Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 10:15

Macron 'hörümçək adam'ı mükafatlandırıb


Emmanuel Macron (solda) Mamoudou Gassama-nı qəbul edir

Fransa prezidenti Emmanuel Macron dünən – mayın 28-də Malidən bir miqrantı qəhrəman kimi qəbul edib. Həmin miqrant ötən həftəsonu balkondan sallanan uşağı xilas etmişdi. Prezident gəncə Fransa vətəndaşlığı və yanğınsöndürən işi təklif edib. Bu haqda “The Associated Press” agentliyi yazır.

22 yaşlı Mamoudou Gassama-nı Yelisey Sarayında qəbul edən Macron ona “afərin” deyib, “cəsarət və sədaqətə” görə qızıl dövlət medalıyla mükafatlandırılıb.

“HÖRÜMÇƏK ADAM”

Ötən şənbə günü Gassama balkondan balkona sıçrayaq beşinci mərtəbəyə qalxıb, 4 yaşlı oğlan uşağını xilas edib. Bu vaxt aşağıda gözləyən kütlə həyəcandan qışqırırdı. Hadisənin baş vermə anı sosial mediada yayılıb, miqranta “hörümçək adam” adı qoyublar.

Mamoudou Gassama Yelisey sarayından çıxır
Mamoudou Gassama Yelisey sarayından çıxır

Gassama prezidentə deyib ki, İtaliyada qanuni qalma izni var, Liviyada bir ildən çox qalandan sonra 2014-cü ildə orada məskunlaşıb. O, Fransaya sentyabrda, on illərdir orada yaşayan böyük qardaşının yanına gedib.

Mavi cins və ağ köynək geyinmiş gənc miqrant prezidentə həmin gün baş verənləri nəql edib, dostlarıyla birlikdə qəfildən uşağın balkondan sallaşdığını görüblər.

“Qaçmağa başladım. Onu xilas etmək üçün küçəni keçdim. Dırmaşdıqca daha da cəsarətlənirdim”, – deyən Gassama Allahın ona kömək etdiyini vurğulayıb.

Uşağın atası bazar günü gecə saxlanıb, valideyn səhlənkarlığında şübhəli bilinir, sentyabrda məhkəməyə çıxarılacaq. O, uşağı evdə tək qoyaraq mağazaya gedib, sonradan başı Pokemon Go oynamağa qarışıb. Prokuror Francois Molins BFM-TV-yə deyib. Uşağın anasının harada olduğu bəlli deyil.

“Uşağı xilas etdiniz. Siz olmasaydız, kim bilir, başına nə gələcəkdi”, – deyən Macron Gassama-ya Fransa vətəndaşlığı təklif edib, elə “bu gün bütün sənədlərinizin qeydiyyata alınacağını” deyib, “çünki bu, istisna haldır”.

2 MİN 400 MİQRANT KÖÇÜRÜLƏCƏK

Macron Fransada immiqrasiya qanununu sərtləşdirmək layihəsini dəstəkləyir. Amma prezident deyib ki, Gassama-nı cəsarətinə görə mükafatlandırmaqla miqrantların Fransaya qanunsuz daxil olmasını əngəlləmək arasında ziddiyyət yoxdur.

Fransada miqrantlar, arxiv fotosu
Fransada miqrantlar, arxiv fotosu

Bu arada Fransa hakimiyyəti paytaxt Parisdəki qaçqın düşərgələrindən 2 min 400 miqrantı köçürməyə hazırlaşır. Düşərgələrin məcburi qapadılması Parisin meriylə ölkənin daxili işlər naziri arasında qızğın mübahisə yaradıb. Mer köçürülənlərin sığınacaqla təmin olunmasını istəyir.

Gassama Macron-a danışıb ki, Liviyada qaldığı zaman həbsə atılıb və döyülüb, ancaq bütün bunlar onu “həvəsdən salmayıb”.

Fransa prezidenti yanğınsöndürən işinin Gassama-nın bacarıqlarına uyğun olduğunu vurğulayıb. “Bir örnək oldunuz, sosial mediada sizi milyonlar gördü”, – prezident deyib.

Malinin daha bir sakini, Lassana Bathily 2015-ci ilin yanvarında Fransa vətəndaşlığı alıb. O, çalışdığı yəhudi ərzaq mağazasına terror hücumu zamanı adamları dondurucuda gizlətməklə xilas etmiş və polisə xəbər vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG