Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:34

'Bir çox insanlar pensiya yaşına çatacaqlarına inanmırlar'-Media icmalı


Pensiya yaşı 65-ə qaldırılsınmı?
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

Pensiya yaşı 65-ə qaldırılsınmı?

Cənubi Qaz Dəhlizi ilə ilk qazın vurulması, pensiya yaşının artırılmasından narazılıq, maliyyə monitorinq xidmətinin fəaliyyəti və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Pensiya yaşı və orta ömür...

«Novoye Vremya» qəzetində «Pensiyaya qədər necə yaşayaq?» sualı gündəmə daşınır.

Yazıda xatırladılır ki, bir il öncədən etibarən Azərbaycanda pensiya yaşı artırılıb. Söhbət qadın və kişilərdə pensiya yaşının mərhələli şəkildə 65 yaşa çatdırılmasından gedir. Kişilərdə bu proses 2021, qadınlarda isə 2027-ci ilə kimi başa çatmalıdır. Əvvəlcə kişilərdə pensiya yaşı 63, qadınlarda isə 60 idi.

Müəllif yazır ki, indi insanlar bu dəyişiklikdən narazıdırlar: «Burada ən ağrılısı budur ki, çoxları pensiya yaşına qədər yaşaya bilib-bilməyəcəklərini düşünürlər».

Yazıda qeyd edilib ki, bu günlər isə Milli Məclisin Əmək və sosial siyasət komitəsində «Məşğulluq haqqında» yeni qanun layihəsinin müzakirəsi olub.

Müəllifin bildirməsinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib ki, dünya əhalisinin 60, Avropa İttifaqı əhalisinin isə 18-20 faizi qeyri-rəsmi məşğul insanlardır. Bunu tamamilə aradan qaldırmaq mümkün deyil.

Müəllif isə hesab edir ki, qanun layihəsi rəsmi işə və ya gəlirə malik olmağa şərait yaratmalıdır: ««Boz məşğulluq» ölkə büdcəsinə və eləcə də işçilərin sosial durumuna fəlakətli dərəcədə pis təsir edir. «Kölgə məşğulluğu» istənilən ranqlı məmur üçün yem yerinə dönüb. Çünki burada ucuz əməkdən istifadə edilir və bu mənada tikinti sektoru bunun şahididir».

Yazıda bildirilir ki, ölkədə rəsmi olaraq orta yaşın 75 il olduğu deyilir. Amma bir çox ekspertlər bunun əleyhinə çıxaraq orta yaşın 65-70 yaş arasında olduğunu düşünürlər.

Müəllif vurğulayıb ki, məhz bu səbəbdən də bir çox insanlar pensiya yaşına çatacaqlarına inanmırlar.

Pul
Pul

«Çirkli pulların yuyulması odur ki...»

«Yeni Müsavat» qəzetində «Ekspert «Maliyyə Monitorinq Xidməti «bomba»nı tapmalıdır» dedi» sərlövhəli yazı oxumaq olar.

Yazıda Maliyyə Monitorinqi Xidmətinin (MMX) yaradılmasından bəhs edilir. Müəllif onun müstəqil qurum kimi yaradılmasını, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) faktiki olaraq bu sahə ilə bağlı funksiyalarını itirməsini ekspert Əkrəm Həsənovla təhlil edib.

Yazıda xatırladılır ki, bu xidmət öncə Mərkəzi Bankın nəzdində olub, daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə keçib.

Ekspert Ə.Həsənov isə «Yeni Müsavat»a MMX-nin illərdir ki, işinin öhdəsindən gəlmədiyini deyib: «Bu xidmət Azərbaycanda artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir, amma ölkədə bir nəfər də olsun çirkli pulların yuyulmasına görə məsuliyyətə cəlb edilibmi? Xeyr. Halbuki, dünyanın ən inkişaf etmiş ölkələrində belə, çirkli pulların yuyulmasına görə hər il neçə nəfər məsuliyyətə cəlb olunur».

Ə.Həsənov vurğulayıb ki, bütün aparıcı ölkələrdə MMX müstəqil qurumdur və bu xidmət heç bir qurumun nəzdində olmalı deyil: «Bu baxımdan hesab edirəm ki, MMX-nin müstəqil qurum olması daha çox beynəlxalq qurumların tələbi idi. Çünki bilirik ki, Azərbaycan çirkli pulların yuyulması ilə bağlı bir sıra beynəlxalq sazişlərin və müqavilələrin iştirakçısıdır. Onların da əsas tələblərindən biri budur ki, MMX müstəqil olmalıdır».

Ekspert daha sonra görülməli işlərdən bəhs edib: «Çirkli pulların yuyulması odur ki, hər il ölkədən xeyli məbləğdə pul çıxır. Rüşvətxorlar pulu qazanıb, müxtəlif adlarla xaricə köçürürlər. MMX buna qarşı mübarizə aparmalı idi ki, bu vaxta qədər aparmayıb. Ümid edirəm ki, müstəqil qurum olandan sonra bu işin öhdəsindən gələcək».

İ.Əliyev Cənub Qaz Dəhlizinin açılışında. 29 may 2018
İ.Əliyev Cənub Qaz Dəhlizinin açılışında. 29 may 2018

«Əfsanə yox, reallıq»

«Azərbaycan» qəzetində «İlham Əliyev daha bir əfsanəni reallığa çevirdi» sərlövhəli yazı dərc edilib. Yazıda bu günlər Cənub Qaz Dəhlizinə ilk qazın vurulması mərasiminin keçirilməsi dəyərləndirilir.

Müəllif vurğulayır ki, 2011-ci il yanvarın 13-də Avropa Komissiyasının ovaxtkı sədri Xose Manuel Barrozu Bakda səfərdə idi və həmin səfərdə prioritetlərdən biri Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi idi.

Yazıda bildirilir ki, X.M.Barrozunun həmin səfərdə imzaladığı «Cənub Qaz Dəhlizi haqqında birgə bəyannamə» əməkdaşlıqda tamamilə yeni mərhələnin əsasını qoydu: «Bəlkə də bəzilərinə o zaman Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsi əfsanə və xəyal kimi görünə bilərdi. Necə ki, «Əsrin müqaviləsi» imzalananda çoxları onun gələcəyinə, sənəddə qarşıya qoyulan niyyətlərin gerçəkləşməsinə inana bilmirdilər. Amma Azərbaycan həmin müqavilədə qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlməyi bacardı və məqsədlərinə tam çatdı».

Yazıda bildirilir ki, Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də qoyulub. Layihənin icrası 2020-ci ilə kimi tam başa çatmalıdır. Yazının sonunda da oxuyuruq: ​«Cənub Qaz Dəhlizinin çəkilişinin başa çatmasından sonra Azərbaycanın inkişaf tarixində yeni mərhələ başlayır. Bu mərhələdə qazanılan hər bir uğur isə Azərbaycanın daha qüdrətlənməsinə, inkişafına və vətəndaşlarımızın rifahına xidmət edəcək».

XS
SM
MD
LG