Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:28

Sığorta yığımının artırılması yolları axtarılır-Media icmalı


Sığorta
Sığorta

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, cümhuriyyət qurucularına biganə münasibət, daşınmaz əmlak sığortası ilə bağlı yığımın artırılması ilə bağlı görülən işlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Daşınmaz əmlakın sığortası

Marja.az saytında «Mənzilinə icbari sığortanı almayanların məsuliyyətə cəlb edilməsi yolu axtarılır» sərlövhəli yazı oxumaq olar.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli sayta mövzunu belə şərh edib:

«Təəssüf ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanma aşağıdır. Bizim hesablamalara görə, təkcə bu növ üzrə təxminən 300 milyon manat sığorta haqları toplana bilər. Amma hazırda bu məbləğin 7-8 faizi toplanır».

Yazıda bildirildiyinə görə, bu sahədə bir sıra tədbirlər nəzərdə tutulur. Bunda məqsəd icbari sığorta üzrə yığımların artırılmasıdır.

M.Abbasbəyli vurğulayıb ki, Baş Dövlət Yol Polisinin bazası ilə İcbari Sığorta Bürosunun bazası əlaqələndirilir. Buna görə də avtomobillərlə bağlı icbari sığorta haqlarının toplanması maksimuma yaxındır.

«Biz çalışırıq ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazası İcbari Sığorta Bürosunun bazası ilə əlaqələndirilsin. İnteqrasiya olduqdan sonra yığımların 5-10 faiz artacağını gözləyirik», - assosiasiya rəhbəri bildirib.

M.Abbasbəyli deyib ki, daşınmaz əmlakın icbari sığortasında yüksək nəticələrə nail olmaq çətindir. Çünki, avtomobillərdə olduğu kimi, əmlak sahiblərinin cərimələnməsi mexanizmi yoxdur:

«Bununla bağlı müəyyən araşdırmalar aparırıq. Qanunvericilikdə nəzərdə tutulub ki, daşınmaz əmlakın icbari sığortasına yerli icra nümayəndəlikləri nəzarət etməlidirlər. Amma bunun işləmə mexanizmi yoxdur. Biz çalışırıq ki, bu istiqamətdə də təkliflərimizi hazırlayaq».

M.Abbasbəyli vurğulayıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istənilən əməliyyatdan ötrü müraciət edilən zaman daşınmaz əmlaka dair sığorta bağlanması təklif olunur.

M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

«M.Ə.Rəsulzadənin ev muzeyi yoxdur»

Azadliq.info saytında «Tarixi sərəncamdan anlayanlar» sərlövhəli yazı yer alır.

Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı bir sıra düşüncələr yer alır.

Müəllif yazıb ki, müstəqilliyi ikinci dəfə qazananda (1991-ci i) özlərini əsrin əvvəlindəki cümhuriyyətçi babalarının qurduqları respublika quruluşunun varisləri sayıblar. Yazıda vurğulanır ki, bu şanlı tarixin dərinliklərindən inci çıxaran tarixçi-araşdırmaçılar insanların həmin dövrə aid bilgilərini daha da artırıblar:

«Bu əsərləri oxuduqca, qurucu babalarımızı daha çox sevdik. Onların etdikləri fədakarlıqları anladıqca, şəxsi faciələrinə acıdıq. Onların cahanşümul ideyalarını dərk etdikcə, intellektlərinə həsəd apardıq. Amma bu tarixi heç də zəif bilməyən çoxsaylı rəsmilər, sifarişli tarix yazanlar çağdaş ideoloji ştamplara özlərini uyğunlaşdıraraq bu tarixin şanlı səhifə olmasına dair bir cümlə də yaza bilmədilər. Bu mövzunu qapatmağa çalışdılar. Bir müddət bu mövzular rəsmi səviyyədə, az qala, qadağan olunmuş mövzular idilər».

Müəllif yazıda 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsinə də toxunur. O hesab edir ki, cümhuriyyətin 100 ili təkcə bir sərəncamın mürəkkəbi qurumamış unudulmalı deyil.

Yazıda daha sonra Xalq Cümhuriyyətinin qurucularına biganə münasibətdən bəhs edilir. Müəllif vurğulayır ki, Xalq Cümhuriyyətinin qurucularından M.Ə.Rəsulzadənin ev muzeyi belə yoxdur:

«Bu ürək sızladan faktları daha da artırmaq olar. Amma faktların çoxluğu və ya azlığı acı reallıqların üstünü örtmür. Onlara olan laqeydlikləri bir daha aşkarlayır. Bu acı reallıqları dəyişməyin yeganə yolu hökumətin cümhuriyyətçi babalarımıza rəsmi münasibətini dəyişməkdən keçir...».

Azərbaycan bayrağı
Azərbaycan bayrağı

Cümhuriyyət dəyərləri- dövlət atributları

«Azərbaycan» qəzetində «Cümhuriyyətin dövlət rəmzləri» sərlövhəli yazı dərc edilib.

Yazıda 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlət atributlarından bəhs edir.

Müəllif yazıb ki, AXC elan edildiyi gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi diqqət yetirilib, ən mühüm rəmzlərdən biri kimi dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirilib.

Yazıda vurğulanır ki, dövlət bayrağı haqda qərarı cümhuriyyət hökuməti 1918-ci il iyunun 21-də hələ Gəncədə fəaliyyət göstərərkən qəbul edib. Müəllif qeyd edib ki, bu qırmızı rəngli dövlət bayrağının üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olub:

«Lakin AXC hökuməti noyabrın 9-da dövlət bayrağının təsvirini dəyişməyi qərara aldı. Yeni qərarla mavi, qırmızı, yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan milli bayraq qəbul edildi. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açılışı günü Azərbaycan bayrağı artıq parlament binası üzərində qaldırılmışdı».

Yazıda daha sonra cümhuriyyətin dövlət himni və pul vahidindən də bəhs edilir.

Sonra isə müəllif AXC-yə rəsmi münasibətə keçir. Bu yazıda isə AXC-yə yüksək dəyər verildiyi qeyd edilir. Müəllif xatırladıb ki, 2007-ci il mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin yaşadılması və onun gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyan bu abidənin açılışı olub. Yazıda bildirilir ki, həmin abidənin açılışında prezident İ.Əliyev də iştirak edib:

«Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşıladığı müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir...».

XS
SM
MD
LG