gətirib. Müəllifin fikrincə, həmin konfransda qarşıya qoyulan vəzifələr respublikada barama istehsalının inkişafında dönüş nöqtəsi olub, ölkəyə İran və Çindən barama alınaraq gətirilib.

Yazıda vurğulanır ki, hazırda 500 ton barama istehsalına nail olmaq əsas hədəfdir...

XS
SM
MD
LG